“Aprel döyüşlərindən sonrakı iki il itirildi” - Sabiq xarici işlər naziri

img

13-03-2018 [10:49]


Tarixə dördgünlük döyüşlər kimi daxil olan aprel hadisələrinin ikinci ili tamam olacaq.

Modern.az saytı hadisələrin ikinci ildönümü ərəfəsində dördgünlük müharibənin Azərbaycanın dövlətçilik, siyasi və hərb tarixi baxımından əhəmiyyətinə nəzər salmağa çalışıb.

Aprel hadisələri bizə nə verdi?

Siyasi arenada Azərbaycanın Qarabağ münaqişəsi necə yadda qaldı? Azərbaycan Ordusunun düşmənin qüvvətli təxribat diversiya hərəkətlərinin qarşısını alaraq, işğalçılara ağır zərbə vurması niyə "Qarabağ düyünü”nü aça bilmədi?

Modern.az saytı sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovla aprel döyüşlərinin siyasi arenaya təsirinini müzakirə edib. Politoloqun fikirlərinə görə, aprel döyüşlərindən sonrakı müddəti itirilmiş vaxt hesab etmək olar.

"Bu, acınacaqlı vəziyyətdir”

"Bunu Minsk qrupunun fəaliyyətinə görə söyləyirəm. Hamımız elə fikirləşirdik ki, aprel hadisələrindən sonra bir təkan yaranacaq və danışıqlar real danışıqlara söykənəcək. Təəssüflər olsun ki, bu, baş vermədi. Artıq iş o yerə çatıb ki, həmsədrlərin fəaliyyəti qaneedici deyil. Bu, acınacaqlı vəziyyətdir”.

İtirilmiş 2 il dedikdə nə başa düşülür?!

Zülfüqarov bildirib ki, münaqişənin həll yolundan danışılarkən hərb yolu üzərində dayanılır.

"Həmsədrlərin fəaliyyəti, onların siyasi gündəmdə qalması ondan ibarətdir ki hansısa nəticələri əldə etsinlər. İndiki vəziyyətdə, xüsusilə aprel hadisələrindən sonra həmsədrlərə münasibət komik personajlara olan münasibətə dəyişib. Azərbaycanda ictimaiyyət fikirləşir ki, münaqişənin həllini axtararkən hansı sahəyə üstünlük verilir?! Yenə də hərb yolu üzərində dayanılır. Çünki hərb məsələsinə daha çox üstünlük verilir. Bu da məntiqlidir, vəziyyətin inkişafıdır. Ona görə də ötən 2 ili itirilmiş vaxt kimi qiymətləndirmək olar”.

Aprel hadisələri siyasi arenaya necə "dərs” verdi?!

Siyasi ekspert Ermənistanı aprel hadisələrindən sonra bu cür xarakterizə edib:

"Ermənistan barəsində süni şəkildə yaradılmış mif dağıldı. Çünki onların böyük orduya sahib olduğu vurğulanırdı. Bu da vacib məsələdir. Təkcə Azərbaycanda yox Ermənistan ictimaiyyəti arasında buna tənqidi fikirlər formalaşıb. Özünə arxalanmaq, danışıqlardan qaçmaq, danışıqlar prosesini ciddi qəbul etməmək kimi siyasət aparmaq artıq Ermənistanda perspektivli deyil”.

"Qeyri-konstruktiv addımı Rusiya apardı”

Tofiq Zülfüqarovun sözlərinə görə, ermənilərdən nəsə gözləməyə dəyməz.

"Apreldən sonra Rusiyanın konfliktə aid siyasəti konstruktiv şəkildə qurulmayıb. Ermənistan ictimaiyyəti tərəfindən yaranmış şübhələr "hər şey hərb yolla həll olunub və heç bir dəyişiklik olmayıb” düşüncəsinə Rusiya tərəfindən siyasi və real dəstək imitasiyası yoxdur. Qeyri-konstruktiv addımı isə Rusiyanın Xarici İşlər Nazirliyi xüsusilə, Lavrov apardı. Bu da öz növbəsində prosesə qarşı mənfi siyasət kimi qiymətləndirilə bilər.

Apreldən sonra Azərbaycan ictimaiyyətinin transfarmasiya fikirləri daha da konkretləşib. Hər kəs anlayır ki, ermənilərdən danışıqlar prosesindən nəsə gözləməyə dəyməz. Bu da aprel hadisələrinin nəticəsi kimi qiymətləndirilməlidir”.

Münaqişənin həllinə mane ola səbəblər...

Ekspert Ermənistanın yeni prezidentindən söz açıb: "Armen Sarkisyanın nüfuzu heç vaxt yüksək olmayıb. Sadəcə, siyasi baxımdan xaricdən gələn dəstəyin hesabına qorunub saxlanılıb. Ermənistan üçün yeni prezidentin soyadı heç dəyişməyib, o ki qala siyasəti ola. Bu arada, apreldən sonra Rusiyanın Ermənistana cəhdlərini qeyd etmək olar. Fövqəldövlətlərin Ermənistanı, süni şəkildə işğalçılıq siyasətini dəstəkləməsi hesab edirəm ki, müharibənin həllinin tezləşməsinə yox, əksinə ləng getməsinə səbəb olan məsələlərdir”.



Digər xəbərlər
SON XƏBƏRLƏR