Polad Bülbüloğlu Putinin seçki təbliğatına qatıldı: "Əminəm ki, müdrik rus xalqı doğru seçim edəcək"

img

13-03-2018 [21:24]


"Hər bir ölkədə prezident seçkiləri mühüm hadisədir. Azərbaycan xalqının istəyi Rusiyada hər şeyin yaxşı olması, onların uğurla inkişaf etməsidir".

Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskva Dövlət Humanitar-İqtisad Universitetində (MDHİU) təşkil edilən seçkiqabağı tədbirdə deyib.

Səfirin sözlərinə görə, Azərbaycanda və Rusiyada siyasi mühiti ənənəvi olaraq prezidentlər yaradır.

"Ölkələrimiz üçün seçkilər nisbətən yeni bir sistemdir: 27 il tarix üçün az müddətdir. Buna baxmayaraq, bu, cəmiyyətimizin və ölkələrimizin həyatının bir hissəsinə çevrilib. Hər dəfə insanlar seçkilərdə iştirakının zəruriliyini daha çox anlayır", – deyə azərbaycanlı diplomat bildirib.

O qeyd edib ki, Rusiya onun üçün yad ölkə deyil, buna görə də o, hər kəsi seçkilərə dəvət etməyi özünə borc bilir: "Əminəm ki, müdrik rus xalqı doğru seçim edəcək".

Qeyd edək ki, MDHİU-nun rektoru Vaqif Bayramov tərəfindən təşkil edilən "Rusiyanın çoxmillətli gəncliyi" dəyirmi masasının məqsədi gəncləri, o cümlədən seçkilərdə ilk dəfə iştirak edəcək şəxsləri maarifləndirməkdən ibarət olub.

Rusiya prezidentliyinə namizəd Vladimir Putinin səlahiyyətli nümayəndəsi professor Sergey Kandıboviç bu il 7 milyon rusiyalının ilk dəfə seçkilərə qatılacağını bildirib və onlara həyatlarındakı bu yeni addımın uğurlu olmasını arzulayıb.

AMOR təşkilatının idarə heyətinin üzvü Emin Hacıyev də gənclərin seçkilərə düzgün hazırlanmasının əhəmiyyətini qeyd edib və Rusiyada yaşayan azərbaycanlıları Vladimir Putinə səs verməyə çağırıb.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR