Şriftin ölçüsü / 1430 dəfə oxunub

40 yaşında ali məktəbi bitirən, 11 il sonra isə professor olan icra başçısı... - Vaqif Abdullayev kimdir?

11 Dekabr 2017 [16:29]
Prezident İlham Əliyevin ötən həftə Qubanın icra başçısı Yaşar Məmmədovu, bir neçə gün əvvəl isə vergilər naziri Fazil Məmmədovu vəzifələrindən azad etməsi, diqqəti barəsində daha çox şikayətlər edilən məmurların üzərinə yönəldib.

Mia.az xəbər verir ki, barəsində çıxarılacağı haqda xəbərlər artan məmurlardan biri də Beyləqanın icra başçısı Vaqif Abdullayevdir.

Məlumata görə, rayon ictimaiyyəti ilə normal münasibət qura bilməyən icra başçısı ilə bağlı təkcə rayonda deyil, həm də hakim dairələrdə narazılıq var: "Sözsüz ki, bu narazılıq birdən-birə yaranmayıb. Vaqif Abdullayevin 21-ci əsrdə əyalət rayonunda zora söykənən idarəçiliyi, məmur və sahibkarlarla kobud davranışı artıq bardağı daşırıb. Siyasi elmlər namizədi dərəcəsi almış 61 yaşlı icra başçısının belə davranışı, əlbəttə, xoş qarşılana bilməz”.

Məlumata görə, bir neçə ay əvvəl Maliyyə Nazirliyi rayonda geniş yoxlama aparıb. Ancaq yoxlamanın necə yekunlaşdığı haqda isə hər hansı rəsmi məlumat açıqlanmayıb. 

Bu və ya digər məqamlarla bağlı araşdırma aparkən, İH-nin rəsmi saytında (http://beyleqan-ih.gov.az/page/20.html) icra başçısının tərcümeyi-halında diqqətimizi maraqlı fakt çəkdi. 

İcra başçısının yayılan rəsmi tərcümeyi-halından aydın olur ki,  1956-cı ildə anadan olan Vaqif Abdullayev düz 40 yaşında ali məktəbi bitirib. 

Belə ki, 1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirən icra başçısı 1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edib. 

Gec, amma sürətli elmi yüksəlişə keçən Vaqif Abdullayev ali məktəbi bitirdikdən 11 il sonra isə Ali Attestasiya Komissiyasının qərarı ilə professor adı alıb. 

Bütün bu faktlar İcra Hakimiyyətinin saytında verilib.  

Onun tərcümeyi halını İH-nin saytına istinadən olduğu kimi təqdim edirik:

Beyləqan rayonu İcra Hakimiyyətinin başçısı Abdullayev Vaqif İdris oğlu 1956-cı il tarixdə Ermənistan SSR-in Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olmuşdur. 1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, 1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi almışdır. 2007-ci ildə Azərbaycan Respubliksı Ali Attestasiya Komissiyasının qərarı ilə professor adı verilmişdir. Yeni Azərbaycan Partiyası siyasi şurasının üzvüdür.

1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidenti İcra aparatının nəşri olan "Yurd” jurnalında şöbə müdiri, 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsində məsləhətçi vəzifəsində işləmişdir.II çağırış Milli Məclisin deputatı olmuşdur. 02.04.2007-ci il tarixdən Xızı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib ,10.04.2012-ci il tarixdən Beyləqan rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.  Ölkə Prezidenti cənab İlham Əliyev Vaqif  İdris oğlu Abdullayevi 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif etmişdir. Əsərləri rus, ingilis, latış, gürcü, ukrain dillərinə tərcümə olunmuşdur. 

Elmi tədqiqatları:

Heydər Əliyev və Azərbaycan diplomatiyası, neft strategiyası, milli şüur, siyasi mədəniyyətin təkmilləşdirilməsi problemlərinə həsr olunmuşdur.

Əsərləri:

Millət ideyası: siyasi aspekt-Bakı 1998

O, böyük siyasətə hazırdır-Bakı 1999

Azərbaycan yeni diplomatiya məkanında-Bakı 2000

Müstəqilliyimizin strategiyası-Bakı 2002

Sülh və sabitlik Prezidenti-Bakı 2004

Planetar təfəkkürlü lider-Bakı 2007 

Məsələ ilə bağı İH-dən rəsmi mövqe öyrənə bimədik. Qarşı tərəfin də mövqeyini yayımlamağa hazırıq.

Mia.az





SON XƏBƏRLƏR