Şriftin ölçüsü / 801 dəfə oxunub

Akif Nağı da prezidentliyə namizədliyini irəli sürür: "Seçilsəm, Ermənistanla ölüm-qalım müharibəsinə başlayacam"

13 Fevral 2018 [19:33]
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı növbədənkənar prezident seçkilərində iştirakı ilə bağlı qərarını açıqlayıb. 

Bu barədə QAT-dan Mia-az-a verilən məlumata görə, bu gün bu məqsədlə Təşəbbüs qrupunun toplantısı keçirilib. 

Təşəbbüs qrupunun üzvləri Akif Nağının prezidentliyə namizədliyini geniş müzakirə edib, fikirlərini bildiriblər. 

Akif Nağı məsələ ilə bağlı deyib ki, istənilən seçkilərin diqqət mərkəzində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, torpaqlarımızın işğaldan tezliklə azad olunması məsələsi dayanmalıdır:

"Cəmiyyətdə Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, ATƏT Minsk qrupu və ya digər qurumların vasitəçiliyi ilə həllinə heç bir inam qalmayıbdır. Torpaqlarımızın yalnız hərbi yolla azad ediləcəyi fikri artıq geniş sosial sifarişə və tələbə çevrilmişdir. 

Mən seçkilərdə bu sosial tələbin və sifarişin təmsilçisi kimi çıxış etmək istəyir və bildirirəm ki, prezident seçilərəmsə, seçkilərdən sonrakı 1-2 ay ərzində, Ordunun hazırlığı, cəmiyyətin əhval-ruhiyyəsinə ciddi baxış keçirdikdən, xarici müttəfiqlərimizi konkret müəyyənləşdirdikdən, digər hazırlıq işlərini həyata keçirdikdən sonra işğalçı Ermənistana qarşı azadlıq müharibəsinə başlayacağam. Ermənistanın arxasında kimlərin dayanacağının, onu müdafiə edəcəyinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Bu, ölüm-dirim müharibəsi olacaq, nəyin bahasına olursa-olsun qələbəni əldə edəcəyik. 

Ermənistanı da, onun arxasında dayananları da Azərbaycana qarşı törətdikləri işğala, təcavüzə, bütün cinayətlərə görə peşman edəcəyik. Bir məsələni də xüsusi olaraq vurğulamaq istəyirəm ki, bizim hədəfimiz prezident kürsüsü deyil, Qarabağda azadlıq müharibəsini başlamaq, torpaqlarımızı işğaldan azad etməkdir. Rəhbərlik etdiyim Qarabağ Azadlıq Təşkilatı siyasi qurum deyil, prezidentliyə namizəd irəli sürə bilməz. Ona görə də mən namizədliyimi fərdi qaydada irəli sürmək istəyirəm. 

Bununla yanaşı, QAT-ın ali orqanlarının razılığı olmadan mən bu təşəbbüsü edə bilmərəm. Ona görə də artıq Təşkilatın İdarə Heyətində, Təşəbbüs qrupunda ilkin müzakirələr keçirilib. Son qərarı isə QAT Ali Məclisi verəcək. Bu məqsədlə fevralın 17-nə Ali Məclisin xüsusi iclasını çağırmışıq. Ali Məclisin mövqeyinə uyğun hərəkət edəcək, son qərarımı verəcəyəm”.


SON XƏBƏRLƏR
17:28 19.05.2018
DİM imtahan keçirdi