Çavuşoğlu ilə Tillerson mətbuat konfransında: "Ya əlaqələrimiz yoluna qoyulacaq, ya da..." - Birgə açıqlamalar

img

16-02-2018 [14:35]


Türkiyədə səfərdə olan ABŞ Dövlət katibi Tillersonla xarici işlər naziri Mövlud Çavuşoğlunun qapalı görüşü başa çatıb.

Mia.az xəbər verir ki, 2.5 saat çəkən görüşdən sonra tərəflər mətbuata birgə açıqlama veriblər.

Çavuşoğlu ilk olaraq PYD/YPG-nin işğalında olan Suriyanın Menbiç rayonundakı vəziyyətə toxunub. O, "YPG-nin Fərat çayının şərqinə çəkilməsi məsələsinə əmin olmalıyıq. Bizim üçün ilk vacibi budur. Onlar Menbiçdən çıxmalıdır", - deyərək, Türkiyənin narahatlığının təhdidlərlə bağlı olduğunu təkrar bəyan edib:

"YPG/PYD bizə hücum edir, insanlarımız ölür. 2016-da ABŞ-ın Türkiyəyə vədi vardı, əməl olunmadı. Bir dəfə də YPG-nin çəkildiyini göstərmək üçün bizdən bir heyət istənildi, getdik gördük. Onlar çəkilməmişdi. Menbiçin 95 faizi ərəblərdir, YPG-nin orada olması heç bir zaman sabitlik yaratmaz. Onun üçün ilk növbədə YPG-nin Menbiçdən çıxması lazımdır".

Çavuşoğlu Tillersonun səfərini vacib və faydalı sayıb. Bildirib ki, Türkiyə ilə ABŞ-ın uzun illər strateji ortaqlığı dərinləşdirərək, davam etdirib: 

"Bu ortaqlıq fərqli sahələrdə genişləndirilib. Zaman-zaman aramızda problemlər olub, lakin hər zaman bu ortaqlıq ön plana keçib. Dünən axşam prezident Ərdoğanla bərabər görüşdə də tərəflər fikir və narahatlıqlarını paylaşdı. İndisə kritik bir dövrə gəlmişik: ya bu əlaqələrimiz yoluna qoyulacaq, ya da daha da pisə doğru gedəcək".

Nazir deyib ki, Tillersonla görüşdə FETÖ, ABŞ-ın YPG-yə dəstəyi, əlaqələrin normallaşması mövzularında müzakirələr olub: "Biz narahatlığımızın ciddiyə alınmasını istəyirik. Bu günə qədər tutulmayan vədlər oldu. Bundan sonra birlikdə nələr edə bilərik, bunları müzakirə etdik. Beləliklə, bu istiqamətdə yeni mexanizm yaratmağa qərar verdik. İnşallah, ilk toplantı da mart ayının ortasından öncə gerçəkləşəcək".

Tillerson isə mətbuat konfransında Çavuşoğluna və Ərdoğana uzun çəkən qəbul üçün təşəkkür edib: 

"ABŞ və Türkiyə arasında əlaqə həqiqətən çox dərindir. Türkiyə və ABŞ bir çox sahələrdə birgə hərətkət edib. Türkiyənin terrorla çox ciddi problemi olduğunu bilirik. Türkiyə 3 qitənin ortasında yerləşən çox önəmli bir ölkədir. Müstəqil və birləşmiş Suriyanın qurulması üçün birlikdə çalışmamız gərəkdir. Suriya xalqı üçün Cenevrə danışıqlarının bir nəticə hasil edəcəyinə inanırıq. 

Türk xalqı 3 milyondan çox qaçqına qucaq açaraq hamımıza örnək oldu. Suriyada gərginliyin artmaması üçün çalışırıq. Hər zaman Suriya Demokratik Qüvvələrinə dəstəyimizin məhdud olduğunu dedik. Təbii ki, Türkiyəni, Türk demokratiyasını da dəstəkləməyə davam edəcəyik".

Dövlət katibi deyib kİ, Suriya böhranının parçalanma olmadan həll olunmasını istəyirlər: "Biz ilk növbədə Menbiç məsələsini həll edəcəyik. Daha sonra Suriyanın qərbi ilə bağlı birlikdə həll yolu tapmağa çalışacağıq...".

Tillerson Türkiyədə Amerika konsulluğunun əməkdaşlarının həbs edilməsindən də narahat olduqlarını vurğulayıb. 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR