Gələn il ölkədə ciddi qiymət artımı olacaq - Ekspert: "İnhisarçılıq, hazırkı vergi, rüsum və monetar siyasət..."

img

16-12-2017 [16:17]


Bir neçə gün öncə Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini artırdı. FED-in bu qərarının manatın məzənnəsinə necə təsir göstərəcəyi isə əhali arasında narahatlığa səbəb olub. Hətta yeni ilə kimi manatın dollara nisbətdə xeyli ucuzlaşacağını iddia edənlər də var. 

Bunun ardınca isə ölkədə bütün sahələr üzrə qiymət artımının olacağı gözlənilir.

Mia.az xəbər verir ki, iqtisadçı alim Teyyub Əliyev deyib ki, hökumətin vergi və rüsum siyasəti, Mərkəzi Bankın monetar siyasəti davam etdikcə, inhisarçılığın qarşısına sədd çəkilmədikcə, məmurların biznes fəaliyyəti ilə məşğul olmalarına real qadağa qoyulmayınca ölkədə qiymət artımı davam edəcək.

T.Əliyevin qənaətincə, bu artım əsasən gündəlik tələbat mallarının qiymətlərinə təsir göstərəcək:

"Məlumdur ki, minik maşınlarının alıcıları əsasən kiçik, orta (uçüz maşın alıcıları) sahibkarlar və iri bizneslə məşğul olanlardır. Onların bu sahədə qiymət artımını istehlakçıların üzərinə atacaqları qaçılmazdır. Hökumət 2017-ci ildə inflyasiya səviyyəsinin 14.0 faiz çivarında olduğunu rəsmən bəyan edib. Əslində inflyasiyanın faktiki səviyyəsi daha yüksəkdir. 2018-ci il - prezident seçkiləri ili olmasına baxmayaraq, inflyasiya səviyyəsini daha yüksək proqnozlaşdırmaq olar”.

İqtisadçı alim bildirib ki, FED-nin dolların uçot dərəcəsini qaldırması da - ölkəmizin idxaldan asılılığı nəzərə alınarsa - qiymət artımına mütləq təsir göstərəcək:

"Mərkəzi Bankın mərkəzləşdirilmiş uçot dərəcəsini 15.0 faiz səviyyəsində saxlaması, Maliyyə Bazarlarına Nəzarət Palatasının nağdılaşdırılan pul həddinə qoyduğu sədd ölkədə sahikarlığın inkişafına ciddi maneədir. Bu, ölkəmizin iqtisadi inkişafına mənfi təsir göstərməklə idxaldan asılılığımızı artıra bilər”.

Müsahibimiz nəzərə çatdırıb ki, hökumət yaranmış vəziyyətdən çıxmaq üçün rüsumları, vergiləri artırmaq əvəzinə onları aşağı salmaqla vergi ödəyicilərinin sayını artırmaq yolu seçsəydi daha məqsədəuyğun olardı. "Bununla yanaşı, Mərkəzi Bankın mərkəzləşdirilmiş uçot dərəcəsini ən azı 5.0 faziz səviyyəsinə endirmək, Maliyyə Bazarlarına Nəzarət Palatasının nağdılaşdırılan pul həddinə qoyduğu səddi ləğv etmək lazımdır. Nəhayət, bank sektorunun sağlamlaşdırılması, vaxtı keçmiş, problemli kreditlərlə bağlı ədalətli (indiki kimi təkcə bankların xeyirinə yox) qərarların qəbul edilməsinə ehtiyac var. Bank faizlərinin aşağı salınmasına istiqamətlənmiş real maliyyə-kredit siyasəti həyata keçirilməlidir. Əks təqdirdə problemlər qarşısıalınmaz istiqamətə yönələ bilər”, - deyə ekspert əlavə edib.

Bütün bunların fonunda ölkədə narazılıqların artmasına gəlincə, "Bu narazılıq var və günü-gündən artır. Ancaq deyəsən, hökumət bunun fərqində deyil. Nəyə arxayın olduqlarını yəqin özləri bilirlər. Xalqımız dözümlü, savadlı xalqdır, ətrafımızda baş verən hadisələri diqqətlə izləyir və hər şeyə rəğmən dözümlük nümayiş etdirir. İnşallah, bu dözümlülük davam edəcək və qırmızı səddi keçməyəcək. Hökumət də gərək bunu nəzərə alsın”, - deyə T.Əliyev fikrini tamamlayıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR