"Bu məmur tayfası millətin balalarına gün ağlayası deyillər" - Partiya sədri

img

12-12-2017 [17:17]


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin dünən mediada "keçmiş vergilər naziri Fazil Məmmədov 4 milyard talayıbmış" iddiasına münasibət bildirərək "hansı məmuru qaldırırsan altından milyardlar çıxır" açıqlamasını səsləndirməsi cəmiyyətdə məmnunluqla qarşılanıb və hamı bu məntiqlə razılaşır ki, gerçəkdən də məmurların milyarder olanları kifayət qədərdi, milyonçuların sayı isə saymaqla qurtarmaz. Amma di gəl ki, onlar qanunsuz yolla xalqın cibindən, yetimin boğazından taladıqları bu varidatları bərk-bərk turub saxlayıblar, məmləkət insanına cüzi hissəsini xərcləməkdə maraqlı görsənmirlər.

Elə bu minvalla da Moderator.az-ın əməkdaşı Hafiz Hacıyevdən yaranmış mövcud durumla bağlı açıqlama verməsini istəyib. H. Hacıyev ənənəsinə sadiq qalaraq bu dəfə də maraqlı təkliflə çıxış edib:

"Siz məmurların yığdıqları sərvətin cüzi bir hissəsini niyə xalqın yetim-yesirinə verməkdə maraqlı olmadığını soruşursunuz. Amma siz bilmirsiniz axı onlar hansı əqidə və mənəviyyatın sahibidirlər. Onlar yetim - yesirə qəpiyi qıymasalar da katibələrinə, bir yox ha, bir neçə məşuqələrinə çox səxavətlidirlər, onlara bahalı maşınlar, dəbdəbəli villalar, gözqamaşdıran zinət əşyalarını uf demədən alıb verirlər. Bu hələ harasıdır, onların siz gördüyünüz daşınar-daşınmaz əmlakları sadəcə qamarladıqlarının cüzi bir hissəsidir. Onlar qəşəng bilirlər ki, bir gün ifşa ediləndə və işdən qovulanda məşhər ayağına çəkiləcəklər, ona görə də bütün sərvətlərini vaxtında xaricə çıxararaq bir neçə adamın və ya ofşor şirkətin adına rəsmiləşdiriblər. Araşdırma aparsanız görərsiniz ki, iriçaplı məmurların ailə üzvləri, ən azından yeni doğulmuş nəvələri hamısı xarici ölkə vətəndaşı sənədlərini alıblar və sabah vəziyyət dəyişsə həmin ölkələrin rəhbərliyindən imdad diləyəcəklər ki, aya aman, qoymayın, bizi təqib edirlər. Ona görə də mən qardaşıma - dövlət başçısı İlham Əliyevə belə bir təklif etmək istəyərdim ki, elə indidən maliyyə amnistiyası elan etsin, məmurların hamısını qapalı toplantıya dəvət edib qarşılarında şərt qoysun. Tutaq ki, hökumət üzvlərinin hər birinə tapşırsın ki, taladıqları varidatların əllərindən çıxmasını istəmirlərsə onları leqallaşdırsınlar, hər biri Bakıda yox, rayonlarda 10 min nəfərin rahat işləyəcəyi daimi iş yeri açsınlar. Əgər hansı nazir və ya nazir səviyyəsində olan məmur-oliqarx uzağı 2 il ərzində 10 min nəfərin işləyəcəyi müəssisələr açmayacaqsa üzüsulu gətirib istefa ərizəsini yazsın, vəzifədə olduğu dövrdə qazandığı haram pulların da ən azı yarısını qoyub hara cəhənnəm olub gedir getsin. Belə olmasa, bu məmur tayfası millətin balalarına gün ağlayası deyillər".


Digər xəbərlər
SON XƏBƏRLƏR