Siyasi partiya qərargahlarında seçki ab-havası - FOTOLAR

img

23-02-2018 [18:51]


11 apreldə keçiriləcək prezident seçkilərinə 47 gün qalır. Artıq 72 saatdır ki, imzatoplama kampaniyalarına başlanılıb. Prezidentliyə namizədliyi irəli sürülmüş şəxslər, onların təmsil etdiyi partiyaların nümayəndələri qollarını çırmayıb var gücləri ilə prosesin aktiv parçasına çevrilməyə çalışırlar. 

Müasir Müsavat Partiyasının qapısı açıqdır. İçəri daxil oluruq. Səssizlikdir. Qapının zəngini basırıq. Qapını Müasir Müsavat Partiyasının (MMP) İdeoloji sahə və mətbuat məsələləri üzrə müavini Könül İsmayılova açır. Qərargahda yalnız Könül xanımın olduğunu görürük. Bizi otağına dəvət edir. Partiya sədri Hafiz Hacıyevin hazırda xaricdə olduğunu deyir. Qısa müddət sonra ölkəyə dönəcəyini vurğulayır.

Prezidentliyə namizəd Hafiz Hacıyevin səlahiyyətli nümayəndəsi Könül İsmayılova hafta.az-a açıqlamasında deyir ki, imzatoplama kampaniyası artıq bizim partiyada da başlayıb:

"Fevralın 20-dən Müasir Müsavat Partiyasının bütün rayon təşkilatları Bakı qərargahına dəvət olunub. İmzatoplama blankları partiya fəallarına paylanıb. Hal-hazırda ölkənin bir çox rayonlarında, bölgələrimizdə aktiv şəkildə imzatoplama kampaniyası davam etdirilir. Partiyamızın demək olar ki, bütün rayonlarda – Oğuzda, Qəbələdə, Tovuzda təşkilatları fəaliyyət göstərir. Doxsan mindən artıq üzvümüz var. Seçkilərlə əlaqədar rayon təşkilatlarımız aktiv şəkildə fəaliyyət göstərirlər”.

Könül İsmayılova səhər saatlarında qərargahın səssiz, sakit olmasına fikir verməməyimizi qeyd edir. Partiya funksionerinin sözlərinə görə, gün ərzində partiyanın bölgələrdəki və paytaxtdakı fəalları seçki prosesi ilə əlaqədar olaraq mərkəzi qərargaha təşrif buyururlar.

Qarşıdan seçkilər gəlir. Ümid edirik ki, budəfəki seçkilər rəngarəngliyi – siyasi partiyaların aktivliyi, eləcə də namizədlərin çoxluğu ilə diqqət çəkəcək. Bu da daha çox onların imzatoplama kampaniyalarında göstərdikləri nəticələrdən asılı olacaq. Qırx min imza saxta olmadığı halda Mərkəzi Seçki Komissiyasının (MSK) prezidentliyə namizədlərin sənədlərini təsdiq etməkdən başqa çıxış yolu qalmır. Bunu müxalif partiya nümayəndələri, mərkəzi qərargahdakılar da yaxşı bilir. Hər bir prezidentliyə namizədə uğurlar arzu edirik.



Digər xəbərlər
SON XƏBƏRLƏR