Qətərin hakim ailəsinin üzvü BƏƏ-də saxlanılıb? - İki dövlət arasında beynəlxalq qalmaqal

img

15-01-2018 [14:07]


Qətərdə hakimiyyətdəki Əl Sani ailəsindən Şeyx Abdullah bin Əlinin, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabidə saxlanıldığına dair iddialar bu ölkə tərəfindən rədd edilib.

Avropa.info xəbər verir ki, BƏƏ-nin rəsmi xəbər agentliyi VAM-da yer alan xəbərə görə, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi Qətərin hakim ailəsi üzvünün saxlanma xəbərini təkzib edib.

"Şeyx Abdullah, BƏƏ-də öz istəyi ilə qonaq oldu. Qətər hökumətinin tətbiq etdiyi məhdudiyyətlərdən sonra BƏƏ-yə sığındı. O, bizdən səxavət və qonaqpərvərlik gördü. Şeyx Abdullah özü ölkədən getmək istəyini ifadə edib və bunu əngəlləyən hər hansı bir müdaxilə olmadan bütün prosedurlar sadələşdirilib” – BƏƏ Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin açıqlamasında belə deyilir.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Lulvə əl-Hatir isə ölkənin rəsmi xəbər agentliyi QNA-ya etdiyi açıqlamada Qətərin prosesləri yaxından izlədiyini bildirib.

"Qətər dövləti, vəziyyəti yaxından izləyir, ancaq BƏƏ ilə bütün kommunikasiya vasitələrinin qırılması səbəbilə baş verənlərin arxa planı və detalları haqqında kəsin hökm vermək çətindir. Qətər dövləti prinsip olaraq vətəndaşlarının qanuni hüquqlarının qorunması üçün bütün hüquqi yollara əl atır. Qətərə blokada tətbiq edən bəzi ölkələrdən vətəndaşlarımıza qarşı qanun və normalara uyğun gəlməyən davranışlar görürük.”

Qeyd edək ki, Əl-Cəzirə telekanalı Qətərdə hakimiyyətdəki Əl Sani ailəsindən Şeyx Abdullahın BƏƏ-nin vəlihəd şahzadəsi Şeyx Məhəmməd bin Zayid tərəfindən qonaq edildikdən sonra saxlanıldığını önə sürmüşdü.

Qətərin 3-cü əmiri Şeyx Abdullah bin Casimin nəvəsi, 4-cü əmiri Şeyx Əli bin Abdullahın oğlu və 5-ci əmiri Şeyx Əhməd bin Əlinin də qardaşı olan Abdullah, Əl Sani ailəsinin aparıcı nümayəndələrindən biri kimi tanınır.

Şeyx Abdullah keçən ilin avqust ayında Səudiyyə Ərəbistanı ilə Qətər arasında həcc böhranında vasitəçi rolu ilə gündəmə gəlmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR