"Bakıda "ya indi, ya da heç vaxt" əhval-ruhiyyəsi kritik həddədir" - Putinin strateqindən sensasion erkən seçki şərhi

img

06-02-2018 [16:17]


Azərbaycan prezidenti İlham Əliyev aprelin 11-nə növbədənkənar seçki təyin edib.

"EurAsia daily” portalında Vyaçeslav Mixaylov (Vyacheslav Mikhailov) bu xəbərin Dağlıq Qarabağ münaqişəsiylə mümkün bağlantısını təhlil edib.

Mixaylov Rusiya Elmlər Akademiyası nəzdində Dövlət Qulluğu və İdarəetməsi İnstitutunda şöbə rəisi, Millətlərarası Münasibətlər üzrə Prezident Şurasının üzvüdür.

Müəllif İlham Əliyevin dördüncü müddətə prezident seçilməsi yolunda elə bir əngəl olmadığını, bu qərarın verilməsində Qarabağ münaqişəsini aparıcı səbəb kimi gördüyünü yazır.

PAKET HƏLL SXEMİNƏ MƏRHƏLƏLİ YANAŞMA

"Yerli müxalifət təəccübləndi və bitmiş fakt qarşısında qaldı. Sonucda Əliyevə, onun 15 il ərzində qurduğu sistemə ciddi müxalifət yoxdur. Əliyevin xarici tərəfdaşlarını təəccübləndirməyə də səbəbi yox idi. Onlar öz problemləriylə məşğuldurlar və Azərbaycanda prezident seçkisinin vaxtı veclərinə də deyil.

Amma Qarabağ ətrafındakı durum başqa məsələdir. Bu durum Əliyevin rəqiblərini üstləməsini tələb edir. Burada iki əsas ssenari var və hər ikisi də Azərbaycanın siyasi rəhbərliyinin və hərbi komandanlığının Qarabağ planlarıyla sıx bağlıdır”, – müəllif yazır.

V. Mixaylov Bakıdakı mənbələrə istinadla Azərbaycanın Qarabağ sülh prosesində"Madrid prinsipləri”nin tətbiqini sürətləndirməyə çalışdığını qeyd edir. Həmin prinsiplərə görə, əvvəlcə erməni qüvvələri Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxmalı, həmin rayonlar Azərbaycanın nəzarətinə verilməlidir.

Bakı bu şərtin qeyd-şərtsiz icrasını tələb edir. Yerevansa paket həllə tərəfdardır, yəni qoşunlar yalnız Dağlıq Qarabağa aralıq statusunun verilməsi, hərbi əməliyyatların bərpa olunmayacağına təminat verilməsi qarşılığında geri çəkilir. Referendum keçirilənədək Dağlıq Qarabağa aralıq status verilir.

"Ermənilər son vaxtlar bu alqoritmə "paket həll sxeminə mərhələli yanaşma" adın qoyublar. Bu, münaqişə tərəfləri arasında güzəştin tapılmasına açıq-aşkar cəhddir”, – yazan müəllif, Əliyev dördüncü müddətə seçilən kimi, Ermənistan prezidenti Serj Sarkisyanın da siyasi gələcəyinin müəyyənləşəcəyini vurğulayır. Yəni, baş nazir olarsa, Qarabağ danışıqlarında Əliyevin qarşısına məhz o, çıxacaq.

SENSASİYALI BƏYANAT VERİLMƏDİ, AMMA…

Təhlilçi ötən il oktyabrın 16-da Cenevrədə danışıqlarında sensasiyalı bəyanat verilmədiyini yada salır. Amma onun fikrincə, Əliyevlə Sarkisyanın paket həll sxeminə mərhələli yanaşma çərçivəsində spesifik prosesləri sürətləndirməklə bağlı razılığa gəldikləri istisna olunmur.

"Bu mövqedən baxanda, Əliyevin növbədənkənar seçki qərarı müharibəyə deyil, sülhə – növbəti bir neçə ay ərzində şərti "yol xəritəsi”nə yol açmaq məntiqinə uyğun gəlir. Düzdür, adamın buna inanmağı gəlmir. Belə anlaşmadan ötrü münaqişə tərəfləri arasında yetərincə inam olmalıdır ki, bu da indiyədək müşahidə edilməyib. Amma bir məsələ də var ki, Cenevrə görüşündən bəri Qarabağda təmas xəttində toqquşmalar səngiyib”, – təhlilçi yazır.

Müəllif ikinci ssenarinin sülhə deyil, müharibəyə apardığını qeyd edir. Belə ki, Əliyev yayadək mövqeyini möhkəmləndirir və Bakı 2016-cı ilin aprelindən sonra yeni irimiqyaslı hərbi hücuma keçir. İyunun 26-da Azərbaycan ordusu 100 illiyini qeyd edir. Bu, rəhbərlik və hərbi komandanlıqdan ötrü yubileyi yalnız hərbi paradla bayram etməməyə yaxşı fürsətdir. "İyun-iyul aylarında Qarabağda cəbhə xəttində gərginlik artacaq. Sual onun müddətinin dörd günlük aprel döyüşlərini kölgədə qoyacağı və daha intensiv müharibəyə keçib-keçməyəcəyidir”, – Mixaylov yazır.

Siyasətçi bu il iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının Bakının "müharibə naryadı”nın xeyrinə olacağını iddia edir.Belə ki, Qarabağ münaqişəsində xarici qüvvə olan Rusiyanın başı idman tədbirinə qarışacaq.

"YOL XƏRİTƏSİ” ALINMASA…

"2008-ci ilin yayında Zaqafqaziya lideri (Gürcüstanın o vaxtkı prezidenti Mixail Saakaşvili nəzərdə tutulur – red.) Olimpiya oyunlarından yararlanaraq özünün revanşist planlarını gerçəkləşdirməyə çalışdı. Ovaxtkı hücum alınmadı. Amma Əliyev onu siyasi və həbi avantürada şübhəli saymağa ciddi əsas verməyib. Di gəl, Bakıda "ya indi, ya da heç vaxt" əhval-ruhiyyəsi kritik həddə yüksəlir. Prezident, ali komandan və bütün Azərbaycan siyasi reallıqlarının əsas problemini həll etmək istəyirlər və bu yay bunu gerçəkləşdirməyə ən yaxşı fürsətdir.

Növbədənkənar seçki təyin etməklə, Əliyev hər iki ssenariyə əl atmaq hüququnu saxlayır. Fikrimizcə, münaqişənin həllinin Madrid alqoritmi Azərbaycanın maraqlarına uyğundur, apreldən sonra bəzi diplomatik addımlar atıla bilər. ‘Yol xəritəsi’ ssenarisi alınmazsa, bu, hərbi əməliyyatları alovlandıra bilər. Hər iki halda, aprel-iyul aylarının Qarabağ münaqişəsinin gələcək taleyində həlledici olacağı görünür”, – siyasətçi yazır.

Amma Mixaylov onu da qeyd edir ki, Madrid sənədlərinə uyğun Azərbaycana verilə biləcək ərazilər Ermənistandan ötrü sülh və təhlükəsizlik zonasına çevrilməyəcək. Bu ərazilərdən Azərbaycan ordusu kritik hücuma hazırlıq zonası kimi yararlanacaq.

"Madrid prinsipləri Azərbaycana transfer olunacaq Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Füzulinin demilitarizasiya zonasına çevrilməsi demək deyil. Ermənistan diplomatları hətta belə bir şərtin Madrid prinsiplərinin yekun mətninə salınmasına nail olsalar belə, bu, onları müharibədən qorumayacaq. Atəşkəsin istənilən ciddi pozuntusu Azərbaycan tankları və hərbçilərinin bu zonaya girməsi və uzun müddət burada qalmasıyla sonuclanacaq”, – siyasəti vurğulayır.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR