"Nazpəri Dostəliyevanın əlini məndən çox öpən müğənni olmayıb" - Nadir Qafarzadə ilə QALMAQALLI MÜSAHİBƏ

img

12-02-2018 [12:39]


Tanınmış müğənni Nadir Qafarzadə "Ölkə.Az"-ın suallarını cavablandırıb.

- Nadir bəy, xeyli müddət idi ki, qalmaqallar etmirdiniz. Ancaq bir neçə gün öncə sosial şəbəkədə paylaşdığınız məlum status qalmaqala səbəb oldu.

- Status paylaşanda düşünmürəm ki, bu, qalmaqala səbəb ola bilər. İnanın ki, heç vaxt qalmaqal etmək niyyətində olmamışam. Yaşımın da o vaxtı deyil ki, qalmaqal edim. Qırx yeddi yaşım var. Bəli, gənclik illərində qalmaqallar etmişəm.

- Məqsədli şəkildə?

- Xeyr, o vaxt da məqsədli qalmaqallar etməmişəm.

- Bəs niyə statusu yazıb, sonra silirsiniz?

- Statusu silmək xahişlərlə də olur. Onsuz da mən silsəm də, digər sosial şəbəkələrdə, saytlarda qalır. Həm də istəmirəm ki, "Instagram" səhifəmi vərəqləyəndə həmin status gözümə görünsün və ürəyim bulansın. Ancaq bu qətiyyən qorxudan irəli gəlmir. Mənə tez-tez suallar verirlər ki, niyə sənin hər sözün partlayışa səbəb olur? Deyirəm ki, qardaş, mən bunu qəsdən etmirəm.

- Maraqlıdır, sözün tərkibinə nə qatırsınız ki, partlayışa səbəb olur?

- Çox maraqlıdır e. Orada Nadir sözü var da (gülür). Sözü daş kimi atıram, kimin bostanında düşdü, düşdü. Məsələn, son statusda ad çəkməmişdim. Amma həmin sözü özünə götürənlər oldu. Sabah kimsə durub yazsa ki, on nəfər oğlan belədir. Əgər mən reaksiya versəm, deyəcəklər ki, məgər sənin adını çəkmişəm?

- İlhamə Quliyeva haqda da tez-tez statuslar paylaşırsız...

- O mənim yaralı yerimdir. Qohum-əqrəbası, bacıları, oğulluğu, dayısı oğlu var. Maraqlıdır ki, sanki bu adam heç kimin vecinə deyil.

- Sizcə özü mahnılarını hər kəsin oxumağına razı olardımı?

- Razı olmazdı. Çünki onun özünün oxu tərzi var idi, Tükəzban İsmayılova, Həbib Bayramov kimi böyük məktəb görmüşdü. Böyük Fikrət Əmirov onun üçün mahnılar yazmışdı.

- Sizcə o sağlığında insanlara qarşı çoxmu amansız olmuşdu ki..., (sözümü kəsir-İ.V.)

- İnsanlara yox, şou biznesdəkilərin bəzilərinə qarşı sərt idi. Görürdü ki, kimsə çaşır, yerində oturdurdu. Fikir verirsinizmi, indi şou biznesdə necə xaosdur.

- İndi həmin tənzimləyici funksiyanı kim yerinə yetirir?

- Hazırda heç kim yoxdur və olmayacaq.

- Bəs siz həmin yerə iddia edə bilərsinizmi?

- Xeyr. Sadəcə, İlhamə xanıma sataşanlara, təhqir edənlərə deyirəm ki, o, haqq dünyasındadır və ayıbdır, bizə yaraşmaz. Hamımız öləcəyik. Yüz yaş yaşaya bilərsən, amma, yüz bir yaşda yenə gedəcəksən. Ölünün dalınca danışmazlar. Pis də olubsa, yaxşı da olubsa, o dünyada öz cavabını özü verəcək. Biz kimik ki, İlhamə xanımın yaxşı, yaxud pis olmasını müzakirə edək. Biz ona sənətkar gözüylə baxırıq.

- Özünüz onun repertuarına müraciət edəcəksinizmi?

- Bəli, artıq onun beş mahnısını oxumuşam. Sağlığında həmin mahnıların razılığını almışdım. Deyirdi ki, sən mənim mahnılarımı ifa etməyi bacarırsan. Onsuz da həmin mahnıları o səviyyədə ifa etmək mümkün deyil. Çünki İlhamə xanım möhürünü vurub. Heç olmasa əsərə toxunmadan, öz ruhumu qoyaraq oxumaq istəyirəm. Çox istərdim ki, müğənnilərimiz oxunmuş əsərlərə müraciət edəndə çox ehtiyatlı olsunlar.

- "Maral"dan sonra sizin təbirinizcə desək, partlayış edən mahnınınz yoxdur...

- "Maral"ı məqsədli oxumamışdım.

- Soruşmaq istədiyim sabah başqa sualdır. Sanki 3-4 ildir yaradıcılığınızda ciddi boşluq var. Bunun səbəbini soruşmaq istəyirdim.

- Şou biznesdə boşluq var. Mahnılar var e, amma bir ildən sonra unudulur. "Maral" 2013-cü ildə yazılıb, bu gün də aktualdır və həmin mahnıya görə Rusiyadakı məclislərə dəvət alıram. Bu həm də milyondan artıq baxış sayı yığan ilk mahnıdır. İndi milyon toplamaq dəbə düşüb və bunu hansı fırıldaqlarla etdiklərini də bilirik. 2013-cü ildə ağlımıza da gəlməzdi ki, bu mahnı səkkiz milyon altı yüz min baxış sayı qazanar. Camaatı duzsuz mahnılarla o qədər doyurdublar, o qədər oxuyancıqlar peyda olub ki... Müğənniciklər onsuz da var idi. Bunlar Azərbaycan xalq musiqisinə düşmən kəsiliblər. Məsələn, meyxana bizim folklorumuzdur. Ancaq bu janrı o günə qoyublar ki, meyxanaya da nifrət yaradıblar. Meyxananın Nizami Rəmzi, Ağasəlim Çıldaq kimi ustadları olub. Gəlin o meyxananı gözdən salmayaq. Düzdür, meyxana heç vaxt peşəkar janr kimi olmasa da, biz onu efir müsabiqələrinin vasitəsiylə peşəkarlaşdırmışıq. Çox istərdim ki, muğamımız kimi, meyxanamızı da qoruyaq. Necə ki Heydər Əliyef Fondu muğamımızı qoruyur, dünyaya çatdırır. Həm ifaçı, həm də vətəndaş olaraq, həmin qurumlara dəstək olmalıyıq. Efirə elələrini buraxırlar ki, nəsə səsi yoxdur, nə musiqini bilmir.

- Düşünmürsünüz ki, belə danışdığınıza görə sizi qınayanlar olar? Məsələn, deyə bilərlər ki, özün nə oxumusan ki, kimisə qınayırsan?

- Mən çox şeylər oxumuşam. Mənim qədər klassik mahnılar ifa edən az ifaçı var. Səid Rüstəmov, Hacı Xanməmmədov, Emin Sabitoğlu, Cahangir Cahangirovun əsərlərini oxumuşam. Demirəm ki, hamı Səid Rüstəmovdan oxumalıdır. Ancaq heç olmasa bu əsərlər itib batmasın.

- Prodüser Tolikin Nazpəri Dostəliyevanın başına tac qoymasının niyə sizdə qıcıq yaratmağı barədə danışaq.

- Bəli, qıcıqlandım və bu barədə Toliklə danışdım ki, düz etmədin. Tolik də həmişə İlhamə xanımın yanında olub.

- Həmin statusda qeyd etmişdiniz ki, İlhamə xanımı şantaj edərək, ürəyini partlatdılar...

- Bəli, doğrudan da onu şantaj edərək, ürəyini partlatdılar. O xanım vaxtında çevrəsini düz seçməmişdi. Yanında ucuz insanlar olurdu.

- Həmin çevrədə siz də var idiniz?

- O çevrədə ancaq belə ola bilərdim ki, özü evinə dəvət edərdi.

- Bəs niyə bu barədə ona demirdiniz?

- O boyda sənətkara ağıl verməyə mənim tərbiyəm yol verməzdi. Həm də o çevrə oturuşmuşdu. Özü son məqamlarda bunu anladı və artıq gec idi.

- Qayıdaq tac məsələsinə...

- Əvvəla, heç kim İngiltərə kraliçası Yelizaveta deyil ki, başında tac olsun. Nə də biz orta əsrlərdə yaşamırıq. Əgər kiminsə başına tac qoymaq istəyirdinizsə, bunu İlhamə xanımın sağlığında edərdiniz. Məgər biz ölmüş bir insanın ruhuna acıqmı veririk?

- Düşünmürsünüzmü ki, bu açıqlama Nazpəri Dostəliyevayla münasibətlərinizin pozulmasına səbəb ola bilər?

- Nazpəri xanım sənətkardı, böyük hörmətim də var. Bəlkə də onun əlini mənim qədər öpən müğənni olmayıb. Təbii ki, bu, onun sənətinə və xanımlığına olan hörmətimdən irəli gəlir. Mənə elə gəlir ki, o, bu tacı qəbul etməməliydi. Nazpəri xanımla qalmaqal etmək fikrim yoxdur. Ancaq onun böyüklüyü onda olardı ki, tacdan imtina edib "bu tacı vaxtında daşıyan olub" deyərdi. Fikrimcə, belə etsəydi, həmin jest onu daha da qaldırardı. Nazpəri xanım, o tac sizə lazımdırmı? Sənətiniz, gözəlliyiniz, xanımlığınız, hörmətiniz, şöhrətiniz və tac. Sizə lazımdırmı o tac? Düşünürəm ki, Nazpəri xanımın sənətinə heç bir tac, titul yaraşmır.

- Bir ara Flora Kərimovayla, İlhamə Quliyevayla, həmçinin Elmira Rəhimovayla virtual duetləriniz oldu. Ardı gözlənilirmi?

- Kiminlə? (kinayəli şəkildə gülür - İ.V.) Bu yaxınlarda Çinarə Məlikzadə adlı gənc və istedadlı xanımla duetimiz oldu. Özüm onunla duet oxumaq istədim.

- Hansı mahnını oxudunuz?

- İraq kərkük musiqisidir - "İnnə yarım". Biz bu mahnını orijinal ritmdə oxuduq. Həmin mahnını duet oxuyan olmamışdı. Yaxın zamanlarda radiolara təqdim ediləcək. Nadir Qafarzadənin məqsədi Azərbaycan mədəniyyətinə xidmət etməkdir. Mən demirəm ki, toy mahnıları oxumayaq. Toya getməsəm, həmin əsərləri yaza bilmərəm. Bunun aranjemanı, studiyası var.

- Sizinlə eyni dövrdə tanımağa başladığımız bir sıra sənətçilər artıq fəxri ad alıblar. Hər halda siz onlardan heç də az tanınmırsınız...

- Açıq şəkildə deyə bilərəm ki, bir çox xalq artisti və əməkdar artistlərdən daha çox əməyim var. Mənim qədər klassik əsərlərimizə müraciət edən olmayıb. Cəbhə bölgələrində mənim qədər konsert verən sənətçinin olduğuna inanmıram. Faktlarla danışmıram. Cocuq Mərcanlıdan, Lələtəpədən tutmuş, Xındırıstana qədər konsertlərdə təmənnasız iştirak etmişəm. Bəzən aylarla evdən uzaq qalmışam, xeyriyyə kosnertləri oxumuşam. Ola bilsin ki, fəxri ad almağa hələ yaşım çatmır (gülür).

- Sənətçilər toyların azlığından gileylənirlər...

- Cəmiyyətimizdə iki təbəqə var - çox varlılar və kasıblar. Əvvəl orta təbəqə var idi və bizi də onlar dəvət edirdilər. İndi həmin təbəqə yoxdur. Varlılar isə o qədər varlanıblar ki, artıq xaricdən müğənnilər çağırırlar. Məsələn, Murat Boz Bakıya 80 min lirəyə (təxminən 40 min manat) toya gəlmişdi. Halal xoşu olsun, əcəb edib. Artıq həmin varlılar düşünürlər ki, toyumda Nadir yox, Türkiyənin, Rusiyanın tanınmış sənətçiləri oxumalıdır.

- Amma xarici məşhurların dəvət aldığı məclislərdə Elton, Abbas Bağırov, Zamiq kimi yerli façılar da iştirak edirlər...

- İndi də toylar var. Çox maraqlıdır ki, insanlar xarici müğənniyə pul vermək istəyir, mənə vermək istəmir. Niyə? O gəlib fonoqramını qoyur, 3-4 mahnı oxuyur gedir. Murat Boz gəlib mənim kimi beş saat toy aparan deyil ki. Bizə gələndə əlləri əsir, bəlkə də verdikləri pulu başlarına çevirirlər (gülür). Bir tərəfdən də toyun olmadığına sevinirəm.

- Maraqlıdır...

- Əvvəl toy olurdu, Vergilər Nazirliyi dəng edirdi ki, gətirin vergini ödəyin. İndi toy yoxdur, zəng də etmirlər ki, gətir vergini ödə. İndi ehtiyatımdan yeyirəm. Maraqlıdır, həmin xarici müğənnilər vergini kimə verirlər? Ümumiyyətlə, onlardan vergi tələb edən varmı?

- Ehtiyatınız nə vaxta qədər bəs edər?

- Etməsə, nəyimisə satacağam. Rəhmətlik anam həmişə deyərdi ki, beş qazananda üçünü dala at. Çünki bu gün mənim kabab, yoxsa kartof yediyimi heç kim görmür. Ona görə də vaxtında qənaətlə yaşadığım üçün dolana bilirəm. Əvvəl çox qazanırdım, çox yeyirdim. Bu gün isə az qazanıram, az yeyirəm.

- Diqqətimi bir məqam çəkdi. Çəkilişdən çıxandan sonra sizinlə şəkil çəkdirmək istəyənlərə bildirdiniz ki, evə tələsirəm. Hiss etdiyim qədər ailənizə daha çox vaxt ayırmağı xoşlayırsınız...

- Ona görə həmişə deyirlər ki, ailəsini gözə soxur. Bəs kimdən danışım? Camaat qəlyanxanadan, arvadbazlıqdan danışanda, mən də evimdən danışmalıyam da. Bu ilin may ayının 2-də ailə qurmağımızın 25 ili tamam olur. Buna gümüş toy deyirlər. İyirmi beş il həm gündəmdə qalmalısan, həm də ailəni qorumalısan.

- Sizin iyirmi beş ildir ki, gündəmdə olduğunuzu demək olmaz...

- Hər halda 2000-ci ilin əvvəlindən başlamışdım və bu böyük rəqəmdir. Biz ailə quranda şou biznes yox idi. İndi çoxları nəyinsə xatirinə ərə gedir, ailə qurur.

- İstəsəniz ad çəkə bilərsiniz...

- Hər kəs bilir ki, söhbət kimdən gedir. Amma 1993-cü ildə ailəni ailə olmaq üçün qurmuşuq.



Digər xəbərlər
SON XƏBƏRLƏR