“Elə çək ki…” – BİR RƏSSAMIN TALEYİ

img

05-12-2017 [10:43]


Elmar HÜSEYNOV,

Mia.az 

***

"Əsl sevgi sonsuz bir üfüqdir. Sanarsan ki, yerlə göy birləşib. Üstünə gedərsən ki, o üfüqü bir boyunbağı kimi boynuna, boğazına dolayasan. Amma nə yazıq ki, sən getdikcə, o uzaqlaşar, elə üfüqdəcə yox olar…”

Yazımı bu fikirlərlə başlamaqda məqsədim, oxuculara əsl sevgini anlatmaq, onun gözəlliyini, ülviliyini göstərmək deyil. Belə bir sevgini yaşayanlardan danışmaqdır.

Bir dostum var. Ayda-ildə bir görüşərik. Bizi bir-birimizə bağlayan mənəvi dəyərlər – saf, təmiz, ülvi hisslər, insani keyfiyyətlərdir. Bir-birimizin fikirlərinə ehtiramla yanaşar, bir-birimizə arxa, dayaq olmağa çalışarıq.

Dostumla hər görüş mənim üçün bir yenilik, nəsə öyrənməkdir. O, bir neçə xarici ölkədə olub, Azərbaycanın bütün rayonlarını gəzib, ancaq çox arzusunda olsa da, Naxçıvana getmək ona qismət olmayıb. Hər dəfə bu yurdun sirli, möcüzəli dağlarından, səfalı təbiətindən, xoş havasından danışanda məni nə qədər heyranlıqla dinlədiyinin şahidi oluram. 

Görüşümüzdən uzun müddət keçdikdən sonra, dostum bu həftə zəng etdi ki, sabah vaxt elə mütləq görüşək. Mən Naxçıvana getib, oranı xeyli gəzib, gəlmişəm.

Vaxt təyin etdiyimiz yerdə görüşdük. Uşaqlıqdan mütailəni sevən dostumun adəti üzrə yenə əlində bir kitab vardı. Çay içə-içə xeyli söhbətləşdik. Mövzu onun Naxçıvan səfərinə gələndə bayaqdan stolun üstünə qoyduğu kitabı göstərərək, "Bax, bu kitabı oxumaqla, gedib Naxçıvanı gəzib gəldim”, – dedi. Çox heyrətləndim.

Haranı? – deyə sual etdim.

Xoyun diki, Şah bağı, Sarvanlar, Əlixan, Şahab, Qurdlar məhəlləsi. Zaviyə, Mömünə Xatun məqbərəsi, Nuhun türbəsi, Qədim Qala, Bazar gölü, Qızlar bulağı, Atababa məqbərəsi, uzaqdan daim üstündə buludlar olan Ağrıdağ, Naxçıvanın rəmzlərindən birinə çevrilən Haçadağ haqqında danışa-danışa hər biri barədə ətraflı məlumat verdi. Hətta hər fəsildə rəngdən-rəngə bürünən Naxçıvanın gözəlliyini belə təsvir etdi. Kitabı əlimə aldıqda, "tələsmə, bu kitabı sənin üçün gətirmişəm", – dedi. Kitabı alıb, "vaxt edim, mən də oxuyaram” – söylədim.

Ayrıldıqdan sonra kitaba baxdım. Tofiq Mahmudov: "Uzaqdan ucalan dağlar”.

Bu, həmin Tofiq Mahmudovdur ki, ömrünün 36 ilini uşaqlığımızın ən dəyərli incilərindən sayılan "Göyərçin” jurnalına həsr edib.

Yazarın həyatı yalnız uşaq yaradıcılığı ilə məhdudlaşmayıb, 2016-cı ildə çap olunan "Uzaqdan ucalan dağlar” ilə rəssam həyatından bəhs edən ilk Azərbaycan romanını da yazmağa vaxt tapıb. İlk təhsilli Azərbaycan rəssamı Bəhruz Kəngərlinin həyatından bəhs edən sənədli roman 5 il araşdırmalardan sonra ərsəyə gəlib. 

Doğrusu kitabı əlimə almağımla, romanı necə oxumağa başladığımı, necə oxuyub qurtardığımı bilmədim. Dostuma zəng edəndə ki, kitabı oxudum qurtardım, təəccüblə "Axı, onu sənə dünən vermişdim, necə oxuyub qurtardın",  - deyə sual etdi.

Kitab sadə dillə, çox maraqlı şəkildə yazılıb. Bəlkə də məni bu kitaba bağlayan romanın qəhrəmanı məşhur Azərbaycan rəssamı Bəhruz Kəngərlinin kəşməkəşli həyatı oldu. Düzdür, romanı nə Drayzerin "Dahi”, nə də İrvinq Stounun "Yaşamaq yanğısı” əsəsrləri ilə müqayisə etmək olmaz. Ancaq əsərdə elə epizodlar var ki, insan düşüncəsində əbədi iz buraxır. Əsərin qəhrəmanı Bəhruz qeyri-adi, adamayovuşmaz, tez-tez xəstələnən, hər kəsdən uzaq qaçan, dinib-danışmayan, saatlarla xəyala dalan bir adam olsa da, fərqli xüsusiyyətləri ilə diqqəti çəkir. O uşaq ikən bazar meydanında gördüyü dilənçinin qaynayan gözlərini heç vaxt unutmur. Qayğısız uşaqlığını birgə keçirdiyi Nazlını dəlicəsinə sevir. Ona qovuşmayacağını bilir, lakin bu ülvi sevgidən də vaz keçmir.

Hara gedirsə, bu sevgi onu qarabaqara izləyir. Tiflisdə də, Krımda da yenidən qayıtdığı Naxçıvanda da. Özünü başqa qadınlarla aldatmağa çalışır. Mariya, Afər, Narınc, Ziba, Hürnisə kimi qadınların heç biri Nazlını əvəz edə bilmir. Əslində Bəhruzun şəklini çəkdiyi qadınların hamısı Nazlıdır.

Bəhruz öz enerjisi yalnız təbiətə baxmaqla, rəsmlər çəkməklə çıxarır. Bədəni yaradıcılıq enerjisi ilə alışıb yanır. Və bu yanğını yalnız ətrafda gördüyü təbiət mənzərələrini çəkməklə söndürür.

Əsərdə eyni zamanda tarixi proseslər öz əksini tapır. 1918-ci ildə ermənilərin Azərbaycan ərazilərinə soxulması, evlərin yandırılması, iğtişaşlar törədilməsi, insanların qaçqın və didərginə çevrilməsi, Bəhruzu daha çox kədərləndirir. O qaçqınların, səfalət içində doğma yurdundan didərgin düşənlərin şəkillərini çəkir ki, bu rəsmlər nə vaxtsa tarixi fakt kimi istifadə olunsun. "Qaçqın xanım”, "Qaçqın oğlan”, "Qaçqın uşaqlar”, "Naxçıvan xərabələri” əsərləri bu gün erməni vandalizmini tarixi sənəd kimi göstərən faktlardır.

Bəhruz ömrünü rənglər dünyasına bağlamışdı. O hər dəfə bir rəngə çalan dünyamızı yalnız sevgi rəngində görürdü. Eşitdiyi hər "qara xəbər” qara rəng kimi, ömrünü yaralayır, onu xəstələndirirdi. Sonra günlərlə özünə gəlmir, yorğan-döşəkdən qalxa bilmirdi.

Bəhruzu başqa rəssamalardan fərqləndirən, gördüklərini yox, görmək istədiklərini çəkməsidir. O saatlarla gözlərini mavi səmalara, üfüqlərin ənginliklərinə dikərək çəkəcəyi rəsm haqqında düşünürdü

Kitabı bükdüyüm zaman Bəhruzun bir zaman Bazar meydanında gördüyü Dərviş Həsənin gömgöy parlayan gözləri gözlərim qarşısında canlandı. Sonra bu gözlər böyüdü-böyüdü onun dərinliyindəki həyat eşqi mas mavi səmaya çevrildi. Bu mas-mavi səmada xəstələnmiş və 30 yaşında ölümə məhkum olmuş Bəhruz, bir ağ göyərçinə dönüb parıltılı işıq saçmağa başladı. Sonra bu işıq üfüqdəcə yox oldu…

Beləcə 30 yaşında Bəhruz da sevgisinin ardınca üfüqlərə uçdu və elə üfüqlərdəcə yox oldu…

Ondan qalansa, yaradıcılığı vasitəsilə bizə bəxş etdiyi sevgisi oldu.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR