AZƏRBAYCANIN RAYON RƏHBƏRLƏRİ: kim haradan və necə vəzifəyə yüksəlib? – TAM SİYAHI

img

07-02-2018 [15:37]


Azərbaycanda rayon icra başçıları, onların fəaliyyəti və şəxsi davranışları kimi, həm də keçdikləri həyat yolları həmişə cəmiyyət üçün maraqlı olub.

Mia.az saytı olaraq, bu səbəbdən icra başçıları haqqında kiçik araşdırma apardıq. 

Araşdırmamızda xeyi maraqlı faktlar üzə çıxdı. Aydın oldu ki, icra başçılarımız arasında yaşı 80-i haqlamışlarla yanaşı, maraqlı karyeraya sahib olanlar da az deyil. Həmçinin, onların arasında komitə sədrinin, generalın doğma qardaşı, spikerin qudası və digər nüfuzlu şəxslərin qohumlarının olması da bu siyahıya xüsusi rəng qatır...

Beləliklə, əlifba sırası ilə hər rayonun icra başçısı haqqında əldə etdiyimiz məlumatları təqdim edirik: 

Abşeron rayonunun icra başçısı İradə Gülməmmədova1962-ci ilin oktyabrın 1-də Şuşada anadan olub. 2015-ci ildən hazırki vəzifəsini icra edir.  O, Azərbaycanda yeganə xanım icra başçısı olmaqla yanaşı,  həm də tibb üzrə təhsil alan yeganə icra məmurəsidir.
 
İradə Gülməmmədova 1985-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnistutunun (indiki ATU) "Pediatriya" fakültəsini bitirib.  O, 1986-1995-ci illərdə Balakən rayon xəstəxanasında  həkim "pediatr-neonotaloq” işləsə də, karyerası Abşeron səhiyyəsindən yüksəlməyə başlayıb. Hazırda Sumqayıtın icra başçısı olan Zakir Fərəcovun bu rayona rəhbərlik etdiyi dövrdə isə parlayıb. 1995-2006-cı ilərdə Abşeron rayon uşaq polikilinikasında baş həkim olan İradə xanım Zakir Fərəcov Abşerona başçı təyin edildikdən bir il ötməmiş Abşeron rayon İcra Hakimiyyətinə Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri postuna gətirilib. 2014-cü ilə qədər Zakir Fərəcovun müavini olan İradə xanım daha sonra 1-ci müavin təyin olunub. Bir sözlə, qısa zamanda Zakir Fərəcovun etimadını qazanan İradə xanımın başçı vəzifəsinə gedən yolu açılıb. 

Onu da qeyd edək ki, Gülməmmədovanın həyat yoldaşının isə əslən Gürcüstandan olduğu bildirilir. Gülməmmədovların Binəqədidə özəl klinikası və digər biznes sahələrinin olduğu da iddia olunur.

Ağdamın icra başçısı Raqub Məmmədov 1961-cı ilin avqust ayının 9-da Ağdamın Xıdılı kəndində anadan olub. 1983-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Bu sahədə karyerasına başlayıb. 1993-cü ildən isə keçmiş MTN sıralarında xidmət edib. Artıq 4 ilə yaxındır doğulduğu rayona rəhbərlik edir. O, bu vəzifəyə qədər MTN-nin Tərtər şöbəsinin rəisi olub. Bu üzdən daha çox keçmiş MTN başçısı Eldar Mahmudovun kadrı kimi xarakterizə olunan Raqub Məmmədovun adı son aylar adı müxtəlif qalmaqallı hadisələrdə də hallanır.

Ağdaşın icra başçısı İbrahimov Tofiq Hüseyn oğlu isə əslən Qəbələdəndir. 1954-cü il təvəllüdlü İbrahimov 1975-ci ildə Azərbaycan Dövlət Universitetini (Bakı Dövlət Universitetini), sonra ikinci təhsil kimi Təfəkkür Universitetinin hüquq fakultəsini bitirib. 4 mart 2010-cu ildən 14 aprel 2012-ci ilə kimi Lənkəran İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 14 aprel 2012-ci ildən isə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısıdır. Onun yüksəlişində ən böyük rolu isə nazir Kəmaləddin Heydərovun oynadığı cəmiyyətə sirr deyil.

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Bərdədə doğulub, 59 yaşı var. 13 ildir Ağcabədiyə rəhbərlik edir. Karyerasına isə işıq idarəsindən başlayıb, daha sonra ali təhsil alaraq, bank sektorunda çalışıb. Bərdədə icra başçısının müavini olduqdan qısa müddət sonra Samuxa başçı göndərilib. Samuxdan isə Ağcabədiyə təyinat alıb.

Şahin Məmmədovun keçmişi ilə bağlı xeyli ziddiyyətli iddialar olsa da, o, hazırda kifayət qədər ciddi iddia sahiblərindən birinə çevrilməyi də bacarıb. İqtidardakı iki ciddi qrupla isə çox yaxşı münasibətlər yaratdığı da diqqətdən qaçmır.

Ağstafa rayon İcra hakimiyyətinin başçısı Quliyev Məhərrəm Böyükağa oğlu 1968-ci ildə Lənkəranda anadan olub. O, Kənd Təsərrüfatı Akademiyasını bitirib. 2003-cü ildən 2006-dək Lənkəran şəhər İcra hakimiyyəti başçısının müavini işləyib. 13.03.2006-cı ildən Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsinə gətirilib. Yüksəlişində elə həmin vaxtlar Lənkəranın icra başçısı olmuş, hazırda isə PA-da yuxarıda qeyd edilən şöbənin rəhbəri olan Zeynal Nağdəliyevə borclu olduğunu iddia edənlər var. Məhz onun dəstəyi ilə sürətlə yüksəlişə keçən cənab Quiyev 1 iyul 2011-cı il tarixdən Ağstafa rayon İcra hakimiyyətinin başçısıdır.

Ağsunun icra başçısı Ənvər Qasım oğlu Seyidəliyev 1950-ci ildə elə bu rayonun Pirhəsənli kəndində anadan olub. Onun karyerasına çox da geniş işıq salmağa ehtiyac yoxdur. Bizcə, Seyidəliyevin əmək və əhainin sosil müdafiəsi naziri Səlim Müslümovla eyni kənddən olması və onların həm də yaxın qohum olmaları "qaranlıqları" aydınladır.

Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev 2 noyabr 1961-ci ildə Naxçıvanda anadan olub. 1990-cı ildə Azərbaycan Texnologiya İnstitutunu, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Əmək fəaliyyətinə 1980-cı ildə başlayıb. 1983-1986-cı illərdə Naxçıvan şəhərində tikinti trestində, 1987-1990-cı illərdə isə Naxçıvan Şərab Emalı Zavodunda müxtəlif vəzifələrdə, 1994-cü ildən isə Bakı şəhərində "Xal-xal" kommersiya şirkətinin direktoru vəzifəsində işləyib. 2000-2005-ci illərdə Vergilər Nazirliyində  işləyib. 2005-2006-cı illərdə Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 24 mart 2006-ci ildən 29 sentyabr 2006-cı il tarixə kimi Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2012-ci illərdə isə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Prezidentin 14 aprel 2012-ci il tarixli sərancamı ilə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. O, Masallıda icra başçısı olanda hazırda Daşkəsənin icra başçısı olan keçmiş deputat Əhəd Abıyevin onun haqqında söylədiklərini yəqin ki, cəmiyyət hələ də unutmayıb. 

Balakənin icra başçısı İslam Rzayev 1965-ci ildə Göyçay rayonunda anadan olub.1988-ci ildə Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını bitirib. Göyçayda və vergi qurumlarında müxtəlif vəzifələrdə işləyib. 2007-ci ildən 2011-ci ilədək Dövlət Neft Şirkətinin Audit Departamentində rəis müavini işləyən İslam Rzayev həmin il Balakən rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Onun yüksəlişində SOCAR-ın vitse-prezidentlərindən birinin xüsusi rolunun olduğu deyilir.

2011-ci ildən Bərdəyə rəhbərlik edən İsayev Vidadi İsa oğlu 18 aprel 1959-cu ildə Ermənistanın Əzizbəyov rayonunun Artavan kəndində anadan olub. 2004-2005-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini, 2005-2011-ci illərdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı olub. Gəncənin hazırkı icra başçısı Elmar Vəliyevin Yevlaxa rəhbərik etdiyi zamanlarda onun ulduzu parlayıb. Bu gün də Bərdənin məhz Gəncədən gələn təlimatlarla idarə olunduğu iddia olunur. Onun hətta Elmar Vəliyevin qardaşlarından birinə "Boss” deyə müraciət etdiyi də zaman-zaman mətbuatda yazılıb.

2012-ci ildən Beyləqanın icra başçısı olan Vaqif Abdullayev 16 oktyabr 1956-cı il tarixdə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olub. 40 yaşında ali təhsilini başa vuran icra başçısı bu təyinata qədər müxtəlif vəzifələrdə işləyib. Beyləqana qədər o, Xızı da icra başçısı olub. Həmin rayonda da məmurları döyməsi, təhqir eləməsi ilə mətbuatın gündəmində olub. Bu gün də eyni halları Beyləqanda davam etdirən Abdullayevin rayonda yaratdığı atmosferin cavabsız qalması isə göstərir ki, onun hakimiyyət kanallarında güclü dayaqları var. Bəzi iddialara görə, o, daha çox YAP sədrinin müavini Əli Əhmədovla PA-nın şöbə müdiri Zeynal Nağdəliyevə güvənir...

2011-ci ildən Biləsuvara rəhbərlik edən və 1958-ci ildə Kələbəcərdə anadan olmuş Mahir Quliyevin keçmişi də çox maraqlı faktlarla zəngindir. O, bu posta iaşə sektorundan gəlib. Mahir Quliyevin karyerasında iki tanınmış şəxs böyük rol oynayıb. İcra başçısının məmuriyyətindən başqa digər diqqətçəkən hobbisi də var.

2016-cı ildə Cəbrayılın icra başçısı təyin olunan 61 yaşlı Kamal Həsənov isə bu vəzifəyə qədər bank sektorunda işləyib. Onun sonuncu iş yeri Mərkəzi Bank olub. Təyinatında isə Mərkəzi Bankın sədri Elman Rüstəmova yaxınlığının böyük rol oynadığı deyilir.

Cəlilabada ötən gün  icra başçısı təyin edilən Namiq Rəsul oğlu Zeynalov  bu vəzifəyə qədər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsini tutub. Bu isə o deməkdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Fərhad Əliyevin həbsindən ta bu günə qədər, daha dəqiqi, 2006-cı ildən doğma rayonuna nəzarət uğrunda bütün rəqiblərini məğlub etməyi bacarır. Yeri gəlmişkən, az öncə Yasamala icra başçısı təyin edilmiş Əziz Əzizov da Kərəm Həsənov və qardaşı Malik Həsənovun vaxtı ilə biznes ortağə olub.

Daşkəsənin hazırkı 60 yaşlı icra başçsı Əhəd Abıyev icra başçıları arasında cəmiyyətin ən çox tanıdığı məmurdur. Əslən Masallıdan olan Abıyev 2011-ci ildən hazırki vəzifəsini icra edir. Keçmiş deputat iqtidarda bir çox vəzifə sahibləri ilə konflikt yaşasa da, onun Prezidentin mühafizə xidmətinin rəisi Bəylər Eyyubova bağlılığı karyerasının istinad dayağı olub.

Şirvanın icra başçısı Mərdan Camalov 27 may 1956-cı ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub. O, 2005-ci ildən bu şəhərdə icra başçısıdır. Qardaşı Yavər Camalov müdafiə sənayesi naziridir. Mərdan Camalovun məhz 2005-də vəzifəyə təyinatı ilə elə qardaşının nazir olması arasındakı tarixə diqqət etdikdə, əlavə şərhə ehtiyac qalmır.

Füzuli rayonunun icra başçısı Alı Alıyev 1955-ci ildə elə sözügedən rayonda doğulub. O, 8-ci ildir doğulduğu rayonun rəhbəridir. Alı müəllim bu vəzifəyə qədər Əhməd Əhmədzadənin işçisi olub. Karyerası da məhz "Meliorasiya və Su Təsərrüfatı” ASC sistemində parlayıb.

Gəncənin icra başçısı Elmar Vəliyev 1960-cı ildə Yevlaxda dünyaya gəlib. Vəliyev 2011-ci ildə Eldar Əzizovun (hazırda Səbailin icra başçısıdır-Mia.az) yerinə bu posta təyin edilib. Ona qədər o, Yevlaxa rəhbərlik edib. Vəliyev qardaşları ölkədə tanınırlar. Onlardan biri də Baş prokurorn müavini və ölkənin hərbi prokuroru Xanlar Vəliyevdir. Elmar Vəliyevin yüksəlişi isə prokuror qardaşına görə deyil, "Boss” deyə çağırılan digər qardaşına görədir. Hansı ki, "Boss”un Bəylər Eyyubovun yaxın dostu olduğu deyilir.

Gədəbəyin icra başçısı Ramiz Yediyarov 1966-cı il tarixdə Ermənistan SSR-nin Vedi rayonunda anadan olub. O, 2012-ci ildə bu vəzifədə Kamran Rzazadəni əvəzləyib. Keçmiş vergi əməkdaşı Ramiz Yediyarovun icra hakimiyyətinə gedən yolunu da məhz keçmiş nazir Fazil Məmmədovun "təmizlədiyi” zaman-zaman  dövrü mətbuatda da yazılıb. Bəzi iddialara görə, Fazil Məmmədovun "vurulması”ndan sonra onun əksər kadrları kimi, Ramiz Yediyarovun da "gəmisi ləngər vurur”.

2009-cu ildən Goranboyun icra başçısı vəzifəsində çalışan 64 yaşlı Nizaməddin Quliyev elə bu rayonun Tap Qaraqoyunlu kəndində anadan olub. O, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını, Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatı iqdisadiyyatı və təşkili institutunun aspiranturasını bitirib. İqtisad elmləri namizədidir. Vəzifə yüksəlişində keçmiş nəqiyyat naziri Ziya Məmmədovun sayəsində uğur qazandığı sirr deyil. Söz yox ki, icra başçısı işlədiyi 9 il müddətində özünə bir çox əlaqələr də yarada bilib. Onun 3 övladından biri isə məhkəmə hakimidir...

Göyçayın 63 yaşlı, əslən İmişli rayonundan olan icra başçısı Mehdi Səlimzadə 2016-cı ildən bu vəzifədə işləyir. O, uzun illər Ədliyyə Nazirliyində Bələdiyyələrlə İş üzrə Mərkəzə rəhbərlik edib. Mehdi Səlimzadə Sumqayıtın icra başçısı Zakir Fərəcovla qudadır. Məhz bu qudalığın hesabına Mehdi Səlimzadənin icra qurumuna transfer olunduğu da iddia olunur.

Hacıqabulun icra başçısı Əhməd Muxtarov 1951-ci ildə Yevlax rayonu Malbinəsi kəndində anadan olub. 67 yaşlı başçı 2006-cı ildən hazırki vəzifəsindədir.  O, Xalq Təsərrüfatı İnstitutunu və Bakı Ali Partiya məktəbini bitirib. 2000-2005-ci il Yevlax şəhər İcra Hakimiyyəti Sosial-İqtisadi məsələlər üzrə müavini olub. Uzun illər doğulduğu Yevlax rayonunda müxtəlif vəzifəərdə işəyib. 2005-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azərdənizneftinşaat” trestində müdir müavini olub və buradan icra başçısı təyin olunub. Onun icra başçısı təyinatında isə Prezident Administrasiyasının nüfuzlu şəxslərindən birinin təqdimatı rol oynayıb.

Göygölün 1957-ci il doğumlu icra başçısı Arif Seyidov doğma rayonuna 12 ildir rəhbərlik edir. Onun zaman-zaman Gəncənin icra başçısı Elmar Vəliyevlə probemlər yaşadığı da sirr deyil. Arif Seyidovun necə icra başçısı vəzifəsinə yüksəlməsi haqda da çox maraqlı iddialar var. Lakin bunları dəqiqləşdirmək imkanımız olmadığından təfərrüatlara toxunmuruq.

Əslən Lerikdən olan 64 yaşlı Novruz Novruzov 11 idir Şabranın icra başçısı vəzifəsində işləyir. İxtisasça kitabxanaçı olan Novruz Novruzov Lerikdə müxtəlif vəzifələrdə, həmçinin icra başçısı olub. O, eyni zamanda, 1993-cü ildə mövcud olan Mətbuat və İnformasiya Nazirliyində işləyib, yüksəlişində həmyerlilərindən birinin  təqdimatı əsaslı rol oynayıb. Sonradan isə çevrəsini böyüdə bilib. 

Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev qocaman rayon rəhbərlərindəndir. O, 1939-cu il aprelin 1-də Naxçıvan MR-nın Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub. 79 yaşlı Xanbabayev 1980-ci ildən Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildən Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, 1990-1992-ci illərdə Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, Naxçıvan MR baş nazirinin müavini, 1992-ci ildən Naxçıvan Muxtar Respublikasının baş naziri, 2000-2004-cü illərdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışıb. 2004-ci ildən Xaçmazın icra başçısıdır. Məşhur Xanbabayevlər nəslindən olan Şəmsəddin müəllimin yüksəlişi birbaşa mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə baş verib.

Xızı rayonunu icra başçısı Xəzər Aslanov 1970-ci ildə Bakı şəhərində anadan olub. O, 2012-ci ildən bu vəzifədədir və vaxtı ilə Abşerona rəhbərlik etmiş Qəşəm Aslanovun oğludur. Təsdüfi deyil ki, onun özü də Abşeronda südçülük savxozunda əmək fəaliiyyətinə başlayıb. Başqa sözlə desək, məhz atasının qazandığı hörmətin sayəsində vəzifələrə yüksəlib.

Şahmar Şahhüseyn oğlu Usubov 1953-cü il avqust ayının 4-də Yuxarı Qarabağın Xocalı kəndində anadan olub. 2000-ci ildən bu postdadır. Onun çox maraqlı tərcümeyi-halı var. Belə ki, o,1970-1971-ci illərdə Xocalı tərəvəzçilik, südçülük sovxozunda fəhlə işləyib. 1971-1972-ci illərdə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda dinləyici olub. 1974-1975-ci illərdə Xocalı 2№-li sovxozda fəhlə işləyib. 1979-1990-cı illərdə Xocalı Tərəvəzçilik, südçülük sovxozunda mexanizasiya mühasibi, baş mühasibin müavini, baş iqtisadçı vəzifələrində işləyib. 1990-cı ildən 1998-ci ilədək Respublika Aqrar-Sənaye bankının Xocalı filialının müdiri vəzifəsində çalışıb. 1998-1999-cu illərdə Bakı şəhər Əzizbəyov rayon enerji satış idarəsində müdir işləyib. 1999-2000-ci illərdə Bakı şəhər Xətai rayon qaz-istismar idarəsində qazın qəbulu, nəqli və satışı sahəsində rəis vəzifəsində işləyib. 12.05.2000-ci ildən 16.12.2000-ci ilədək "Seyşun" şirkətində icraçı direktor işləyib.2000-ci il dekabr ayının 21-dən isə Xocalı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir. Belə bir karyera sahibinin birdən-birə başçı təyinatı da səbəbsiz deyiil. Onun təyinatında birbaşa daxili işlər naziri Ramil Usubovun təqdimatı əsas olub.

Xocavəndin icra başçısı Hüseynov Eyvaz Mövsüm oğlu15 fevral 1959-cu ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olub. Hüseynov ən təcrübəli icra başçılarından hesab edilir. O, bir rayonda eyni postda işləyən ən uzunömürlü icra başçısıdır. 1992-ci ildən Xocavəndə rəhbərlik edir. Uzun illərin təcrübəsi, rəhbərlik etdiyi rayonun kiçik və işğalda olması ona bu illərdə ciddi rəqib də çıxarmayıb. Odur ki, müxtəlif vəzifəli şəxslərlə dil taparaq, karyerasını davam etdirir.

Göygöldə anadan olmuş 61 yaşlıl Vilyam Hacıyev 2012-ci ildən İmişlinin icra başçısı təyin olunub. O, 1979-1998-ci illərdə Mülki Aviasiya idarəsində müxtəlif vəzifələrdə çalışıb. 1999-2002-ci illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və müdafiə məsələləri şöbəsinin müdiri, 2002-2004-cü illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, 2004-2006-cı illərdə Göygöl şəhərin Rayon İcra hakimiyyətinin başçısı, 2006-2012-ci illərdə isə Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib. Vilyam Hacıyev yüksəlişində kimə minnətdar olduğunu ara-sıra unudan məmurlardandır.

İsmayıllının icra başçısı Mirdamət Sadıqov elə bu rayonda da doğuub. 68 yaşlı Mirdaməd Sadıqov 2013-cü ilin fevralında doğulduğu rayonda baş verən etiraz aksiyalarından sonra başçı təyin edilib. Mirdamət Sadıqovun zəngin karyerası var. O, müəllimlikdən Bakı Maliyyə-Kredit Texnikumunun direktoru vəzifəsinə qalxıb.  Oradan Nəsimi Rayon Vergilər İdarəsinin rəisi, 2000-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna prorektor vəzifəsinə təyin edilib. 2008-ci ildə Vergilər Nazirliyi vergi siyasəti və vergi qanunvericiliyi strateji araşdırmalar mərkəzinin baş idarə rəisi vəzifəsində çalışıb. 2008-ci il noyabr ayının 21-də Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilib. İqtisad elmləri doktoru, professordur. 

Bir daha qeyd edək ki, İsmayıllıda keçmiş nazir Füzuli Ələkbərovun oğlu və yaxınlarının hərəkətinə qəzəblənən kütlə ilə toqquşmadan sonra Sadıqov rektorluqdan icra başçısı postuna göndərilib. Bu məsələdə kiminsə təqdimatından daha çox, narazı bir rayona öz həmyerlilərini başçı təyin etməklə, sakitlik yaratmaq istəyinin durması sirr deyi.

Kəlbəcərin də icra başçısı, əslən kəlbəcərli olan 58 yaşlı Aqil Məmmədov da 2013-cü ildən hazırki vəzifəsindədir. Aqil Məmmədov rayonun Ağdaban kəndində anadan olub. O, bu kənddə savxozda işləyib. 2006-cı ilin oktyabr ayından Kəlbəcər rayon İcra hakimiyyətində çalışıb. Əvvəlcə aparatın İctimai təşkilatlar və siyasi partiyalar şöbəsində böyük referent vəzifəsində, 2008-2013-cü ildə Kəlbəcər rayon İcra hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib. O, 4 mart 2013-cü il tarixdən isə Kəlbəcər rayon İcra hakimiyyəti başçısı vəzifəsində işləyir.  Aqil Məmmədovun təkcə doğulduğu kəndin adı bəs edər ki, onun kimin təqdimatı ilə Kəlbəcərə rəhbərlik etdiyi anlaşılsın. Məlumat üçün qeyd edək ki, o, "Dəmiryolu”nun rəisi, deputat Cavid Qurbanovla həmkəndli və qohumdur.

Kürdəmirin 53 yaşlı, əslən yevlaxlı olan icra başçısı Ceyhun Cəfərovun bu rayona rəhbər göndərilməsi təsadüf olmayıb. O, hazırda həbsdə olan Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla yeznə-qayındır. Ceyhun Cəfərov Vidadi Zeynaovun qılıncının dalı kəsən zamanlarda Yasamal İcra Hakimiyyətində başçının müavini, başqa sözlə desək, həmyerlisi İbrahim Mehdiyevin müavini olub. Bəli, həm Vidadi Zeynalovun, həm də İbrahim Mehdiyevin birgə fəaliyyəti Ceyhun Cəfərovun Kürdəmirə başçı təyinatında mühüm rol oynayıb. Lakin hazırda iki himayədarından birinin həbsdə, digərinin isə işsiz olması onun karyerasına təhlükə yaradıb...

Qaxın icra başçısı Musa Şəkiliyevin 59 yaşı var. O, 1959-cu ildə Qax rayonunda anadan olub. O, 1976-cı ildə Qax şəhər 1 saylı orta məktəbini bitirib. Rostov Vilayətinin Novoçerkassk şəhərindəki Novoçerkassk Mühəndis-Meliorasiya institutunda 1981-ci ildə meşə təsərrüfatı mühəndisi ixtisası alaraq institutu bitirib. 1989-2002-ci illərdə Qax Meşə Təsərrüfatının direktoru, 2002-2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası idarəsində rəis əvəzi, Meşələrin İnkişafı Deportamentində direktor müavini vəzifələrində işləmişdir. Musa Şəkiliyev Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2010-cu il tarixli 850 saylı sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. O, ömrü boyu meşə və ekologiya sahəsində çalışsa da, "krişası”nın həmyerlisi, "Meliorasiya və su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə olduğu deyilir. O da Əhməd müəllim kimi 1 nomrəli orta məktəbin məzunudur.

Qazaxın icra başçısı Rəcəb Babaşov 2016-cı ildən bu vəzifədədir. Rəcəb Babaşov Vergilər nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi işləyib. Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu R.Babaşovun qızı ilə ailə həyatı qurub. Yəni haqqında qısaca bilgi verdiyimiz bu adam, əslində, keçmişin dostları, indinin isə "mehriban düşmənləri” olan  Ziya Məmmədovla Cavid Qurbanovun qohumluğunu, həm də etimadını qazana bilib. Düzdür, son aylar onu keçmiş nazir Fazil Məmmədovla əlaqələndirənlər də var. Lakin faktdır ki, Rəcəb Babaşov "çoxşaxəli krişa”ya sahibdir.

Qəbələnin icra başçısı Səbuhi Abdullayev gənc rayon rəhbərlərindəndir. 30 aprel 1972-ci ildə anadan olmuş Abdullayev 6 ildir bu vəzifədədir. Onun barəsində qısaca demək olar ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kadrıdır. Məhz "fövqəlnazir” sayəsində yüksəlişə keçib.

Qobustanın 67 yaşlı icra başçısı Adil Məmmədov Oğuzun Xaçmaz kəndindəndir. 2011-ci ildən Qobustanın icra başçısıdır. Adil Məmmədov buna qədər Biləsuvar, Qəbələ və Oğuzda icra başçısı işləyib. Onun iki nüfuzlu məmurla çox sıcaq əlaqələri var.

Yardımlının icra başçısı Ayaz Əsgərov isə 1964-cü ildə Tovuzda anadan olub. O, 2 ilə yaxındır bu rayona rəhbərlik edir. Ayaz Əsəgərov haqda qısaca onu demək olar ki, bu şəxs Dəmiryolu idarəsinin sabiq rəisi, Ziya Məmmədovun keçmiş müavini Arif Əsgərovun doğma qardaşıdır. 

O, 1989-cu ildə Moskva Ət və Süd məhsullarının Texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. Ayaz Əsgərovun 2006-cı ildə - test imtahanı ilə bu universitetdə neçə balla qəbul olunması və ya burada ikinci ali təhsil alması, yaxud da ixtisasartırma kurslarında iştirak etməsi haqda dəqiq məlumat olmasa da, onun məhz 2006-cı ildə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini olması fakdır. O, bu vəzifədə 2011-ci iədək işləyib. Həmin ildən 2016-cı ilədək isə Qazax Rayon İcra Hakimiyyətinin başçısı olub. 19 may 2016-cı ildən isə Yardımlıya rəhbərlik edir. Qardaşının vəzifədən alınması, qardaşı uşaqlarının barəsində isə gündəmdə olan qalmaqallı məsələlərdən sonra onun icra sahəsində çox da davam gətirməyəcəyini iddia etmək olar.

Qubanın icra başçısı Əliyev Ziyəddin İsmayıl oğlu 27 iyun 1963-cü ildə Ermənistanın Krasnoselsk rayonunun Ardanis kəndində anadan olub. O, uzun illər ölkənin yol təsərrüfatında işləyib. Sonuncu vəzifəsi, yəni icra başçısı təyin edilən günə qədər isə "Azəravtoyol" ASC-nin "Bakı 2 №-li Yol İstismarı” MMC-nin direktoru idi. O, 2 ay əvvəl, daha dəqiqi 2 dekabr 2017-ci ildə Yaşar Məmmədovun vəzifədən çıxarılmasından sonra Qubaya icra başçısı göndərilib. Hakimiyyət komandasında ən çox bağlı olduğu məmur isə dəmiryolu idarəsinin rəhbəri Cavid Qurbanovdur.

Qubadlının icra başçısı Malik İsaqov 1953-cü ildə rayonun Çərəli kəndində dünyaya gəlib. İsaqov da təcrübəli icra başçılarından hesab edilir. O, bu vəzifədə 2001-ci ildən çalışır. Onun hakim düşərgədə sıx münasibətdə olduğu bir neçə nüfuzlu məmur olsa da, əsas gücünün Bakı Şəhər İcra Hakimiyyətində məsul vəzifə tutan yaxın qohumunun əlaqələrindən qaynaqlandığı iddia olunur.

12 ilə yaxındır Qusarın icra başçısı olan Şair Alxasovun bu vəzifəyə neçə gəib çıxması isə oduqca maraqlıdır. Rəsmi tərcümeyi –halından görünür ki, o, bu vəzifəyə qədər elə də sanballı dövlət vəzifəsində "bişməyib”. Belə ki, 1958-ci ildə Qusarın Çətkün kəndində anadan olan Şair müəlim 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisasıni bitirib. Əmək fəaliyyəti dövründə "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, "Bərpaçı-A" MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışıb. Və 18 dekabr 2007-ci il tarixli Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Onun bu vəzifəyə təqdimatı haqqında təzadlı iddialar da var. Dəqiq olmadığı üçünsə təfərrüata toxunmuruq.

Laçının icra başçısı Aqil Nəzərlini bu vəzifəyə necə gəldiyini yəqin ki, bütün laçınlılar yaxşı bilir. 42 yaşlı Nəzərli 3 mart 2016-cı ildən Laçın rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. O, Sumqayıtın icra başçısı Zakir Fərəcovun yaxın qohumudur.

Lerikin icra başçısı Rövşən Bağırov 1966-cı ildə Bakıda anadan olub. 1983-1990-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. 1983-cü ildə əmək fəaliyyətinə başlayıb. 1983 - 1985 - ci illərdə Əzizbəyov adına Neft-Kimya İnstitutu, "Əməyin mühafizəsi" kafedrasında preparator, 1985 - 1987 - ci illərdə Sovet Ordusu sıralarında bölmə komandiri, 1987 - 1989 - cu illərdə Neft-Kimya İnstitutu, "Əməyin mühafizəsi" kafedrasında laborant, 1989 - 1990 - cı illərdə Neft-Kimya İnstitutunda mühasib, 1990 - 1991 - ci illərdə Azərbaycan LKGİ MK-nın Gənclərin və tələbələrin respublika qərargahında təlimatçı, 1991 - ci ildə "Gənclik" Sovet Türkiyə müştərək müəssisəsində baş mühasib, 1991 - 1992 - ci illərdə "Amal" kiçik müəssisəsində baş mühasib, 1992 - 1994 - cü illərdə Səbail Rayon Əhalinin Məşğulluq Mərkəzində baş mühasib, 1995 - 1996 - cı illərdə "Elmarbank" Səhmdar Kommersiya Bankında kredit şöbəsinin müdiri, 1994 - 2003 - cü illərdə "Debut" Səhmdar Kommersiya Bankının "Sahil" filialında şöbə müdirinin müavini, 2003 - 2006 - cı illərdə "Bakı yoltikintiservis" Açıq Tipli Səhmdar Cəmiyyətində baş mühasib, 2006 - 2007 - ci illərdə "Sənaye Tikinti Servis" Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri vəzifələrində çalışıb. 2 aprel 2007-ci ildən Lerik Rayon İcra Hakimiyyəti başçısı təyin edilib. Göründüyü kimi, əmək fəaliyyəti dövründə əsasən mühasib olan biri birdən –birə icra başçısı təyin edilib. Onun belə ani sıçrayışında isə nüfuzlu bir məmurun əsas rol oynadığı haqda bilgilər var.

Masallının icra başçısı, ixtisasca jurnalist olan Rafil Hüseynov 1953-cü ildə Bərdədə anadan olub. O, bu vəzifədə 14 aprel 2012-ci ildən işləyir. Hazırda Astaranın icra başçısı olan Qəzənfər Ağayevin xələfidir. Rafil Hüseynov zəngin karyeraya sahibdir. O, 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini, 1980-ci ildə UİLKGİ MK-yanında AKM-ni, 1989-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Kənd təsərrüfatı istehsalının iqtisadiyyatı fakultəsini bitirib. 1991-ci illərdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinin icraçısı, 08.11.1991-10.07.1992-ci illərdə Bərdə rayonu Dövlət Vergi İnspeksiyasının rəisi, 10.07.1992-18.12.1992-ci illərdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,18.12.1992-04.09.1996-cı illərdə Bərdə Rayon İcra hakimiyyəti başçısının müavini, rayon kənd təsərrüfatı və ərzaq idarəsinin rəisi, 04.10.1996-10.12.1998-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Baş aqrar islahatlar idarəsində şöbə rəisi, 10.12.1998-23.06.2003-cü illərdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İslahatlar və Sahibkarlığın inkişafı Baş İdarəsində rəis müavini, idarə rəisi. 26.09.2003-05.01.2006-cı illərdə Kənd Təsərrüfat Nazirliyinin Aqrar İslahatlar və sahibkarlığın inkişafı şöbəsində müdir müavini, sektor müdiri, 01.02.2006- 03.02.2007-ci illərdə "Qara Torpaq” konsalting MMM-in icraçı direktoru, 03.02.2007- 13.07.2007-ci illərdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Icraçı katibliyinin Bələdiyyələrlə İş üzrə departamentinin direktoru, 13.07.2007-04.09.2007-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi, 04.09.2007-31.03.2009-cu illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regionların sosial-iqtisadi inkişafının analitik sektorunun müdiri, 31.03.2009-04.08.2010-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regionların sosial-iqtisadi inkişafının analitik sektorunun müdiri, 04.08.2010-14.04.2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində çalışıb. Dövlət qulluğunun baş müşaviridir. "Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunub. R.Hüseynovun təqdimatında vaxtı ilə Prezidenti Adminstrasiyasında işlədiyi şöbənin mühüm rol oynaması şübhə doğurmur.

Neftçalanın icra başçısı Vəliyev İsmayıl Məhərrəm oğlu 31 oktyabr 1959-cu ildə Gəncə şəhərində anadan olub. Vəliyev bu vəzifədə Taleh Qaraşovu 2011-ci ildə əvəzləyib. Cənab Vəliyev karyera pilləsindəki yüksəlişlərə görə fövqələdə hallar naziri olan Kəmaləddin Heydərova borcludur. Bu, onun tərcümeyi-halndan da görünür. Belə ki, İsmayıl Vəliyev Kamaləddin Heydərov ölkə gömrüyünə rəhbərlik edəndən onun komandasındadır. 1996-cı ildən 1998-ci ilədək Sumqayıt Gömrük İdarəsinin rəisi,1998-ci ildən 21 yanvar 1999-cu il tarixədək Gömrük Komitəsi sədrinin müşaviri, 21 yanvar 1999-cu il tarixdən 03 yanvar 2001-ci il tarixədək Komitənin Dövlət analitik şöbəsinin rəisi, 03 yanvar 2001-ci il tarixdən 31 may 2005-ci il tarixədək Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini vəzifələrində işləyib. 2005-ci ildə gömrükdən Qobustana icra başçısı göndərilib. 26 aprel 2011-ci il tarixdən etibarən isə Neftçala rayonuna başçı təyin edilib. İnsafən qeyd etmək lazımdır ki, o, başçı təyin edildikdən sonra rayonda sürətli abadlıq və yenidənqurma işləri görülüb. Bu üzdən də o, iqtidarın uğurlu kadrlarından sayılır. 

Oğuz rayonuna rəhbərlik edən Eyvaz Qurbanovun 55 yaşı var. Qurbanov 2011-ci ilin aprelindən Oğuzun icra başçısıdır. O, bu vəzifəyə idman sahəsindən gedib. Rəsmi tərcümeyi-halı nə İcra Hakimiyyətinin saytında, nə də digər mənbələr də var. Odur ki, onun ixtisasını da dəqiq müəyyən etmək mümkün olmayıb. Lakin bilinən odur ki, Eyvaz Qurbanov bu vəzifədə rayon camaatının ümidlərini gözlənildiyi kimi doğrultmayıb. İş o yerə çatıb ki, icra başçısı rayonda məsxərə obyekti də olub. Məsələn, onun Heydər Əliyev prospektində böyük ticarət mərkəzi ilə yanaşı,  Şəki-Oğuz yolunun üstündəki düzənlik ərazidə, yəni heç kimin yaşamadığı ərazidə uşaq bağçası tikdirməsi hələ də rayonda lətifə kimi danışılır. Bütün bunlar həm də onu göstərir ki, Qurbanov vəzifəsinin verdiyi səlahiyyətin mahiyyətini anlamaqda çətinlik çəkir.

Saatlının icra başçısı Siraqəddin Cabbarov 2008-ci ildə bu vəzifəyə təyin edilib. 1959-cu ildə İmişli rayonunda anadan olan Cabbarov bu vəzifəyə qədər Binəqədi İcra Hakimiyyətində müavin işləyib.  O,  1981-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. İxtisasca mühəndis-mexanikdir.
Əmək fəaliyyətinə 1981-ci ildə Bakı Metaləritmə zavodunda mühəndis-texnoloq kimi başlamış və 1992-ci ilə kimi həmin zavodda komsomol komitəsinin katibi, baş metallurqun müavini və zavod idarəetmə xəttinin rəisi və zavod həmkərlar komitəsinin sədri kimi vəzifələrdə işləyib. 28 avqust 1989-cu ildən 25 aprel 2008-ci ilə kimi Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatında Mənzil sahələrinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin müdiri, Təsərrüfat şöbəsinin müdiri, Sosial-iqtisadi məsələlər şöbəsinin müdiri və Binəqədi Rayon İcra Hakimiyyəti başçının müavini vəzifələrində çalışıb.İnsafən qeyd etmək lazımdır ki, o, Saatlıya başçı təyin edildikdən sonra rayonda sürətli abadlıq və yenidənqurma işləri görülüb. Bu üzdən də o, iqtidarın uğurlu kadrlarından sayılır. 

Sabirabadın 66 yaşlı icra başçısı Nazim İsmayılov Göyçay rayonu Kürdşaban kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun, istilik energetik mühəndisi fakültəsini bitirib. 1991-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda politoloq fakültəsi üzrə ali təhsilini başa vurub. 1983-1985, 1988-1990, 1992-1994 –cü illərdə Göyçay rayon Xalq Deputatları Sovetinin (XDS) deputatı olub.

31.05.1994 - 19.04.2001-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının müavini, 19.04.2001 - 07.07.2006-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısı vəsifəsində çalışıb. Sonradan iş yeri dəyişdirilən N.İsmayılov 07.07.2006 - 21.04.2011-ci il aralığında Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı postunu tutub. Prezident İlham Əliyevin 21 aprel 2011-c il sərancamına əsasən, Nazim İsmayılov Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Elə həmin gün onun Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.

Nazim İsmayılov mətbuatın gündəmində təkcə yarıtmaz fəaliyyəti ilə deyil, o, həm də oğlunun əməlləri, eyni zamanda, MTN-nin istintaq idarəsinin keçmiş rəisi Mövlan Şixəliyevin adı ilə gəlib. İddia olunur ki, o, məhz MTN-nin keçmiş rəhbərliyinin gücü ilə belə postlara qədər yüksəlib. Son illər onun həddən artıq ehtiyatlı və tədbirli davranması barədə deyilənlər də, belə düşünməyə əsas verir. 

Salyanın icra başçısı Sevindik Hətəmov 1963-cü il aprelin 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1980–cı illdə Güləbird kənd orta məktəbini bitirib.  Azərbaycan Politexnik İnstitutunun Mühəndis- mexanik fakültəsini bitirib. Laçında müxtəlif vəzifələrdə işləyib. 2005-2010-cu illərdə Milli Məclisinin deputatı olub. 

Bir müddət Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri olub. 2012-ci ilin mart, aprel aylarında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi, 2012-2016-cı illərdə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Hazırkı vəzifəsinə də məhz Yardımlı İH-nin rəhbəri postundan gəlib.

İnsafən qeyd etmək lazımdır ki, o da iqtidarın uğurlu kadrlarından hesab olunur. Elə Yardımlıdan Salyana başçı təyin olunarkən yardımlıların və Yardımlı kökənli jurnalistlərin də sosial şəbəkədə yazdıqları şərhlər belə deməyə əsas verir. Sevindik Hətəmovun Yardımlıda yaratdığı işgüzar və səmimi mühütü indi də Salyanda yaratdığı deyilir. Bir sözlə, iqtidarın barmaqla sayılacaq uğurlu kadrlarından birinin də Salyanın icra başçısı olduğu bildirilir. 

Samuxun icra başçısı Alı Qocayev 27 iyul 1947-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olub. Samuxa qədərki vəzifəsi isə Binəqədidə icra başçısı olub. Lakin bu rayonda yaratdığı problemlər onun Samux kimi kiçik bir rayona "sürgün” edilməsinə rəvac verib. 

O, 1974-cü ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun elektrik intiqalı və sənaye qurğularının avtomatlaşdırılması fakultəsinin axşam şöbəsini bitirib.

Əmək fəaliyyətinə 1976-cı ildə Bakı Radio Zavodunda elektrik montyoru kimi başlayıb. Milli Məclisin sədri Oqtay Əsədovun "Azərsu”ya rəhbərlik etdiyi dövrdə, yəni 1997-2000-ci illərdə Alı Qocayev "Abşeron Regional Səhmdar Su" Cəmiyyətinin vitse-prezidenti, 2000-2004-cü illərdə Bakı Kanalizasiya İstehsalat Birliyinin baş direktoru, 2004-2005-ci illərdə isə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 2005-2012-ci illərdə isə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib.

Xatırladaq ki, Alı Qocayev spiker Oqtay Əsədovla qudadır. Lakin bu qohumluq da onun Binəqədi kimi böyük bir rayondan Samuxa "sürgün” edilməsi və orada 6 ildir "kök salması”nın qarşısını ala bilməyib.

Siyəzənin icra başçısı Asif Hüseynov 25 aprel 1981-ci ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olub. 37  yaşlı başçı 34 yaşından, yəni 2015-ci ilin oktyabrından bu vəzifədədir. O, ölkənin ən gənc icra başçısı və uğurlu kadrlarından sayılır. Hüseynov Azərbaycan Texniki Universitetini iqtisadçı, Bakı Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib.  İqtisad üzrə fəlsəfə doktorudur.  Əmək fəaliyyətinə başladığı dövrdən ARDNŞ-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda və ARDNŞ-ın Sosial İnkişaf İdarəsində müxtəlif vəzifələrdə çalışıb. Sonuncu iş yeri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin rəis müavini vəzifəsi olub. Onun məhz neft rayonu Siyəzənə təyinatı elə SOCAR rəhbərliyinin təqdimatı ilə baş tutub. 

Şamaxıya rəhbərlik edən 57 yaşlı Ağayev Asif Əzizağa oğlu da Sabirabadlıdır. O,  rayonunun Ulacalı kəndində anadan olub, 1988-ci ildə V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunu inşaatçı-mühəndis ixtisası üzrə bitirib.  Əmək fəaliyyətinə 1979-cu ildə Sabirabad kolxozlararası tikinti idarəsində fəhlə kimi başlayan Asif Ağayev sonradan neft sahəsəinə transfer edib. O, icra başçısı təyin olunduğu günə qədər isə ARDNŞ-nin "Neft Kəmərləri" İdarəsində tikinti və təmir üzrə rəis müavini vəzifələrində işləyib. 15 fevral 2013-cü il tarixli Sərəncamı ilə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Onun təyinatının da elə SOCAR rəhbərliyinin təqdimatı ilə baş tutduğu iddia olunur. 

Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun harada və neçənci ildə hansı ayonda doğulması kimi, təhsili haqda da İcra Hakimiyyəti rəsmi məlumatı gizlədib. Lakin mətbuatdan aydındır ki, o, bu vəzifəyə qədər Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb. 8 oktyabr 2014-cü ildə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Mətbuatda onun başqa bir hobbisinin (tamadalıq və özünü "Polad Ələmdar” kimi aparması) olduğu haqda da şok iddialar yayılıb. Bütün bunlarla bərabər, onun keçmiş vergilər naziri Fazil Məmmədovun kadrı olması sirr deyil. Yəni məhz Fazil Məmmədovun sayəsində həm vergi, həm də icra orqanına yüksəldiyi haqda çox yazılıb. Görünür, onun məhz sabiq nazirin doğulduğu rayona başçı təyin edilməsi də təsadüf sayılmır.

Şuşanın icra başçısı Bayram Əsəd oğlu Səfərov 1950-ci ildə Şuşada anadan olub. O, 2009-cu ildən Şuşanın icra başçısıdır. İxtisasca iqtisadçıdır. O, Şuşa Rayon İstehlak Cəmiyyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində işləyib. Son illər "Azərbaycan Hava Yolları” Cəmiyyətində  rəhbər vəzifədə çalışıb. 2009-cu il fevral ayının 27-dən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Təyinatı daha çox siyasi xarakterlidir.  O, eyni zamanda, 2009-cu il iyunun 5-də Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri seçilib.

Tərtərin icra başçısı Müstəqim Məmmədov  3 yanvar 1969-cu ildə Yevlax şəhərində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Texnologiya İnstitutunu, 2002-ci ildə isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Əmək fəaliyyətinə 1992-ci ildən tarixdən başlayıb. 2012-2014-cü illərdə isə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini - şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrində çalışıb. O, 7 may 2014-cü ildə Tərtər Rayonu İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib.  Tərtərə başçı təyinatına görə Gəncənin icra başçısı, "Ağsaqqalım” dediyi Elmar Vəliyevə duaçıdır.

Tovuzun icra başçısı Tofiq Zeynalov 17 iyul 1944-cü ildə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. 74 yaşlı icra başçısı Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun kənd təsərrüfatının mexanikləşdirilməsi fakultəsini və Bakı Ali Partiya məktəbini bitirib. Əmək fəaliyyətinə 1960-cı ildə Qovlar İnternat məktəbində kitabxana müdiri kimi başlayıb. Tovuzda müxtəlif vəzifələrdə işləyib. Hətta 1991-1992-ci illərdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı postunu bir dəfə də tutub. Lakin o zaman karyerası az sürüb və 1993-1999-cu illərdə M.B.Qasımov adına Üzüm istehsalı və emalı müəssisəsinin direktoru postuna transfer edilib. Sonradan, yəni  2000 ildən 2002-dək Kənd Təsərrüfatı Nazirliyində işləyib. Lakin iki il sonra yenidən Tovuza qayıdıb və 2007-ci ilədək Tovuz Ərazi Kənd Təsərrüfatı idarəsinin rəisi vəzifəsində çalışıb. 27.02.2007-ci il tarixdən isə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Təkcə bir faktı qeyd etmək olar ki, bu da onun 11 il sürən başçı vəzifəsinin dayanıqlığına aydınlıq gətirsin. Belə ki, 24 ildir Baş Dövlət Yol Polisi İdarəsinin rəisi olan general Ramiz Zeynalovun qardaşıdır. 

Zəngilanın 58 yaşlı icra başçısı Ramiz Həsənov əslən Cəbrayıl rayonundandır. 2011-ci ildən bu vəzifədə çalışır. İxtisaca tarixçidir, 1982-cı ildə Baкı Dövlət Univеrsitеtini bitirib. Bu vəzifəyə qədər, yəni 2001-ci ilin окtyabrından Zəngilana başçı göndərilənə qədər  Sumqayıt Şəhər Icra Hakimiyyəti başçısının müavini olub.  

O, "Qaçqınkom”un sədri Əli Həsənovun doğma qardaşıdır. Təyinatında da böyük qardaşının xüsusi rol oynadığı sirr deyil.

Zərdabın icra başçısı Lütfəli Babayev 1959-cu ildə bu rayonun Qaravəlli kəndində doğulub. O, ixtisasca müəllimdir,  1986-ci ildə Pedaqoji İnstitutu bitirib. Ali təhsil aldıqdan ta 1993-cü ilin dekabr ayına qədər Mingəçevirdə müəllim işləyib. 1993-1997-ci illərdə  Mingəçevir Şəhər İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işləyib. 1997-ci ilin mart ayından 1999-cu ilin iyul ayınadək San-Marino BEA-nın Mingəçevir filialında müəllim, təcrübə rəhbəri olub. 1999-dan 2005-ci ilin may ayınadək Mingəçevir Şəhər İcra Hakimiyyətində yenidən şöbə müdiri olan Babayev 5 may 2005-ci il tarixdən 14 dekabr 2007-ci il tarixədək Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı işləyib. 14 dekabr 2007-ci il tarixdən isə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 

Onun keçmiş nəqliyyat naziri Ziya Məmmədovun siyasi dəstəyi ilə vəzifə pillələrində yüksəldiyi haqda dövrü mətbuatda təkzib olunmayan xeyli iddialar var...

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR