“Azərsu”da 20 yanvar şəhidləri anıldı

img

18-01-2018 [16:49]


Yanvarın 18-də "Azərsu” Açıq Səhmdar Cəmiyyətində "20 yanvar - Ümumxalq Hüzn Günü” münasibti ilə anım mərasimi keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

"Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov bildirib ki, 20 yanvar Azərbaycan tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xüsusi təyinatlı qoşun birləşmələrinin Bakıya yeridilməsi nəticəsində 147 mülki vətəndaş öldürülüb, 600-dən çox insan yaralanıb. 27 il əvvəl xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.

Azərbaycan xalqının ən çətin günlərində xalqla bir yerdə olan ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, xarici jurnalistlər qarşısında imperiyanın və Mixail Qorbaçovun xalqımıza düşmən siyasətini qətiyyətlə ifşa edib. Ulu öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra bu hadisələrə tam siyasi-hüquqi qiymət verilib. 1994-cü ildə Milli Məclisin qəbul etdiyi xüsusi qərarda 20 yanvar tarixi - Ümumxalq Hüzn Günü elan edilib.

Yanvar faciəsi qurbanlarının əziz xatirəsini həmişə uca tutan Möhtərəm Prezident İlham Əliyev onların adlarının əbədiləşdirilməsi, şəhidlərin ailə üzvlərinə maddi və mənəvi qayğı göstərilməsinə daim diqqətlə yanaşıb. Hər il faciənin ildönümü günündə Şəhidlər Xiyabanına gələn dövlət başçısı 20 yanvarqurbanlarının xatirəsini ehtiramla yad edir.

Tədbirə dəvət olunmuş tarixçi alim Nizami Süleymanov Sovet imperiyasının və erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi məkrli siyasəti tarixi faktlarla əsaslandırıb. Qeyd edib ki, 20 Yanvar hadisələri böyük bir geosiyasi prosesin başlanğıcı olub. Bu bəşəri cinayətin törədilməsi SSRİ kimi bir imperiyanın çökməsini daha da yaxınlaşdırdı. Qanlı yanvar hadisələri sovet imperiyasının qəddar siyasətini təsdiq etməklə yanaşı, xalqımızın azadlıq əzmini, müstəqillik və dövlətçilik ideyalarına sıx bağlı olduğunu bir daha nümayiş etdirdi.

Anım mərasimində su təsərrüfatında çalışmış Cəbrayıl Xanməmmədovun faciə günü həlak olması, su təsərrüfatı işçilərindən Təranə İmanova, Xariz Alimov, İvan Proxorov, Kamil Həzrətquliyev və Hüseyn Quliyevinyaralandığı xatırlanmışdır.

Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri Akif Məmmədov və şəhid Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova çıxış edərək şəhidlərin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu bildiriblər. Qeyd olunub ki, 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqına qarşı həyata keçirilmiş qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR