"Münaqişənin həlli üçün yeni təkliflər olması müşküldür..." - Tofiq Zülfüqarov

img

19-01-2018 [23:09]


"Ermənistanın mövqeyi dəyişmədikcə, tərəflərin və həmsədrlərin görüşlərində yeniliyin olması çətindir”.

Mia.az xəbər verir ki, bunu "Sherg.az”a ötən gün Krakovda baş tutan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların nəticələrini şərh edərkən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib.

O diqqətə çatdırıb ki, erməni tərəfinin bəyanatları onların mövqeyinin daha da sərtləşdiyini göstərir:

"Bu cür mövqe davam etdiyi müddətdə kompromisin əldə olunması mümkün deyil. Görüşdən sonra tərəflərin və həmsədrlərin bəyanatlarında da yenilik müşahidə edilmir. Münaqişənin həlli üçün yeni təkliflər olması müşküldür. Bütün variantlar, bunlara Azərbaycan və Ermənistanın münasibəti bəllidir. Ermənistan rəhbərliyinin radikal bəyanatlarını da üzərinə əlavə etdikdə optimizm üçün heç bir əsas olmadığını görəcəyik”.

Minsk qrupunun fəaliyyətinə gəlincə,T.Zülfüqarov xatırladıb ki, ötən il də danışıqlar aparıldı, amma heç bir nəticə əldə edilmədi: "İşğalçıya təzyiq edilməsə, onun mövqeyi dəyişməyəcək. Bu təzyiqi görmürük. Əksinə, bəzi məqamlarda, xüsusilə Rusiya tərəfindən dəstək addımları atılır. Belə çıxır ki, bu işğalçılıq siyasətinə dolayı dəstəkdir. Dəstəyi hiss edən Ermənistan mövqeyini daha da sərtləşdirir”.

Qeyd edək ki, Xarici işlər naziri Elmar Məmmədyarov Krakov görüşünün nəticələri barədə müsbət açıqlamalar səsləndirib. Nazir bildirib ki, həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR