Azərbaycan üçün ağır şərt: 7 rayon qaytarılır, qarşılığında nə itiririk? - Politoloqdan açıqlama

img

16-11-2017 [20:06]


"Mən hesab etmirəm ki, Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüşlərin intensivliyinin artması və ya Lavrovun yeni ideyaları problemin həllini sürətləndirə bilər”.

Mia.az xəbər verir ki, bu fikirləri A24.Az-a politoloq Elxan Şahinoğlu Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun Azərbaycana səfərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsi ilə bağlı keçirilən görüşlərin intensivliyi artıb. 

"Türkiyə prezidenti Moskvaya gedəndə görüşdən əvvəl də söyləmişdi ki, Qarabağı müzakirə edəcək. Hətta bildirmişdi ki, Putin istəsə, məsələnin həllini sürətləndirə bilər. Çünki Rusiyanın Ermənistan hakimiyyətinə təsiri böyükdür. Amma prezidentlərin mətbuat konfransında Qarabağ haqqında bir kəlmə də deyilmədi. Mümkündür ki, qapalı keçirilən görüşdə bu məsələni qaldırıb. Putinin marağı olub, ya olmayıb, bunu demək çətindir. 

Ard-arda Ermənistan xarici işlər nazirini, daha sonra prezidentini Moskvaya çağırdılar. Çox keçmədi, Azərbaycanın xarici işlər nazir Moskvaya getdi. İndi də Lavrov gəlir. Sanki Qarabağ münaqişənin həllində intensivlik hiss olunur. Mən hesab etmirəm ki, intensivliyin artması və ya Lavrovun yeni ideyaları münaqişənin həllini sürətləndirə bilər. Əlbəttə, bizim üçün vacib olan ilkin mərhələdə ətraf rayonların boşaldılmasıdır. 

Sadəcə bilmirik ki, qarşılığında bizdən nə tələb edəcəklər. Ola bilər ki, şərtlər bizim üçün ağır olsun. Müstəqilliyimizi, Qarabağı itirə bilərik. Bu baxımdan Lavrovun planının necə formalaşdığı, əsas tezislərin nədən ibarət olduğu, məcburi köçkünlərin geri qayıdarkən təhlükəsizlik məsələlərinin necə həll olunacağı sualları açıq qalır. Cavab tapmadıqca da Lavrovun səfərindən və yeni ideyasından yaxşı heç nə gözləmirəm”.

"Sizcə, Azərbaycanı məmnun edəcək bir təklifi ola bilməz?" sualına gəlincə, politoloq "Rusiya bu günədək bizi məmnun edəcək bir təklif veribmi? Tam əksinə, Ermənistana dəstəyini artırıb, onlara silah almaq üçün kredit verib. Bunlar Azərbaycana xoş olmayan addımlardır. Bu baxımdan Rusiyanın münaqişənin ədalətli həllinin sürətləndirəcəyi ciddi suallar doğurur” - deyə əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR