"Düzgün variant “alqı-satqı”dır" - Dilçilik İnstitutunun keçmiş direktoru yeni orfoqrafiya qaydalarını tənqid etdi + MÜSAHİBƏ

img

17-01-2018 [14:56]


Filologiya elmləri doktoru, professor, Dilçilik İnstitutunun keçmiş direktoru Fəxrəddin Veysəlli APA-ya müsahibə verib.

Mia.az həmin müsahibəni təqdim edir: 

- Fəxrəddin müəllim, Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutu tərəfindən 69 maddədən ibarət Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsi hazırlanıb və ictimaiyyətə təqdim olunub. Siz orfoqrafiya qaydalarının layihəsi ilə tanışsınız?

 - Bəli, layihəyə nəzər yetirmişəm. Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsi dağınıqdır, pərakəndə haldadır. 

 - İstər mətbuatda, istər cəmiyyətdə, istərsə də sosial şəbəkələrdə orfoqrafiya qaydalarına təklif olunan bəzi dəyişikliklər tənqid olunur. Dilçi alim kimi layihəni necə qiymətləndirirsiniz?   

- Ümumiyyətlə dünya praktikasında orfoqrafiyanın üç-fonetik, morfoloji və ənənəvi prinsipi var. Bunlara mütləq əməl olunmalıdır. Geniş ictimaiyyətə təqdim olunan layihəyə nəzər saldıqda bu prinsiplərin bölgüsünü görə bilmədim. Həm də 69 maddə çoxdur. Bunu heç yadda saxlamaq mümkün deyil. Qaydalar həddindən artıq yığcam olmalı idi. 

Digər tərəfdən, layihədə "Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 2013-cü il nəşrində metafor, profilaktori, sanatori şəklində verilmiş sözlərin metafora, profilaktoriya, sanatoriya kimi yazılması tövsiyə olunur. Əslində, nə ingilis dilində, nə də alman dilində metafor sözünün sonunda "a” hərfi yazılır. A hərfi rus dilinin elementidir. Bunu birdəfəlik həll etmək lazım idi. Mən əvvəl də demişəm, indi də bu fikirdəyəm ki, "y" hərfini atıb profilaktoria, sanatoria yazmalıyıq. Bu sözləri belə yazsaq, dünya dağılar?! Burada da "y" samiti rus dilinin elementidir. Ona görə də yüzlərlə bu cür sözün yazılışında axırıncı hecada "y" samitini buraxmaq lazımdır, buna ehtiyac yoxdur. Ola bilsin tələffüzdə "y" işlənsin, amma astronomiya, biologiya, ensiklopediya sözlərində "y" hərfinə ehtiyac yoxdur.

Yaxud da layihədə Motsart, Vorontsov yazılıb. Mən Azərbaycan dilində bu cür adların ancaq "s" hərfi ilə yazılmasının tərəfdarıyam. Voronsov, Mosart yazılsa, nə olar? Motsart alman dilinin, rus dilinin elementidir. Belə halları sadələşdirmək lazımdır. Məsələn, Vereşşaginin qoşa "şş" ilə yazılması təklif olunur. Mənə elə gəlir ki, burada qondarmalıq var. Vereşagin yazılsa, nə dəyişəcək ki?!

 Xarici mənşəli sözlərin yazılışına toxunaq. Layihədə Hayneni Heyne, Göteni Höte kimi yazırlar. Bu da rus dilinin təsiridir. Ya layihəni tərtib edən adamların alman dilindən xəbərləri yoxdur, ya da onun transliterasiyasını başa düşmürlər ki, Göteni Höte kimi yazırlar. Bu biabırçılıqdır, guya Göte yazanda pis başa düşülür. Elə deyil axı. Mən alman dili mütəxəssisiyəm. Almanlarla söhbətdə bu vəziyyəti onlara danışıram, almanlar deyirlər ki, bizim Höte adında şairimiz yoxdur. İsveçin Göteborq şəhərini Höteborq kimi yazırlar, düz deyil axı.

- Orfoqrafiya Komissiyası "Alqı-satqı” sözünün "alğı-satqı” yazılması təklifini məqbul sayıb ki, bu da geniş mübahisələrə səbəb olub. Siz neçə düşünürsünüz, "alqı-satqı” sözünün "alğı-satqı” kimi yazılmasına ehtiyac var?  

- Düzgün variant "alqı-satqı”dır. Bunu dəyişməyə ehtiyac yoxdur. Bu işin üzərində fonoloq çalışmalı idi. Çünki bu iş birbaşa fonoloqların işidir.

 Eyni zamanda layihənin 45-ci bəndində qoşmalarla bağlı xeyli dolaşıqlıq var. 

Bundan əlavə, son zamanlar Azərbaycanda, məsələn, "səndəmi gedirsən” ifadəsi geniş işlənir. Burada "- mi" ədatı feildən sonra yazılmalıdır. "- mi" ədatı əvəzliyə, mübtədaya qoşula bilməz. Düzgün variant "Sən də gəlirsənmi?” olmalıdır. Bu, ümumiyyətlə, Azərbaycan dilinə yad prinsipdir.

 Layihədə nazirliklərin, idarələrin adları ilə də bağlı xeyli maraqlı məqamlar var. Yazılıb: Ağstafa Rayon Təhsil Şöbəsi. Ağstafa sözü rayonun adıdır, böyüklə yazılır. Yerdə qalan sözlərin böyük hərflə yazılmasına nə ehtiyac var? 

Layihə üzərində mütəxəssislər tərəfindən təcrübə aparılmalı, ondan sonra ümumiləşdirilib təsdiqə verilməlidir. Elmdə belə qaydalar, belə lüğətlər olmur. İndi lüğətlər təcrübi materiallar əsasında hazırlanır. Professor Məmməd Tağıyevin böyük lüğət mərkəzi var idi. Rus-Azərbaycan, Azərbaycan-rus lüğətlərini hazırlayarkən minlərlə adama müraciət etmişdi. Əslində, bu çox ciddi məsələdir. Həmin bu orfoqrafiya qaydaların ruhunda avtoritarlıq var. Avtoritarlıq olduğuna görə də 3 ildən sonra məsələ qaldıracaqlar ki, qaydaları dəyişmək lazımdır. İndi birlikdə yazılması təklif olunan sözlərin, gələcəkdə dəyişdirilməsi təklif olunacaq. Ona görə də tələsmək lazım deyil. Bu qaydalrın üzərində 1-2 il çalışmaq lazımdır. İctimaiyyət, dilçi-alimlər bu məsələdə öz fikrini deməlidir. Mənim əsas iradlarım bundan ibarətdir. Konkret olaraq, hər bəndə aid ayrıca məqalə yazacağam. Yenə qeyd edirəm ki, ilk növbədə qaydalar hazırlanarkən elmi prinsiplər gözlənilməyib. Bu şəkildə orfoqrafiya lüğəti hazırlanmır. Layihədə mənim hazırladığım "Azərbaycan dilinin orfofoniya lüğəti”nin 60 faizi nəzərə alınıb. Biz onlardan fərqli olaraq, bu lüğəti təcrübə əsasında hazırlamışıq.

 Layihədən kənar bir fikrimi də sizinlə bölüşmək istəyirəm. Vergilər Nazirliyinin adı Vergi Nazirliyi olmalıdır. Vergi ümumiləşmiş, abstraktlaşmış bir sözdür. Onun adını bildirir. Təhsilin də bir neçə pilləsi var. Bu prinsiplə getsək, rahatlıqla Təhsil Nazirliyini Təhsillər Nazirliyi kimi yazmaq mümkündür.

 - Bəs layihədə müsbət mənada nəzərə çarpan dəyişikliklər hansılardır?

 - Qoşa "yy" samiti olan sözlərin bir "y" ilə yazılmasının məqsədəuyğun sayılması müsbətdir. Ssenari sözünün də bir "s" ilə yazılmasını təqdir edirəm.

- Orfoqrafiya Komissiyasına hər hansı təkliflər vermək niyyətiniz var?

 - Onlar kənar sözə qulaq asmırlar.

 - Fəxrəddin müəllim, siz Dilçilik İnstitutunun direktoru olarkən çap olunan orfoqrafiya lüğəti Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin sədri Afaq Məsud tərəfindən də xeyli tənqid olunub. Tənqidlərlə razısınız?

- Sonuncu orfoqrafiya lüğətinin çap olunmasına mən qol çəkmişəm. Biz həmin lüğətdə çox ciddi dəyişikliklər etmişdik və bu dəyişikliklərin hamısı o lüğətdə öz əksini tapmışdı.

Afaq Məsudun fikirləri ilə tanışam. Onun yazdıqlarını ciddi qəbul etmirəm. Çünki Tərcümə Mərkəzi, Afaq Məsud sırf təcrübədən çıxış edir. Amma məsələnin elmi tərəfi var. Bu məsələdə yazıçılar çox fəaldırlar, dilçilər isə özlərini göstərmirlər. Orfoqrafiya lüğətini hazırlamaq üçün gərək dilçilik elminin əsaslarını biləsən, yaxşı fonetist olasan.

- Tərcümə Mərkəzi də "Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nü nəşr edib. Həmin lüğətə baxmaq imkanınız olub?

- Yenə deyirəm, mən onların fikirlərini ciddi qəbul etmirəm. Sonuncu lüğətdə əsas dialekt, alınma sözlərin çoxluğunu qabardırdılar. Orfoqrafiya lüğətini tərtib etmək onların işi deyil. Orfoqrafiya xüsusi elmdir. Sonuncu orfoqrafiya lüğətinə 110 mindən çox söz daxil edilib. Sözlərin sayı 150 min də ola bilər. Alman dilinin sonuncu orfoqrafiya lüğətində 600 min söz var. İngilis dilində sözlərin sayı isə daha çoxdur. Amma ingilisin, almanın lüğətini yazan adamlar peşəkar alimlərdi. Almanların bu işdə böyük ənənəsi var. Yazıçıdır, bir hekayə, roman yazır və təkliflərlə çıxış etməyə başlayır. Təkliflər versin, bir söz demirəm, amma bu elmi məsələdir. Bu, Afaq Məsudun işi deyil.

- Yerli televiziya və radiolarda Azərbaycan ədəbi dil qaydalarının pozulması ilə bağlı fikirlər səslənir. Vəziyyət həqiqətən çox pisdir?

 - Başdan-ayağa özbaşınalıqdır, dərəbəylikdir, biabırçılıqdır. Mən hələ tələffüz xətalarını demirəm. Məsələn, ifadəyə fikir verin: "Manafovun performansına qulaq asaq”. Axı azərbaycanlı nə bilsin performans nədir? İngilis dilini bilənlər bilir ki, performans "ifa etmək” anlamını verir. Mən buna görə də yerli telekanallara baxmıram. Hə, radioda köhnə adamlar veriliş aparanda, bu mənə ləzzət edir.

 - Ortaq türk dili məsələsinə münasibətiniz maraqlı olardı. Siz bu ideyanın reallaşacağına inanırsınız?
 
- Mən Dilçilik İnstitutunun direktoru olanda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstandan olan görkəmli alimlər Bakıda toplaşdıq.
 
Bir yerə yığışmağımızın əsas məqsədi informatika sahəsində 100 sözün ortaq türk dilində qarşılığını tapmaq idi. Üçcə sözdən savayı yerdə qalan 97 sözdə razılığa gələ bilmədik. Yerdə qalan 97 sözü hərə bir cür deyirdi. Dilin yayılmasında, genişlənməsində elmi cəhətdən iki - siyasi və iqtisadi amil əsas rol oynayır. Son zamanlar iqtisadi amil siyasi amili üstələyir. Məsələn, Amerika Birləşmiş Ştatlarının iqtisadi gücü olmasa, ingilis dili bu gün qlobal dilə çevrilməz. İqtisadiyyatı güclü olan dövlət öz dilini diktə edir. Termin yaradır və onun dünyaya yayır. Siyasi amil baxımından isə imperiyası olan xalqlar mütləq öz dillərini təbliğ edib. Biz özümüz bunu yaşamışıq. Azərbaycanlı öz doğma Azərbaycan dilindən imtina edib Türkiyə türkcəsində danışmaz. Heç türkiyəlilər də öz dillərindən imtina edib, bizim dilimizdə danışmaq istəməz. Burada ortaq məxrəci tapmaq çox çətindir. Azərbaycan dili ilə Türkiyə türkcəsinin oxşar cəhətləri çoxdur, amma onlar fonetik cəhətdən bizdən o qədər uzaqlaşıblar ki... Onlar "diyorum”, "yapıyorum” deyirlər. Bu baxımdan bizim dilimiz daha təmiz, daha gözəldir. Bu gələcəyin işidir. Amma hazırda heç kim öz dilindən, öz intonasiyasından imtina edib başqa bir dildə danışmaz. Heç bizim şəkililər, lənkəranlılar öz intonasiyalarından imtina etmirlər, o ki, qala xalqlar öz dilini unudub başqa bir dildə danışsın. 

Digər xəbərlər
SON XƏBƏRLƏR