İlham Əliyev Baş nazirlə görüşdü: "Bu, Azərbaycan və Türkiyəni bir-birinə daha sıx bağlayacaq" - Birgə mesaj

img

14-03-2018 [18:24]


TANAP layihəsi Azərbaycan və Türkiyəni bir-birinə daha sıx bağlayacaq.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Türkiyənin Baş naziri Binəli Yıldırımla görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq münasibətləri bundan sonra da uğurla inkişaf edəcək:

"Biz dostuq, qardaşıq, bütün məsələlərdə bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Bu, bu gün də belədir, həmişə də belə olmalıdır. Bizi çox dərin əlaqələr bağlayır. Bu gün siyasi, iqtisadi, bütün başqa sahələrdə çox yüksək səviyyəli əməkdaşlıq edirik. Siyasi əlaqələrimiz ən yüksək zirvədədir. İqtisadi sahədə yaxşı nəticələr var. Keçən il ticarət dövriyyəsi artmışdır. Qarşılıqlı sərmayə qoyulur. Türkiyə Azərbaycana və Azərbaycan Türkiyəyə 10 milyard dollardan çox sərmayə qoymuşdur".

İlham Əliyev əlavə edib ki, bu sərmayə qoyuluşu davam edir və daha da böyük rəqəmlərə çatacaq:

"Bu il TANAP layihəsinin istismara verilməsini birlikdə qeyd edəcəyik. Bu, tarixi layihədir və uğurlu başa çatır. Bizim ölkələrimizi bir-birinə daha sıx bağlayacaq. Eyni zamanda, bu layihədən faydalanan ölkələrə yeni imkanlar açacaq. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını təntənəli şəkildə qeyd etdik. Bu gün bu yol artıq uğurla fəaliyyət göstərir. Bu, Bakı-Tbilisi-Ceyhan və TANAP-dan sonra üçüncü tarixi layihəmizdir ki, ölkələrimiz bu layihələri birlikdə icra edib. Yəni bütün sahələrdə bizim əməkdaşlığımızın çox gözəl nəticələri var. Bu nəticələr xalqlarımız üçün, ölkələrimiz üçün çox əhəmiyyətlidir və Avrasiya üçün də çox böyük əhəmiyyət daşıyır".

Türkiyənin Baş naziri Binəli Yıldırım isə Prezident İlham Əliyevlə görüşdə deyib ki, Azərbaycanın və Türkiyənin həyata keçirdiyi layihələr Avropanı da maraqlandıran, enerji təhlükəsizliyini təmin edən layihələrdir. Və Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Ölkələrimiz arasındakı münasibətlər gündən-günə daha da inkişaf edir:

"Həm Türkiyədə, həm də Azərbaycanda qarşılıqlı investisiyalarımız, ticarətimiz artır, turizm sahəsində əməkdaşlığımız inkişaf edir. Biz bununla kifayətlənmirik. Eyni zamanda, region ölkələrinin də inkişaf etməsi üçün Türkiyə və Azərbaycan olaraq birlikdə çalışırıq. Qafqaz regionunda Gürcüstanın, Azərbaycanın və Türkiyənin həyata keçirdiyi layihələr - Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft, TANAP, Bakı-Tbilisi-Ərzurum təbii qaz layihələri təkcə bizim ölkələri maraqlandıran layihələr deyil, eyni zamanda, Avropanı da maraqlandıran, enerji təhlükəsizliyini təmin edən layihələrdir.

Uzaq Şərqdən, Orta Asiyadan Azərbaycan ərazisindən Türkiyəyə və Avropaya daşımaları təmin edəcək tarixi "İpək Yolu” - Bakı-Tbilisi-Qars layihəsi Sizin qətiyyətiniz və təşəbbüsünüzlə, cənab Prezidentimizin də töhfəsi ilə reallaşdı. Vaxtilə bir xəyal olan bu layihə indi bölgəyə xidmət etməyə başlayıb və eyni zamanda, Naxçıvana da ciddi logistik dəstək verir".

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR