“Girovlarımızı azad etməsələr, Xankəndini, hətta Yerevanı yerlə-yeksan edəcəyəm” – Ermənistana təhdid

img

13-03-2018 [15:00]


Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən azərbaycanlı Dilqəm Əsgərovla bağlı 70 ölkəyə müraciət ünvanlanacaq.

Girovun oğlu Kürdoğlu Əsgərov bildirib ki, müraciətdə Dilqəm Əsgərovun qanunsuz şəkildə öz doğma torpaqlarında girov götürüldüyü, ona ermənilər tərəfindən amansız işgəncələr verildiyi haqda məlumatlar yer alacaq. K.Əsgərov hazırda bununla bağlı işlərin aparıldığını deyib.

Qeyd edək ki, Azərbaycanlı girovların işi ilə məşğul olan beynəlxalq təşkilatların, xüsusən də "Human Rights Watch” təşkilatının Azərbaycan nümayəndəliyinin fəaliyyəti müsbət istiqamətdə seçilir. 

Bu barədə mia.az-a açıqlama verən MMP sədri, prezidentliyə qeydə alınmış namizəd Hafiz Hacıyev deyib ki, erməni girovluğunda olan vətəndaşlarımızın ölkəyə qaytarılması üçün beynəlxalq təşkilatlar tərəfindən heç bir ciddi addım atılmır:

"Məndə olan məlumata görə, özünü demokratik ölkə adlandıran Fransa bu məsələdə ermənilər tərəfdən çıxış edir. "Human Rights Watch”un Azərbaycan nümayəndələri 70 ölkənin internet saytında girovlarla bağlı məlumat yerləşdirib. Amma qurumun Fransadakı baş ofisində bizim nümayəndələrə qarşı ermənilər və ermənipərəstlər etiraz edirlər ki, niyə bu məsələni qaldırırsız. Amma gərək mərkəzi ofisdəkilər ermənilərə və onların havadarlarına fikir verməsinlər. Bizim iki vətəndaşımız ö torpağımızda valideynlərinin qəbirini ziyarətə gedəndə girov götürülüb. "Human Rights Watch”un rəhbərliyi bizim nümayəndələrimizin qaldırdığı məsələlərə qarşı həssas və ədalətli olmalıdırlar. Məsələyə obyektiv yanaşmalıdır. Ermənilər hər yerdə bizim qarşımıza yalanlarla çıxır, amma biz haqq sözü deyirik. Biz "Human Rights Watch”un Azərbaycan nümayəndəliyinin fəaliyyətini təqdir edirik və dəstəkləyirik. 
Digər tərəfdən, Avropaya səpələnmiş bizim bəzi soydaşlarımız da ağızlarına gələni danışmamalıdırlar. Əgər ölkələrinə xidmət etmək istəyirlərsə, elə gedib Avropadakı qurumlara ermənilərin bu hərəkətləri ilə bağlı müraciət etsinlər. Amma onlar burdakı bəzi mənfur məmurların göndərdiyi donoslar əsasında ordan bura təhqirlər yağdırırlar”.

Prezidentliyə namizəd girovlarla bağlı Ermənistana da mesaj verməyi unutmayıb: 
"Mən çox narahatam. İki vətəndaşımızın erməni girovluğunda qalması qəbuledilməzdir. Prezidentliyə namizəd kimi, ölkənin gələcək rəhbəri kimi bəyan edirəm ki, bütün imkanları səfərbər edəcəyəm. Əgər prezident seçilsəm, onları ölkəyə qaytaracağam. Əgər girovlarımızı azad etməsələr, Xankəndini, hətta Yerevanı yerlə-yeksan edəcəyəm. Bizim güclü ordumuz, texnikamız var. Dünyanı onların başına dar edəcəm və istəyimə nail olacağam. Təəssüf ki, Xarici işlər naziri bu məsələni bir dəfə dilə gətirib sərt mövqe ilə çıxış etməyib. Bu məsələ olduqca ciddidir və mövqeyimiz sərt olmalıdır”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR