"Azərbaycan dilini doğru-dürsüt bilməyən bir adamın hökumətimin başında nə işi var axı?" - Partiya sədri

img

17-03-2018 [22:05]


Müasir Müsavat Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev parlamentin dünənki iclasında Nazirlər Kabinetinin hesabatını təqdim edən baş nazir Artur Rəsizadənin çıxışı barədə Moderator.az-a çox sərt açıqlama verib. 

Həmin açıqlamanı təqdim edirik:

"Bugünki hökumət millətə və dövlətə baş qaxıncıdır. Bunu dəfələrlə demişəm, hətta mənə dodaq büzənlər də sonradan açıq-gizli etiraf ediblər ki, dediklərimin hamısı həqiqətdir. Bəli, Azərbaycanda məmə deyəndən pəpə yeyənə kimdən soruşsan hamı tərəddüd etmədən deyəcək ki, Artur Rəsizadə yerində olmayan adamdır. Ola bilsin ki, digər hökumət üzvlərindən fərqli olaraq sərvət yığmaq ovçusu olmayıb, yaxud aza qane olub, heç zaman siyasi iddiası olmayıb, hakimiyyətdaxili intriqalara qoşulamyıb. Amma bu heç də o anlama gəlməməlidir ki, belə bir adama dövlətin o cür ali postunu həvalə edib bizi dünyada biabır edək. 

Onun vaxtilə rus qoşunlarının Azərbaycana dəvət edilməsində xidməti və ya hansısa formada əli olub. İkincisi, onun ermənilərlə qarışığı var. Bu günə qədər o bircə dəfə xalqın arasına çıxaraq dövlətin və hökumətin sosial-iqtisadi addımları və görəcəyi işlərlə bağlı nəsə deyibmi? O bu illər ərzində bircə dəfə kabinetdən çıxıb əyalətləri gəzibmi vəziyyətin nə yerdə olduğunu gözləri ilə görsün və məmurların dövlət başçısına verdiyi informasiyaların əksəriyyətinin yalan, uydurma olduğunu ifşa etsin? Olmayıb. Onun dünən Milli Məclisdəki çıxışı isə dəhşət idi. Bizə dünya baxır. O çıxışı görən dünya bizə hansı gözlə baxar? Adam yoxdu ki, çıxıb o tribunadan təmiz Azərbaycan dilində heç olmasa qabaqcadan yazılmış hesabatı üzünə oxuya bilsin? 

Dərd orasıdır ki, Artur Rəsizadə tək deyil və həyat göstərdi ki, mən Nazirlər Kabinetini "Qocalar evi” adlandırmaqda nə qədər haqlıymışam. Azərbaycan dilini doğru-dürsüt bilməyən, bu dildə danışmaqdan hədsiz əzab çəkən bir adamın mənim hökumətimin başında nə işi var axı? Onun "Bakı qayırma zavodu” ifadəsi isə lap yerinə düşdü. Əslində doğru deyir, onun rəhbərlik etdiyi hökumət elə Bakının başına yaxşı oyun açdılar. Mən bir daha bəyan edirəm ki, hökumət tam tərkibdə istefaya göndərilməlidir və 2-3 yerində olan məmuru çıxmaq şərtilə qalanları ordan rədd eləmək lazımdır. Qoy getsinlər taladıqları milyardları yerləşdirməyin qayğısına qalsınlar. 

Onsuz da onlar heç zaman məmur olmayıblar ki, bazar və ən yaxşı halda biznesmen təfəkkürü ilə yanaşıblar onlara etibar edilən postlara. Əsas amacları daha çox pul çırpışdırmaq olub.  Yaxşı, deyək ki, bizi vəzifəyə qoymurlar, heç olmasa salamat adamları, cavan kadrları irəli çəkərək millətin canını bu qansoranlardan qurtarsınlar. Təbii ki, 11 apreldə xalq mənə səs versə onların hamısı ilə bağlı lazımi tədbir görəcəm və millət mənə əhsən deyəcək. Əgər İlham Əliyev də yenidən seçilsə və hökumətin formalaşmasında mənim də mövqeyimi soruşsa, təbii ki, mən cür iylənmiş, üfunət iyi verən məmurların yeni formalaşan hökumətdə təmsil olunmamasını təklif edəcəm. 

Bu günlərdə prezidentin köməkçisi Əli Həsənov çox haqlı olaraq Avropada Azərbaycanın əleyhinə ağzına gələni, gözünə görünəni yazanlarla, şərəfsizcəsinə danışanlarla bağlı çağırış etdi. Sual edirəm, Artur Rəsizadənin başçılıq etdiyi hökumətdəkilərin hansı biri qolunu çırmayıb bu istiqamətdə bir iş gördü? Axı hamısının həmin Avropa ölkələrində biznesləri və ya yatırımlarını idarə edən onlarla adam var. Onlar niyə Azərbaycana qara yaxanlarla profilaktik söhbətlər aparıb doğru yolda olmadıqlarını, bununla ölkəyə, elə öz qohum-əqrəbalarına çox böyük pisliklər etdiklərini izah etmirlər? Etməzlər, çünki onların nə dövlətdən, nə dövlətçilikdən anlayışları yoxdur".

Digər xəbərlər
SON XƏBƏRLƏR