Şriftin ölçüsü / 391 dəfə oxunub

"Tahir müəllimi qamışlığın içində dəfn etmişdilər" - Məzar yeri dəyişdirilən bəstəkarın həyat yoldaşı

06 Mart 2018 [00:57]
"Mədəniyyət nazirliyindən söyləmişdilər ki, Tahir bəy Badamdarda "Qurd qapı"sı adlanan məzarlıqda dəfn olunacaq. Lakin son anadək bilmirdim ki, Azərbaycanın görkəmli bəstəkarı üçün ona layiqli yer ayrılmayıb. Daha doğrusu, Tahir müəllimi qamışlığın içində dəfn etmişdilər. Çox pis mənzərə ilə rastlaşdım və həmin dəqiqə qərar verdim ki, Tahir müəllimin məzarının yeri dəyişdirilsin. Həyat yoldaşım, Azərbaycan xalqına xidmət etmiş şəxs layiq olmadığı şəkildə dəfn olunmuşdu. Sadəcə, yanımızda olan insanlara hörmət əlaməti olaraq sakit dayandım”.

Mia.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri Tahir Əkbərin həyat yoldaşı Aybəniz Əkbər deyib.

O, bəstəkarın məzar yerinin dəyişdirilməsinin səbəblərinə aydınlıq gətirib: "Bəzi mənbələrdən eşitdiyimə görə, biz nazirliyə yoxsul ailə kimi təqdim olunmuşuq. Odur ki, Tahiri bəyin kimsəsizlər kimi o cür dəfn edilməsini məsləhət görüblər. Ancaq Tahir Əkbər kimsəsiz deyil, hər şeydən əvvəl o, əsərləri xalq tərəfindən sevilən və dinlənilən ölməz sənətkardır.

Tahir bəyin ömür-gün yoldaşı kimi ona verdiyim sözə əməl edərək borcumu yerinə yetirməliydim. O, mənə vəsiyyət etmişdi ki, əgər Fəxri xiyabanda dəfn edilməzsə, atasının məzarında torpağa basdırılsın. Fəxri xiyabanda, ən azından ikinci fəxri xiyabanda dəfn edilmək onun haqqı idi. O, heç vaxt düşünməzdi ki, onu çöllü-biyabanda, qamışlıqda, bataqlıqda kimsəsiz kimi basdırsınlar. Bu, Tahir bəyə qarşı böyük hörmətsizlik idi. Heç kim öz əzizini orada görmək istəməzdi. Məzarının həmin yerdə qalmasına razı ola bilməzdim. İnanıram ki, indi Tahir bəyin ruhu şaddır. Çox rahatam, qərarımdan peşman deyiləm”.

Daha sonra bəstəkarın xanımı Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib:

"Son aylarda Tahir Əkbərin müalicə xərcləri Mehriban xanımın göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən ödənilirdi. Təhir bəyə verdiyi dəyərə görə Mehriban xanıma təşəkkür edirəm”.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov isə bildirib ki, dəfn və vida mərasimi ilə bağlı təşkilati məsələləri nazirlik tərəfindən həyata keçirilib:

"Tahir Əkbərin vida mərasimi Təzə Pir məscidində keçirilib, orada nazir şəxsən iştirak edib, mərhumun yaxınlarına başsağlığı verib. Dəfn üçün Mədəniyyət və Turizm Nazirliyinin müraciəti əsasında Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən müvafiq yer ayrılıb. Mərhum bəstəkarın məzarının yerinin dəyişdirilməsi yəqin ki, ailəsinin qərarı ilə olub. Tahir Əkbərin əziz xatirəsini ehtiramla yad edir və ona Allahdan rəhmət diləyirik".

Xatırladaq ki, martın 2-də uzun sürən xəstəlikdən sonra vəfat edən tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Tahir Əkbər dəfn olunduğu yerdən çıxarılaraq, atasının qəbrində torpağa tapşırılıb.


SON XƏBƏRLƏR
11:32 25.06.2018
Mənim 26 iyun təbrikim