Britaniya Rusiyaya qarşı kəskin həmləyə keçdi, Moskva "sərt və simmetrik cavab"la hədələdi - Gərginlik şiddətlənir

img

14-03-2018 [22:01]


Rəsmi London Rusiya Baş Kəşfiyyat İdarəsinin hazırda Böyük Britaniyada yaşayan keçmiş polkovniki Sergey Skripalın zəhərlənməsinə cavab olaraq rusiyalı diplomatların bir hissəsini ölkədən çıxarmağa başlayıb. 

Bunu baş nazir Tereza Mey parlamentdə çıxışı zamanı bildirib. 

O deyib ki, zəhərlənməyə cavab olaraq Rusiyaya qarşı bir sıra tədbirlər görüləcək. Baş nazirin sözlərinə görə, artıq Rusiya diplomatlarının bir hissəsinin Böyük Britaniyadan çıxarılmasına başlanılıb. İlk mərhələdə 23 diplomat Londondan Moskvaya göndəriləcək.

Hökumət başçısı qeyd edib ki, Böyük Britaniya Rusiya ilə bütün əlaqələri dayandırır. Bundan başqa, Rusiyadan Böyük Britaniyaya və Böyük Britaniyadan Rusiyaya səfərlər zamanı gömrükdə yoxlamalar artırılacaq. 

T.Mey vurğulayıb ki, şəxsi təyyarələrlə Rusiyadan ölkəsinə edilən səfərlərə nəzarət gücləndiriləcək: "Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatına Britaniyadan böyük nümayəndə heyətinin qatılması nəzərdə tutulurdu. Nümayəndə heyətinin tərkibində kral ailəsinin üzvləri də olmalıydı. Bu səfər də ləğv edilib"/Report.az. 

***

"İngiltərə Baş naziri Tereza Meyə atdığı addımlara görə sərt və simmetrik cavab veriləcək".

Bu açıqlama ilə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko çıxış edib.

"İngilislər Moskvaya hər hansı bir sübut təqdim etmədən Rusiyanı günahkar elan etdi. Bu misilsiz bir hadisədir. Güman edirəm ki, diplomatiyada bunun bir nümunəsi yoxdur. Bu səbəbdən Rusiya İngiltərəyə sürətli, sərt və simmetrik şəkildə cavab verməlidir", - Matviyenko söyləyib/Axar.az.

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya martın 4-də Solsberidə ticarət mərkəzinin yaxınlığındakı skamyada tapılıb. Onlar zəhərlənmə ilə xəstəxanaya çatdırılıblar. Bu hadisədə xəsarət alanların sayı, təxminən, 21 nəfərdir. Onların arasında hadisə yerinə ilk çatan Nik Beyli adlı şəxs də var.

Britaniya hakimiyyəti Skripalın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib.

Rusiya tərəfi hadisə barədə əlavə məlumata malik olmadığını və istintaqla bağlı əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR