Əli Həsənovun karyerasına təhlükə yaranıb - Komitə sədri yola salınır

img

20-11-2017 [16:00]


Ölkədə vitse-prezidentlik institutu yarandıldıqdan sonra Nazirlər Kabinetində struktur islahatları zərurətə çevrilib və bu istiqamətdə müəyyən addımlar atılıb.

Prezident İlham Əliyevin "Nazirlər Kabinetinin strukturunun təsdiq edilməsi haqqında” 23 avqust 2017-ci il tarixli Fərmanı bu istiqamətdə ilk addım hesab olunur. 

Xatırladaq ki, həmin Fərmanla Nazirlər Kabineti Aparatının işçilərinin say həddi (İşlər idarəsi istisna olmaqla) 200 ştat vahidi müəyyən edilib. Növbəti addım isə Nazirlər Kabineti strukturunun müəyyənləşməsi ilə bağlı olacaq və bu zaman Baş nazirin müavinlərinin sayı azaldılacaq.

Qeyd edək ki, hazırda Baş nazirin bir birinci müavini və beş müavini var. İslahatdan sonra Baş nazirin bir birinci müavini postunun saxlanılması nəzərdə tutulsa da, müavinlərin sayı azaldıla bilər. Bu isə Əli Həsənovdan yan keçməyəcək.

Mənbə bildirir ki, Əli Həsənov Baş nazirin müavini postu ilə yanaşı, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən də kənarlaşdırıla bilər.

Qeyd edək ki, 69 yaşlı Əli Həsənovun komitə sədri təyin olunmasından 19 il ötür. 1998-ci ilin 18 noyabrında bu vəzifəyə təyin ediləndə Ə.Həsənovun 50 yaşı olub. 19 ildən sonra onu "Qaçqınkom” sədrliyindən kənarlaşdırmaq niyyətinin isə təkcə yaşı ilə bağlı olmadığı bildirilir.

Məlumdur ki, son zamanlar Əli Həsənov bir neçə ciddi qalmaqalla üzləşib. Baş verənlər isə onun həm cəmiyyətdəki, həm də iqtidardakı nüfuzuna sarsıdıcı zərbə vurub.

Məlum olduğu kimi, komitə sədrinin nəvəsi Nail Allahverdiyev iki nəfərin ölümünə, iki nəfərin ağır yaralanmasına səbəb olmaqla, harın həyat tərzi ilə ölkədə ciddi ictimai narazılıq yaradıb. Hətta bununla bağlı ictimaiyyət nümayəndələri tərəfindən dəfələrlə Ə.Həsənovun istefa tələbi səslənib. Belə ictimai təşəbbüslər bu gün də səngiməyib.

Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, ərazisi işğal olunmuş rayon təmsilçiləri bir araya gələrək "Qaçqınkom” sədrinin istefasını birlikdə tələb etmək qərarına gəliblər. Yaxın günlərdə bu barədə daha ətraflı müraciətin yayılacağı bildirilir.

Hələlik isə onu qeyd edək ki, həm bu iki olay, həm də dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş və işlə təmin edilməmiş, üstəlik 2017-ci ilin yanvar ayının 1-dən dondurulmuş əməkhaqlarını ala bilməyən məcburi köçkünlərin hüquqlarının müdafiəsi ilə bağlı 100-dən çox məcburi köçkünün imzaladığı bəyanat Ə.Həsənovun nüfuzunu ciddi zədələyib. Əgər nəvəsi Nail Allahverdiyevin prezident İlham Əliyevin məmur övladları ilə bağlı xəbərdarlığına əhəmiyyət verməməsi Əli Həsənovun siyasi mövqeyini şübhə altına alırdısa, məcburi köçkünlərin etiraz bəyanatları onun birbaşa cavabdeh olduğu sosial təbəqə daxilində gedən proseslərə təsir imkanının olmadığını üzə çıxarır. Bu isə "Qaçqınkom” sədrinin fəaliyyətini şübhə altına salır.

İddia olunur ki, Ə.Həsənov onu təhdid edən təhlükəni dəf eləmək üçün müxtəlif vasitələrə əl atsa da, yuxarı dairələrin münasibəti ona qarşı köklü şəkildə dəyişib. Yəni Ə.Həsənovun təhlükədən qurtulmaq üçün etdiyi cəhdlər müsbət sonluqla bitməyə bilər.

"Reytinq" qəzeti



Digər xəbərlər
SON XƏBƏRLƏR