Nüvə Tədqiqatları Mərkəzinin sədri: "“Metsamor”u bağlamaq üçün 200 milyon yox, 1 milyarddan çox avro lazımdır"

img

17-01-2018 [17:40]


Avropa İttifaqının (Aİ) vəd etdiyi 200 milyon avroya Ermənistandakı "Metsamor” AES-i bağlamaq mümkün deyil.

Bunu Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri Adil Qəribov deyib.

A.Qəribov bildirib ki, BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) "Metsamor”un istismar müddətinin 10 illik, yəni 2016-cı ildən 2026-cı ilədək uzadılması barədə artıq qərar verib:

"Aİ-nin hələ ki, bu qərarı dəyişmək imkanı yoxdur. AES-in bağlanması qərarını Ermənistan Nazirlər Kabineti verə bilər. Amma Aİ narahatçılıq keçirərək bildirir ki, lazım olsa, bu reaktorun dayandırılması üçün 200 milyon avro verə bilər”.

A.Qəribov qeyd edib ki, əslində 200 milyon avro ilə AES-i bağlamaq mümkün deyil. Bu vəsait hesabına orada yalnız cari təmir işləri aparmaq olar: "Ermənistan da heç zaman 200 milyon avro alıb reaktoru dayandırmayacaq”.

A.Qəribov deyib ki, reaktorun fəaliyyətinin dayandırılması uzunmüddətli prosesdir:

"Əgər AES indi dayandırılarsa, oradan yanacağın çıxarılması, o yanacağın konservasiya edilməsi, de-montaj işlərinin aparılması, böyük konstruksiyaların haradasa izolyasiya edilib saxlanılması və s. - bütün bu proseslər kapital tutumludur. Bunun üçün təxminən 1 milyard avrodan çox vəsait tələb olunacaq. Buna isə Ermənistanın imkanı çatmır. Ona görə də inanmıram ki, tezliklə bu reaktorun dayandırılması mümkün olsun və Ermənistan AES-dən əl çəksin. AES onlara enerji mənbəyi kimi deyil, strateji nöqteyi-nəzərdən lazımdır. Ermənistan nüvə ölkələrinin sırasında olmaq üçün bu işləri aparır”.

Qeyd edək ki, Aİ "Metsamor” AES-in bağlanması üçün Ermənistana 200 milyon avro ayırmağı vəd edib. Brüssel AES-i alternativ enerji mənbələri ilə əvəz etməyi təklif edib.

"Metsamor" AES 1970-ci illərdə tikilib. 1988-ci ildə Ermənistanın Spitak şəhərində baş vermiş güclü zəlzələdən sonra stansiya fəaliyyətini dayandırsa da, 1995-ci ildə beynəlxalq səviyyədə etirazlara baxmayaraq, yenidən açılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR