Prezident ASAN əməkdaşları ilə görüşdə: "Biz mübarizə aparırıq, cəza tədbirləri görülür..." + FOTO

img

07-12-2017 [17:52]


"Bir müddət bundan əvvəl göstəriş vermişəm ki, biz qanunsuz məşğulluqla daha da səmərəli şəkildə mübarizə aparmalıyıq. Bu da bizi daim narahat edən məsələlərdən biri olmuşdur”.

Mia.az xəbər verir ki, bunu dekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba "ASAN həyat” Kompleksinin açılış mərasimində deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda işsizliklə bağlı görülən tədbirlər işsizliyi kəskin şəkildə aşağı salıb:

"Bu gün Quba rayonunun həyatında çox əlamətdar bir gündür. Qubada "ASAN xidmət” Mərkəzi fəaliyyətə başlayır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram.

Qubada "ASAN xidmət” Mərkəzinin yaradılması çox gözəl hadisədir. Bu, sayca 12-ci mərkəzdir. Mərkəzlərdən 5-i Bakıda yaradılıb, 7-si də Quba daxil olmaqla, digər bölgələrdə. "ASAN xidmət” artıq beş ildir ki, fəaliyyət göstərir. Beş il ərzində Azərbaycan xalqının rəğbətini qazana bilmişdir. Bu illər ərzində "ASAN xidmət” mərkəzlərinə 18 milyondan çox müraciət daxil olmuşdur və "ASAN xidmət”in fəaliyyətini bəyənmə əmsalı 100 faizə yaxındır. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bu, doğrudan da ictimai xidmətlər sahəsində böyük bir inqilabdır. "ASAN xidmət” Azərbaycan brendidir, Azərbaycanın intellektual məhsuludur. O məhsul ki, bu gün biz onu xaricə ixrac edirik. Bir neçə ölkə "ASAN xidmət”lə maraqlanır. Bizim "ASAN xidmət” bir neçə ölkə ilə müvafiq sənədlər imzalayıb və artıq bir neçə ölkədə "ASAN xidmət” mərkəzləri yaradılır.

"ASAN xidmət” beynəlxalq təşkilatlar tərəfindən də çox yüksək qiymətə layiq görülüb. BMT ictimai xidmətlər sahəsində "ASAN xidmət”ə yüksək mükafat vermişdir. Bir neçə mötəbər beynəlxalq təşkilat artıq "ASAN xidmət”lə uğurlu əməkdaşlıq edir.

Bildiyiniz kimi, stasionar mərkəzlərlə yanaşı, 10 avtobus səyyar xidmət göstərir, "ASAN qatar” xidməti artıq fəaliyyətə başlayıbdır. Əlbəttə, biz çalışmalıyıq ki, gələcək illərdə ölkəmizin hər bir yerində "ASAN xidmət” mərkəzləri olsun. İstəyirəm bizim ictimaiyyət onu da bilsin ki, gələn il üç "ASAN xidmət” Mərkəzinin açılışı nəzərdə tutulur – Mingəçevir, Şəki və İmişli şəhərlərində. Eyni zamanda, gələn il 5 mərkəzin tikintisinə start veriləcəkdir və 2019-cu ildə onların açılışı nəzərdə tutulur. Biz istəyirik ki, 2019-cu ilin sonuna qədər ölkəmizdə 20 "ASAN xidmət” Mərkəzi fəaliyyət göstərsin. Beləliklə, "ASAN” bütün bölgələrə gəlir, hər bir vətəndaşa çox gözəl xidmət göstərir. "ASAN”ın öz davranış qaydaları var.

Şadam ki, "ASAN”da çalışanların mütləq əksəriyyəti gənclərdir və bu mərkəzdə 170 gənc işlə təmin olunubdur, 40-dan çox könüllü fəaliyyət göstərəcək. Beş il ərzində 10 mindən çox könüllü "ASAN xidmət”də fəaliyyət göstərmişdir. Yüzlərlə könüllü artıq işlə təmin olunubdur. Azərbaycanda könüllülər hərəkatına təkan verən də "ASAN” olmuşdur. Həmin könüllülər ölkəmizdə keçirilmiş mötəbər beynəlxalq yarışlarda – Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında böyük xidmətlər göstərmişlər. Ümumiyyətlə, könüllü olmaq çox böyük və şərəfli missiyadır. Bu, insanın niyyətini göstərir. Onu göstərir ki, insan öz vətəndaşlarına təmənnasız gözəl xidmət göstərməyə çalışır. Hesab edirəm ki, ölkəmizdə "ASAN xidmət”ə, o cümlədən könüllülərin fəaliyyətinə görə çox böyük rəğbət var.

Biz "ASAN”ın funksiyalarını genişləndiririk və mənim tərəfimdən müvafiq sərəncamlar imzalanmışdır. "ASAN xidmət” fəaliyyətə başlayanda sadəcə olaraq ictimai xidmətlər göstərirdi. Bu gün artıq "ASAN kommunal”, "ASAN viza”, "ABAD” mərkəzləri yaradılır. O sahələrdə ki, ölkə üçün prioritet sayılır. O sahələrdə ki, qüsurlar, nöqsanlar var.

Bilirsiniz ki, biz indi turizmin inkişafı ilə çox ciddi məşğuluq və bu ilin 10 ayında Azərbaycana gələn turistlərin sayı 20 faiz artmışdır. Keçən il 24 faiz artmışdır. Turistlərin gəlişini əngəlləyən əsas məsələ viza məsələsi idi. Mən əvvəlki dövrlərdə müvafiq dövlət qurumlarına dəfələrlə ciddi tapşırıqlar vermişdim ki, viza məsələsində çox ciddi islahatlar aparılmalıdır. Ancaq o islahatlar yarımçıq qalmışdı. Biz bu məsələni "ASAN”a tapşırdıq. Bu gün mənə məlumat verilir ki, bu ilin əvvəlindən 250 min xarici vətəndaş "ASAN viza”dan istifadə edərək ölkəmizə gəlmişdir. Kommunal ödənişlər sahəsində çox böyük problemlər, çatışmazlıqlar, qüsurlar olmuşdur. İndi "ASAN kommunal” çox gözəl xidmət göstərir. Kiçik biznesin, ailə biznesinin inkişafı ölkə iqtisadiyyatı üçün çox böyük əhəmiyyət daşıyır. İnkişaf etmiş ölkələrin ümumi daxili məhsulunda əsas payı məhz kiçik və orta sahibkarlıq təşkil edir. Ona görə Azərbaycanda bu sahəyə təkan vermək üçün "ABAD” mərkəzləri yaradılır. O mərkəzlərin, fermerlərin, ailə təsərrüfatlarının məhsulu bu gün burada nümayiş etdirilir.

Bir müddət bundan əvvəl göstəriş vermişəm ki, biz qanunsuz məşğulluqla daha da səmərəli şəkildə mübarizə aparmalıyıq. Bu da bizi daim narahat edən məsələlərdən biri olmuşdur. Azərbaycanda işsizliklə bağlı görülən tədbirlər işsizliyi kəskin şəkildə aşağı salmışdır. Biz o vəziyyətlə üzləşdik ki, qanunsuz məşğulluq indi problemə çevrilib. İnsanlar işlə təmin edilir, amma heç bir qeydiyyata düşmür, vergisini vermir və gələcəkdə sosial təminatdan, pensiya təminatından da məhrum olurlar. 

Biz bu vəzifəni "ASAN”a tapşırandan sonra çox gözəl sistem yaradılıb. Tikintilərdə qanunsuz çalışan 5 min insan artıq cəmi bir neçə ay ərzində əmək müqavilələri əsasında işləməyə başlamışdır və beş min böyük rəqəmdir. Nəzərə alsaq ki, Bakıda gedən tikintilərdə 13 min insan çalışır, onlardan 5 mini qanunsuz işləyirdi. İndi onlar əmək müqavilələri bağlayıblar, dövlətə vergi ödəyəcəklər və gələcəkdə onların iş stajı olacaq, pensiya da alacaqlar. Yəni, harada ki, nöqsanlar, çatışmazlıqlar var "ASAN” bu məsələnin həllində ön cəbhədədir. Buna görə də mən əlbəttə ki, sizi və "ASAN xidmət”də fəaliyyət göstərən bütün işçiləri ürəkdən təbrik edirəm, onlara minnətdarlığımı bildirmək istəyirəm.

"ASAN xidmət” korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli vasitədir. Əlbəttə ki, bu bəla ilə bütün ölkələr mübarizə aparmalıdır, o cümlədən Azərbaycan. Biz mübarizə aparırıq, cəza tədbirləri, inzibati tədbirlər görülür. Amma ən çox effekt verən, ən səmərəli tədbirlər sistem xarakterli tədbirlərdir, institusional tədbirlərdir. "ASAN” bu məsələni də öz üzərinə götürüb. Bütün dövlət qurumlarında vətəndaşlara münasibət, öz işinə olan məsuliyyətli yanaşma "ASAN”dakı kimi olmalıdır. "ASAN” bu gün təkcə Azərbaycanı tanıtdıran və təbliğ edən milli brendimiz deyil, "ASAN” bu gün Azərbaycanda yeni, müasir, mədəni, xalqımızın mentalitetinə xas olan dəyərləri tətbiq edir, onları təbliğ edir və beləliklə, ictimai həyatda "ASAN”ın çox böyük rolu var.

Əminəm ki, bu mərkəzin çox uğurlu fəaliyyəti olacaq. Çünki hər yeni mərkəzdə yeniliklər var. Hər dəfə yeni mərkəzin açılışında olarkən yeni ideyalar, innovasiyalar haqqında mənə məlumatlar verilir və hər bir yeni mərkəz daha da geniş funksiyalara malik olur. Əminəm ki, Quba "ASAN xidmət” Mərkəzi bütün vətəndaşlara - təkcə Quba sakinlərinə deyil, ətraf rayonların sakinlərinə də, - bu mərkəzdən 500 min əhali istifadə edə bilər, - çox yaxşı xidmət göstərəcəkdir. Sizə işinizdə böyük uğurlar arzulayıram və sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm.

X X X

"ASAN həyat” kompleksinin əməkdaşı Tünzalə PİRİYEVA çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli Mehriban xanım.

Qubaya xoş gəlmisiniz. Sizin təşəbbüsünüzlə artıq bu gün Qubada da "ASAN xidmət” Mərkəzi fəaliyyətə başlayıb. Bu gün kiçikdən böyüyədək hər bir kəs belə bir mərkəzin - kompleksin Qubada acılmasına çox sevinir. Çünki bu Kompleksdə kiçikdən böyüyə hər kəs üçün - həm uşaqlar, həm gənclərimiz, eləcə də bütün əhali üçün asan əyləncə, istirahət və ən əsası rahat dövlət xidmətləri əldə etmək mümkündür. Bunun üçün Sizə dərin təşəkkürümüzü bildiririk.

Vətəndaşlara daim şəffaflıqla xidmət göstərən, eləcə də ən qabaqcıl innovasiyaları özündə cəmləşdirən "ASAN xidmət” mərkəzləri Sizin qeyd etdiyiniz kimi Azərbaycan brendidir. Bu, məhz Sizin əsərinizdir. Biz bu gün əminliklə deyə bilərik ki, vətəndaşlarımız bu mərkəzlərin xidmətindən tam razıdırlar. Bəyənmə əmsalı da, qeyd etdiyiniz kimi, 100 faiz təşkil edir.

Bu gündən etibarən həm qubalılar, həm də şimal bölgəsinin əhalisi "ASAN həyat” Kompleksinin xidmətlərindən rahatlıqla istifadə edəcəklər. Bunun üçün bir daha qubalılar adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Möhtərəm cənab Prezident, mən Qubada böyüyüb boya-başa çatmışam. Səyyar "ASAN”da könüllü olmuşam. Bu gün isə artıq bu mərkəzin işçisiyəm. Mən və bütün gənclərimiz çox gözəl dərk edirik ki, cənab Prezident, Sizin və Mehriban xanımın gördüyünüz işlər bizim gələcəyimiz üçündür. Sizin sayənizdə biz bu günümüzə və uğurlu gələcəyimizə inanırıq.

Cənab Prezident, biz Sizin siyasətinizi daim izləyirik. Demək olar ki, hər ay Azərbaycanda beynəlxalq əhəmiyyətli tədbirlər keçirilir. Sizin də vurğuladığınız kimi, artıq dünya ölkələri bizdən nələrisə öyrənməyə çalışırlar. Bu, məhz Sizin uğurlu siyasətinizin nəticəsidir. Mən də hər zaman istəmişəm ki, bu uğurlu siyasətin bir parçası olum, bu yöndə azacıq da olsa, öz töhfələrimi verə bilim. Siz qeyd etmisiniz ki, "ASAN” standartları bütün sahələrə tətbiq olunsun. Bu isə bizim - "ASAN” əməkdaşlarının məsuliyyətini ikiqat artırır. Ona görə də həm öz adımdan, həm əməkdaşlarımız adından Sizə söz verir və əmin edirik ki, bundan sonra da Sizin uğurlu siyasətinizi daim dəstəkləyəcək və Sizlərin layiqli davamçılarınız olacağıq.

Bir daha Sizə təşəkkürümü bildirirəm.

Prezident İlham ƏLİYEV: Təşəkkür edirəm, sağ olun. Sən Bakıda işləmisən, sonra da qayıtmısan?

Tünzalə PİRİYEVA: Bəli, əvvəlcə Bakıda, sonra isə Qubada səyyar "ASAN”da işləmişəm.

X X X

Sonra kompleksin əməkdaşı Fəxriyyə BALAKİŞİYEVA çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli Mehriban xanım.

Mən də öz adımdan Sizi salamlayıram. Bu gün Qubada istifadəyə verilən "ASAN xidmət”lə yanaşı, "Ailə Biznesinə Asan Dəstək” - "ABAD” mərkəzi də fəaliyyət göstərəcək. Bu, region sakinlərini hədsiz dərəcədə sevindirir. Çünki sakinlərimizin əksəriyyəti kənd təsərrüfatı ilə, sahibkarlıqla məşğuldur və onların dəstəyə ehtiyacı var. Artıq "ABAD” mərkəzinin regionumuza gəlməsi nəticəsində həmin şəxslərə dəstək veriləcək, onlar öz zəhmətlərinin qarşılığını görəcək və daha səylə çalışacaqlar.

Eyni zamanda, Quba şəhərində ilk "ABAD məktəb” də fəaliyyətə başlayacaq. Regionumuzda Azərbaycanın adət-ənənələrini özündə əks etdirən və vaxt keçdikcə itməkdə olan kifayət qədər peşə sahələri var ki, məhz "ABAD məktəb”lər sayəsində həmin peşələr də təkrar inkişaf edəcək və iqtisadiyyatımıza töhfə verəcək. "ABAD məktəb”in yaradılması ilə məhz regionumuzun rifahı yüksələcək, vətəndaşlarımızın həyat səviyyəsi daha da yaxşılaşacaq.

Sizin də vurğuladığınız kimi, artıq kiçik ailə biznesi ilə məşğul olan şəxslər də, kiçik və orta sahibkarlar da iqtisadiyyata, sosial inkişafa öz töhfələrini verəcəklər. Eyni zamanda, bizim dəfələrlə şahidi olduğumuzu vurğulamaq istərdim ki, hansı regionda "ASAN xidmət” fəaliyyətə başlayırsa, özü ilə birlikdə yeni bir mədəniyyət də gətirir. Artıq məhz bizim regionumuzda da gənclər daha çox inkişaf edəcək, bölgəmizin sosial proqramlarına qoşulacaqlar. Biz regionumuzun ən böyük Yeni il şənliyinin "ASAN həyat” Kompleksində keçirilməsi barədə rayon icra hakimiyyətinə və "ASAN xidmət”in rəhbərliyinə müraciət etmişdik. Müraciətimizə müsbət cavab verildi. Məhz bu da biz gəncləri daha çox birləşdirəcək və daha çox sosiallaşdıracaq. Artıq əminliklə deyə bilərik ki, "ASAN xidmət” məhz biz gənclərin mərkəzinə çevriləcək.

Eyni zamanda, bu gün biz gənc kadrlar olaraq "ASAN xidmət” Mərkəzində nəinki sadəcə ictimai xidmətlər göstəririk, həmçinin özümüz də dövlət qulluqçusu təlimlərinə cəlb olunuruq. "ASAN”ın 5 əsas prinsipi var - operativlik, şəffaflıq, nəzakətlilik, rahatlıq və məsuliyyətlilik. "ASAN xidmət” mərkəzləri məhz bu prinsipləri əsas tutaraq yeni nəsil gənc dövlət qulluqçuları yetişdirən bir məktəbə çevrilmişdir. Biz də məhz Sizin sayənizdə həmin məktəbin sadiq davamçıları, sadiq dövlət qulluqçuları olmaqdan fəxr edirik. Buna görə cənab Prezident Sizə və hörmətli Mehriban xanıma dərin təşəkkürümüzü bildiririk.


Digər xəbərlər
SON XƏBƏRLƏR