"Əlillərə, şəhid ailələrinə, məcburi köçkünlərə mərhəmət hissi ilə yanaşın" - Deputat hökumətə səsləndi

img

21-11-2017 [17:55]


"Büdcə vəsaitlərinin bölüşdürülməsi kifayət qədər ədalətli deyil. Əlil və şəhid ailələri var ki, mənzil növbəsinə dayanıblar. Bu sahəyə 27,5 milyon manat vəsait ayrılıb. Biz bilməliyik ki, əlil və şəhid ailələri bu məbləğə əsasən hansı müddətə mənzillə təmin edilə bilər".

Bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev səsləndirib.

Deputat deyib ki, qaçqın və məcburi köçkünlərin həyat səviyyəsini yaxşılaşdırmaq üçün Dövlət Neft Fondundan 200, xarici mənbələr hesabına isə 42,1 milyon manat ayrılması nəzərdə tutulub: 

"Bildirirəm ki, bizdə 4600 məcburi köçkün qəzalı evlərdə yaşayır. Bu vəsaitlə neçə qaçqının mənzillə təmin edilməsi də deyilməlidir. Hörmətli Mehriban Əliyevaya müraciətlərdən sonra "Paşa Holdinq" tərəfindən qaçqınlara evlər tikilir. Bu çox müsbət addımdır. İnsanlar 25 ildir qəzalı binalarda yaşayır. İnsan bu həyatda bir dəfə yaşayır. Dünya o dövlətlərə, hökumətlərə, millətlərə hörmət edir ki, orada insanlar bir-birinə hörmətlə yanaşır. Mən hökumət üzvlərini çağırıram ki, əlillərə, şəhid ailələrinə, məcburi köçkünlərə mərhəmət hissi ilə yanaşsınlar, onlara ayrılan vəsaiti artırsınlar. Bilsəm ki, dövlətin bu sahəyə vəsait ayırması üçün imkanları yoxdur, heç vaxt məsələnin üzərinə bu qədər gəlmərəm”.

Q.Həsənquliyev daha sonra bildirib ki, Naxçıvana 282 milyon manat investisiya ayrılıb: "Mən hökumətdən narazılıq etmirəm. Hər kəsə aydındır ki, Prezidentin diqqəti və xüsusi qayğısı olmasa, Naxçıvana bu qədər vəsait ayrılmaz və orada yaşam son dərəcə çətin olar. Qeyd edim ki, bir müddət əvvəl Naxçıvanda avtopark açılmışdı və Çin istehsalı olan avtonmobil istehsal olunurdu. İnsanlarımız daha çox Yaponiya və Koreya istehsalı olan avtomobillər alır. İndi Neftçalada İranla müştərək yeni avtopark açılır. Olmazmı ki, bunun əvəzində Naxçıvanda elektriklə işləyən avtomobillərin istehsalı haqqında düşünək?”.

Q.Həsənquliyev əlavə edib ki, dövlət büdcəsindən Azərbaycan Dövlət Televiziyasına və İctimai Televiziyaya vəsait ayrılır, bu kanallar həm də reklamdan gəlir götürürlər: "Amma bir çox özəl kanallar var ki, populyarlıq baxımından dövlət büdcəsindən maliyyələşən kanallardan geri qalmırlar, lakin maliyyə baxımından çətinlik çəkirlər. Bu kanalların maliyyə durumunu düzəltmək üçün dövlət televiziyası və ictimai televiziyaya reklam məhdudiyyəti qoymaq mümkündür"/Teleqraf.com

Digər xəbərlər
SON XƏBƏRLƏR