Departamentin Dağlıq Qarabağla bağlı yeni etirafı: yaxud Azərbaycana qarşı qərara ŞƏRH

img

12-01-2018 [15:47]


Bu gün dünyada sistem elə qurulub ki, ABŞ-ın rəsmi açıqlaması ən mötəbər beynəlxalq qurumun qəbul etdiyi sənəddən daha hökmlü olur. 

Odur ki, obyektivlik və subyektivlik, ədalət və qərəzli, xeyir və şər, ikili standart kimi fəlsəfi kateqoriya və siyasiləşmiş ifadələri dəyərləndirmədən ABŞ Dövlət Departamentinin xarici ölkələrə səyahət edəcək vətəndaşları üçün təqdim etdiyi yeni sistemdəki məlumatlarla bağlı bəzi mülahizələrimizi bölüşəcəyik.

Yanvarın 11-dən ABŞ Dövlət Departamentində amerikalı turistləri xarici ölkələrə səfər zamanı təhlükəsizlik riskləri haqqında məlumatlandırmaq üçün yeni sistem fəaliyyətə başlayıb. Bunun yaradılmasında da məqsədin ABŞ vətəndaşlarının ölkə xaricində müdafiəsini gücləndirmək olduğu bildirilib. Azərbaycan Respublikası da ABŞ-dan olan turistlərin təhlükəsizliyi baxımından riskli dövlətlər arasında ikinci kateqoriya ölkələr siyahısına daxil edilib. ABŞ Dövlət Departamenti həmçinin münaqişə ilə əlaqədar olaraq vətəndaşlarına Azərbaycan bölməsinə aid hissədə Dağlıq Qarabağ bölgəsinə səfərə etməməyi tövsiyə edib: 

"Dağlıq Qarabağ münaqişəsi nəticəsində insan itkiləri davam edir. Hər il davamlı olaraq baş verən atışmalar, artilleriya sistemlərindən, minaatanlardan istifadə olunması və bölgədə basdırılan minaların partlaması insanların ölümünə və yaralanmasına səbəb olur. Təmas xəttinə yaxın yollardan və Ermənistan ilə Azərbaycan arasındakı beynəlxalq sərhədin yaxınlığından uzaq gəzin", - ABŞ Dövlət Departamentinin tövsiyəsində vurğulanıb.

Yeni sistemdə dünya ölkələri səyahətin təhlükəsizliyi baxımından dörd kateqoriyaya bölünüb:

I kateqoriya - adi ehtiyat tədbirləri kifayətdir;

II kateqoriya - ölkəyə səfər zamanı son dərəcə ehtiyatlı olun;

III kateqoriya - bu ölkəyə səyahət etməklə bağlı qərarınızı yenidən nəzərdən keçirin;

IV kateqoriya - bu ölkəyə səyahət etməyin.

Düzdür bölünmə şərtidir və bu, daha çox tövsiyə xarakterlidir.

Bu sistemdə qonşu Ermənistan və Gürcüstan I, Türkiyə və Rusiya III, İran isə IV kateqoriyaya aid ediliblər.

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsinə münasibət bildirərəkən deyib: "Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və pisləyir. Son illərdə Azərbaycana turist axınının 24 faiz artdığı, ölkəmizə gələn əcnəbi vətəndaşların sayının 2,7 milyon nəfəri ötdüyü, Azərbaycanın I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, "Formula-1" yarışları, mədəniyyətlər və dinlərarası dialoq forumları, digər yüksək səviyyəli siyasi, iqtisadi, idman və mədəniyyət xarakterli mötəbər tədbirlərə, o cümlədən ABŞ və Rusiya Baş Qərargah rəislərinin, NATO hərbi komitəsinin rəhbərinin və Rusiya Baş Qərargah rəisinin görüşləri kimi tədbirlərə ev sahibliyi etdiyi halda, ABŞ Dövlət Departamentinin belə bir açıqlaması çox təəccüblüdür".

Yeri gəlmişkən, NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) ali baş komandanı, general Kertis Skaparrotti yanvarda Azərbaycana səfər edəcək. Onun Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovla görüşəcəyi gözlənilir. Bu, ABŞ-ın keçmiş prezidenti Barak Obamanın 2013-cü ildə NATO BSQ rəhbərinə rusiyalı həmkarı ilə şəxsi əlaqələrə qoyduğu qadağadan sonra ilk belə görüş olacaq. Ancaq bununla belə, NATO və Rusiya rəsmiləri arasında ilk görüş olmayacaq. 2017-ci il sentyabrın 7-də NATO-nun Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Valeri Gerasimov Bakıda görüşüb. Həmin il fevralın 16-da isə ABŞ Silahlı Qüvvələri Qərargahlar Rəisləri Komitəsinin sədri, general Cozef Danfordla Valeri Gerasimov yenə Azərbaycan paytaxtında bir araya gəlib.

Əslində, sistemdə sanki ABŞ-ın xarici siyasəti əks olunub. Bu baxımdan Ağ evin Azərbaycanın qonşuları Türkiyə, Rusiya və İranla münasibəti fonunda Dövlət Departamentinin yeni sistemdə əks olunan mövqeyinin daha çox siyasi mahiyyət daşıdığını istisna etmək olmaz. Ona görə də bu məsələyə münasibət bildirməyə ehtiyac duymuruq. Ərazilərində münaqişə olan Ukrayna II, Moldova isə I kateqoriyaya daxil edilib. Ukraynanın şərqində silahlı toqquşma davam edir, Krım yarımadası Rusiya tərəfindən ilhaq olunub, Moldovanın ərazi bütövlüyü pozulub, Dnestryanı ərazi özünü "müstəqil” elan edib. 

Nəzərə almaq lazımdır ki, ABŞ keçmiş sovet ölkələri ərazisindəki münaqişələrin həllində maraqlı olduğunu bildirir, beynəlxalq vasitəçilik edir. Bu baxımdan ərazi bütövlüyü pozulan dövlətlərə fərqli münasibətin səbəbi nədir? Gürcüstanın Abxaziya və Cənubi Osetiya respublikaları 2008-ci il hadisələrindən sonra özlərini "müstəqil" elan ediblər. Bu separatçıları Rusiya tanıyıb. Gürcüstanın Pankisi dərəsi hələ də terrorçuların yuvası sayılır. Terrorçu İŞİD qruplaşmasının nüfuzlu komandirlərindən biri "Əbu İbrahim əş-Şişani” ləqəbli Tarxan Temuroviç Batiraşvili idi. O, Gürcüstan Silahlı Qüvvələrində qulluq edib. 2016-cı ilin yayında İraqın Səlahəddin bölgəsinin Şerqat kəndində zərərsizləşdirilib. O, 1986-cı ildə Gürcüstanda doğulub. Bununla yanaşı, ötən il noyabrın 22-də Tbilisinin İsani-Samqori rayonunda antiterror əməliyyatı keçirilib və nəticədə terrorçu zərərsizləşdirilmişdi. Əgər terror təhlükəsi, ərazi bütövlüyünün pozulması, potensial baxımdan hərbi əməliyyatların yenidən başlayacağı baxımından Gürcüstanı da II kateqoriyaya daxil etmək olar. Əks halda belə anlaşılır ki, ABŞ Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərinə Rusiyanın nəzarət etdiyini, yaxud həmin bölgələrdəki tanınmayan yerli özünüidarəetmə qurumlarını qəbul edir. Belə yanaşılırsa, o zaman Gürcüstanın ərazi bütövlüyünə hörmətsizlik edirlər. Bəs Pankisi dərəsi? Yoxsa ora artıq ABŞ nəzarət edir? Hər halda bu sual düşündürücüdür.

Təbii ki, oxşar faktları Moldova ilə bağlı da göstərmək olar. Görünür, Dövlət Departamenti Dnestryanı bölgənin Moskvanın nəzarəti altında olması ilə barışıb. Rusiya həm Ukrayna, həm də Moldova ərazisindəki separatçılara dəstək verdiyini gizlətmir. Moldovanın prezidenti İqor Dodon isə bütün göstəriciləri ilə ABŞ, Avropa İtifaqı və NATO ilə əməkdaşlığın genişləndirilməsinə qarşıdır. Belə bir ölkədə isə hər cür iğtişaşlar üçün potensial var. Yəni rusiyayönlülər Ukraynada olduğu kimi, Moldovada da yenidən fəallaşa bilər. Dnestryanı bölgədə uzadılmış münaqişə yenidən qızışar. Odur ki, Azərbaycan və Ukrayna ilə oxşar şərtlər daxilində olan Gürcüstan və Moldovanın eyni səviyyədə tutulmaması Dövlət Departamentinin siyahısına şübhəni artırır. ÜmumiyyətləI, Ermənistanın I səviyyə elan edilməsi də bəz məsələlər baxımından məqsədəuyğun sayıla bilməz. Nə qədər gizlədilsə də, bu ölkə faktiki olaraq Azərbaycanla müharibə vəziyyətindədir. 

Ölkədə kriminogen vəziyyət isə qənaətbəxş deyil. Ötən ilin yayında bir qrup silahlı polis binasına hücum edərək oradakıları girov götürmüşdü. Onların arasında Ermənistan polis rəisinin müavini Vardan Yegiazaryan və Yerevan polis rəisinin müavini Valeri Osipyan da var idi. Bundan başqa, ölkədə hər gün baş verən silahlı cinayətlər Ermənistanın sabit və təhlükəsiz dövlət olmamasının göstəricilərindəndir. Yeri gəlmişkən, son illər Ermənistan vətəndaşlığından imtina və ölkəni tərk edənlərin sayı kəskin şəkildə artıb. 2017-ci ildə 3823 şəxs quruma vətəndaşlıqdan imtina edilməsi ilə bağlı müraciət göndərib. 2012-ci ildə ölkədə keçirilən seçkilərdən sonra - 2017-ci ilədək, yəni hakimiyyətdə Respublika Partiyasının olduğu dövrdə 15 000-dən çox şəxs Ermənistan vətəndaşlığından imtina edib.

Halbuki ötən il Bakıda keçirilən müxtəlif tədbirlərdə Ermənistanın 6 vətəndaşının iştirak etməsi Azərbaycandakı vəziyyətin Dövlət Departamentinin bəyan etdiyindən daha yaxşı olduğunu göstərir. Başqa sözlə, işğalçı dövlətin vətəndaşı Azərbaycanda keçirilən idman oyunları və müxtəlif tədbirlərdə sərbəst iştirak edə bilir. Bununla yanaşı, 2017-ci ildə Azərbaycana 2 milyon 500 min turist gəlib. Ermənistana isə bundan iki dəfə az insan səyahət edib. Ermənistana səfər edən turistlərin ümumi sayının 2 faizə yaxını Gürcüstandan gedib. Onların da əksəriyyəti Ermənistanda qohumları yaşayan Gürcüstan vətəndaşı olan ermənilərdir. Nəhayət, Dövlət Departamentinin sənədində vurğulanan başqa bir məsələyə də diqqəti çəkməyə ehtiyac duyduq. Dağlıq Qarabağ Azərbaycana aid hissədə qeyd edilib. 

Bu, həm də ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanımasına bir işarədir. Ermənistanın işğal altında saxladığı Azərbaycanın Dağlıq Qarabağ bölgəsində vəziyyətdən doğan təhlükənin sənəddə vurğulanması isə yuxarıda qeyd etdiyimiz Gürcüstan və Moldovadan fərqli olaraq həmin bölgənin nəzarət edilmədiyindən xəbər verir. Deməli, ATƏT-in Minsk qrupuna həmsədrlik edən üç dövlətdən biri kimi ABŞ Azərbaycandakı təhlükənin mənbəyini açıq-aşkar göstərib. Bu, I səviyyəyə daxil edilən Ermənistandır. 

Başqa sözlə, bu işğalçı dövlət Azərbaycan, Gürcüstan və Türkiyə üçün daimi təhlükə mənbəyi sayılır. Odur ki, ABŞ Dövlət Departamenti Azərbaycana qarşı təəccübləndirici məlum mövqeyi ilə Dağlıq Qarabağa dair bir gerçəkliyi etiraf edib.

Sonda səyahət etməməklə bağlı terror təhlükəsi və başqa bu kimi səbəblərə gəldikdə isə heç bir dövlət bu bəladan sığortalanmayıb. Təhlükəsizliyi yüksək səviyyədə təmin edilən Avropa ölkələrində ötən il törədilən terror aktlarını yada salmaq kifayət edər. Görünür, Dövlət Departamenti bu baxımdan səviyyə meyarına bir daha nəzər yetirməli olacaq.

Sədrəddin ismayılov,

Report.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR