“Bizə zəhər verənlər axırda o zəhəri udub özlərini zəhərləyəcəklər” - Putindən Qərbə sərt mesajlar

img

09-03-2018 [12:59]


Rusiya lideri Vladimir Putin ABŞ prezidenti Donald Trampı, onunla danışıqlar apara biləcəyi "müvazinətli” adam kimi tərifləyib, lakin Qərbi Ukrayna ilə bağlı Moskva üzərinə "qanunsuz və ədalətsiz” sanksiyalar qoyduğuna görə tənqid edib.

Martın 7-də, Rusiyada prezident seçkisinə iki həftə qalmış sosial mediada yayılan geniş müsahibəsində Putin "Tramp barəsində peşmançılıq çəkmədiyini” deyib. 

Putin deyib ki, əksinə, şəxsi səviyyədə Tramp onda yaxşı təəssürat buraxıb. Rusiya prezidenti əlavə edib ki, ABŞ prezidenti "məsələlərin spesifikasını yaxşı başa düşür və yaxşı dinləyicidir”.

Bu müsahibənin nə vaxt alındığı bilinmir, amma bilinən budur ki, müsahibə Dünya Nizamı 2018 adlı sənədli filmə daxil edilməli idi. 65 yaşlı Putin Rusiyada hakimiyyətin bütün qolları üzərində nəzarətə malikdir və onun bu seçkidə də qalib gələcəyi şübhə oyatmır.

Bununla belə, təhlilçilər inanırlar ki, Kreml seçici iştirakının aşağı olacağından və seçkiyə kifayət qədər legitimlik verə bilməyəcəyindən narahatdır. Trampı tərifləməsinə baxmayaraq, Putin ABŞ-ın siyasi sistemini tənqid atəşinə tutub və deyib ki, "bu sistem öz səmərəsizliyini nümayiş etdirib və hazırda özünü yeməklə məşğuldur”.

O deyib ki, "belə sistemlə əlaqəyə girmək çətindir, çünki onu öncədən proqnozlaşdırmaq olmur”.

Trump 2016-cı ilin seçki kampaniyasında Rusiya ilə daha yaxşı münasibətlər yaradacağını və dünyaın bir sıra dərin münaqişələrini həllini vəd etmişdi. Tramp habelə Moskvanın Amerika seçkilərinə müdaxilə etdiyinə dair ABŞ kəşfiyyatının qənaətini rədd edirdi.

Putin isə 2014-cü ilin fevralında Ukraynanın rusiyayönlü prezidenti Viktor Yanukoviçin devrilməsinə görə Birləşmiş Ştatları ittiham edir. Putin iddia edib ki, ABŞ Moskvadan prezident Yanukoviçin Kiyevdə etirazçılara qarşı güc işlətməsinə yol verməməsini xahiş edib. Putinin sözlərinə görə, buna baxmayaraq Yanukoviçin qanuni hökuməti devrilib.

Buna cavab olaraq Moskva Ukraynanın Krım yarımadasını ilhaq edib. Putin bu barədə deyib: "Çox az adam bizim belə qətiyyət və cəsarətlə hərəkət edəcəyimizi gözləyirdi”. 

Putin Moskvanın Ukraynadakı separatçılara dəstəyi ilə bağlı onun üzərinə qoyulmuş sanskiyaları "qanunsuz və ədalətsiz” adlandırıb və deyib ki, "sonunda biz qalib gələcəyik”.

Rusiya prezidenti deyib: "Bizə zəhər verənlər axırda o zəhəri udub özlərini zəhərləyəcəklər”. 

Onun bu sözləri Britaniyada huşsuz vəziyyətdə tapıldıqdan sonra xəstəxanada kritik durumda olan keçmiş Rusiya casusu Sergey Skripalla bağlı insidentlə eyni vaxta təsadüf edib. Martın 7-də Britaniya polisi Skripal və onun qızına qarşı "zəhərli maddə ilə hücum edildiyini” bildirib.

Bundan əvvəl, martın 6-da Britaniya parlamentində çıxış edən xarici işlər naziri Boris Conson demişdi ki, bu hadisədə Moskvanın əli olduğu aşkarlansa, Londonun reaksiyası qətiyyətli olacaq/Amerikanın Səsi

Digər xəbərlər
SON XƏBƏRLƏR