“Tükəzban, sənə nə olub, niyə belə əsəbisən?”

img

22-11-2017 [11:48]


Seymur VERDİZADƏ

***

İlin bu vədəsi idi, payız özü ilə birlikdə ölkəmizə bədbin əhval-ruhiyyə gətirmişdi. Axşamlar yenə tez düşür, Hacıbala müəllimi paytaxt sakinlərinin yanında üzüqara edən yağış bir dəqiqə ara vermirdi. Amma biz yenə öz işimizdə idik. Hər həftə ölkənin ən reytinqli verilişini çəkir, atanı oğula, qardaşı bacıya qovuşdururduq...

Budəfəki qəhrəmanımızın yaşı altmışı haqlasa da, tay-tuşları ilə müqayisədə xeyli cavan görünürdü. Arxada qoyduğu illər onun şəvə kimi qara saçlarına ağ iz sala bilməmişdi. Əlinə keçəni boğazına atıb, özü üçün yaşayan adamlara oxşayırdı. Ağzını açan kimi bu qənaətimdə yanılmadığımı anladım: "Qızımı axtarıram. Onu 27 il əvvəl Rusiyada anasının yanında qoyub gəlmişəm...”.

Ənənəvi sorğu-sual başladı. Axırda aparıcı ondan soruşdu: "Qızının adı yadında qalıb?”

Kişi iri bədənini qabağa verib, dil-dil ötməyə başladı: "Siz nə danışırsınız? Uşağa rəhmətlik anamın adını qoymuşam. Tükəzban mənim həm anam, həm də qızımdır”.

Tez-tez bir-birini əvəz edən reklamlar, üzücü dəqiqələr arxada qaldı. Verilişin sonunda studiyaya daxil olan qız öz geyimi və vulqar hərəkətləri ilə bir andaca məclisə soyuq su çilədi. Bakıda bu cür tiplərlə ancaq massaj salonlarında, bir də gecə klublarında qarşılaşmaq mümkündür. Qəhrəmanımız utandığından bir neçə saniyə başını yuxarı qaldıra bilmədi. Nəhayət, güc-bəla ilə bir neçə kəlmə deyə bildi: "Tükəzban, sənə nə olub? Niyə belə əsəbisən?”

Qızın reaksiyası belə oldu: "Mənim adım Tanyadır. Sən bizi atıb gedəndən sonra anam albomdakı bütün şəkillərini cırdı, sonra da adımı dəyişdi”.

Sonra nələrin baş verdiyi bir o qədər də əhəmiyyətli deyil. Qız 27 il əvvəl onları atıb getmiş atasının üzünə itin üzünə deyilməsi mümkün olmayan sözlər deyib, studiyanı tərk etdi. 

Bu yazının məramı qızın atasına nədən bu qədər nifrət etdiyini araşdırmaq deyil. Məqsəd valideynlərin ad seçərkən əsas götürdükləri kriteriyaların doğru olub-olmadığını müzakirə etməkdir. 

Həmişə məni bir sual düşündürür: "Rusiyada, Ukraynada, digər keçmiş sovet ölkələrində müvəqqəti yaşayan soydaşlarımızı nə vadar edir ki, Olqanın, Veranın, Svetanın nikahdankənar dünyaya gətirdikləri uşaqlara valideynlərinin, dünyadan vaxtsız köçmüş bacı-qardaşlarının adını qoysunlar? Əgər sən dünyaya yenicə gələn körpəni anan kimi sevib-əzizləyə bilməyəcəksənsə, ona doğma balan kimi qayğı göstərməyəcəksənsə, ucu-bucağı bilinməyən Rusiyada təkbaşına buraxacaqsansa, niyə ananın adını uşağa verirsən?

Bir tanışım var, ata-babası bizim kənddən 20 kilometr o tərəfdə, dərənin dibindəki yoxsul bir obada doğulsa da, evdə uşaqları ilə qolunu-qıçını sındırdığı rus dilində danışır. Oğlanlarının böyüyünün adı Əli, kiçiyinin adı Həsəndir. Yoldaşlıq etdiyimiz 15 il ərzində onun dilindən bir dəfə də Əli və Həsən sözlərini eşitməmişəm.  Dünən söhbət əsnasında tanışım mənə şad xəbər verdi: "Alik ötən həftə güləş üzrə Azərbaycan çempionu oldu”.

Bu xəbər məni sevindirdiyi üçün onu ürəkdən təbrik etdim. Tanışım bir az da ruhlandı: "Qasanın yaxşı əl qabiliyyəti var. Çəkdikləri tabloları bu yaxınlarda Fransaya göndərəcəyik”.

Yazım, bunu da bilin: Həsən tanışımın atasının, Əli isə babasının adıdır...

P.S. Bu sətirləri klaviaturada döyəcləyəndə, Şahin başımın üstünü kəsdirmişdi. Ona sözümü bəribaşdan dedim: "Əgər oğlunu Saşa çağıracaqsansa, ona mənim adımı qoymağı indidən yadından çıxar”.

Qafqazinfo.az

Digər xəbərlər
SON XƏBƏRLƏR