Sumqayıtda dahi şairə hörmətsizlik: Səməd Vurğunun kirilcə yazılan löhvəsi yığışdırılmır, üstəlik... - FOTOFAKT

img

16-11-2017 [20:19]


Bildiyiniz kimi, Səməd Vurğun küçəsi — Sumqayıtın ən uzun və mərkəzi küçəsidir. Onun  uzunluğu 16,3 km-dir. Küçə Binəqədi-Novxanı yolundan başlayaraq, Sumqayıt inzibati ərazisinə aid olan Hacı Zeynalabdin qəsəbəsindəki Azadlıq küçəsində tamamlanır. Sumqayıtın ən uzun küçəsi olan bu küçə görkəmli Azərbaycan şairi, Azərbaycanın ilk xalq şairi  Səməd Vurğunun adına verilib.

Lakin təəssüf ki, şəhərin 1-ci mikrorayonunda binanın, şairin adını daşıyan küçəyə baxan hissəsində divarda  yerləşdirilən  löhvədə xalq şairi haqqında məlumat  sovet dövründən qalıb və təbii ki, kiril qrafikası ilə yazılıb. Bu löhvənin də indiyəcən qalıb dəyişdirilməməsi də ana dilimizə bir növ hərmətsizlikdir. Çünki Azərbaycan əlifbası latın qrafikalıdır.

Bu neqativ faktı təkcə diqqətlizlik də adlandırmaq olmaz, bunu daha bu işlərə məsul şəxslərin laqeydliyi, şəhərə sayğısızlığı kimi də qiymətləndirmək olar.

Çünki ola bilməz ki, balaca şəhərdə bütün obyektləri görən məmurlar bu boyda faktı görməsin. Görübsə də, çox güman onun dəyişdirilməsinə ehtiyac görülməyib, bu, vacib sayılmayıb.

Ola bilsin məmurlar üçün bu gəlir gətirməyən bir məsələdir ona görə.

Laqeydlik elə təzə salınan Sumqayıt bulvarında quraşdırılan "Sumqayıt Xatirəsi” adlı maraqlı tikilidən də bilinir. Bəlkə də bir neçə aydır ki,sumqayıtlıların, həmçinin şəhərə, bulvara gələn qonaqların şəhərdən xatirə üçün  şəkil çəkdirdikləri sevimli yerin "Xatirəsi”sözündən təkcə X ilə T qalıb. Buna isə nə bulvarın, nə də şəhərin məsul şəxsləri  bir tədbir görmür. Halbuki bunu həll etmək  elə də çətin məsələ deyil.

Və çətin ki, bu hal Sumqayıta gələnlərdə Sumqayıt haqda təkcə xoş təəssürat, müsbət hisslər saxlayacaq.

Əlbəttə, ilk baxışdan fikirləşmək olar ki, şəhərdə görülən müəyyən abadlıq işlərinin fonunda bu xırda məsələlərdir. Amma demək lazımdır ki, şəhərdə irili-xırdalı problemlər çoxdur, sadəcə onlar bu və digər səbəblərdən  mətbuatda az işıqlanır.Xırda məsələyə qalsa, əslində, bu  kimi ilk baxışdan o qədər də böyük görünməyən bu cür hallar əslində məmurların şəhərə olan əsl münasibətin göstəricidir.

Lalə Məmmədova,
Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR