“Azərbaycan Rusiya və MDB ölkələrində sabitliyin olmasında maraqlıdır” – Vitse-spiker

img

18-03-2018 [18:13]


"Biz artıq bir neçə gündür ki, Moskvadayıq, bunadək isə MDB-nin Parlamentlərarası Assambleyasının müşahidə missiyası çərçivəsində Rusiyanın başqa şəhərlərində olduq. Azərbaycan nümayəndəsinə belə bir fəxri missiyaya rəhbərliyin etibar edilməsi ikiqat sevindiricidir, bu həm də ikiqat məsuliyyət deməkdir".

Bunu Azərbaycan Milli Məclisinin vitse-spikeri Ziyafət Əsgərov Moskvanın Arbat rayonunda 3 saylı seçki məntəqəsinin açılışında deyib.

O, MDB Parlamentlərarası Assambleyası missiyasının koordinatoru təyin olunduğuna görə minnətdarlığını ifadə edib.

Azərbaycan nümayəndəsi seçkilərin şəffaf, səsvermə prosesinin Konstitusiyaya və Rusiyanın seçki qanunvericiliyinə uyğun keçdiyini qeyd edib.

Z. Əsgərov bildirib ki, Rusiya xalqı bütün MDB dövlətlərinin əməkdaşlıq edəcəyi prezidenti seçir.

"Biz həm Rusiyada, həm Azərbaycanda, elcə də digər MDB ölkələrində sabitliyin olmasında maraqlıyıq. Çünki sabitlik olmasa, inkişaf da olmaz. İnkişaf varsa, sabitlikdə var, iqtisadiyyat işləyir. İqtisadiyyat işləyirsə, bu, insanlar üçün yaxşıdır. Allaha şükür, bu gün Rusiyada sabitlik var, stabillik şəraitində prezident seçkiləri keçirilir. Dünən Rusiyanın müxtəlif subyektlərində olan missiya üzrə həmkarlarımız öz hesabatlarında federasiyanın digər regionlarında da vəziyyətin sakit olduğunu, seçkilərin təşkil olunduğunu və Rusiya qanunvericiliyinə uyğun keçirildiyini xəbər veriblər. Rusiya xalqına layiqli prezident seçmək yolunda uğurlar arzu edirik", – deyə MM-in vitse-spikeri bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya seçkilərində təhlükəsizlik məsələlərinə böyük diqqət ayrılıb.

"Vətəndaşlar seçki məntəqəsinə daxil olarkən ciddi yoxlamadan keçirlər, seçki məntəqəsi və komissiya binaları etibarlı mühafizə altındadırlar ki, bu da təhlükəsizliyin yüksək olmasından xəbər verir", – deyə Z.Əskərov söyləyib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR