Şriftin ölçüsü / 256 dəfə oxunub

Prezident girov götürüldü: Ordu həbslərə başladı, telekanal ələ keçirildi

15 Noyabr 2017 [12:06]
Zimbabve ordusu paytaxt Harareyə daxil olub.

"Röyter” agentliyi ordunun Zimbabve dövlət televiziyası olan ZBC-nin Baş Qərargahını ələ keçirdiyini yazıb. Televiziyaya daxil olan hərbçilər jurnalistlərlə sərt rəftar ediblər. Buna rəğmən ZBC, tezliklə, sərt rəftarla bağlı yayımlanan məlumatın həqiqəti əks etdirmədiyini və hərbçilərin televiziyaya sistemin qorunması üçün gəldiyini vurğulayıb.

Maraqlı məqam odur ki, hərbçilərin ZBC binasına daxil olmasından sonra paytaxtda üç partlayış törədilib. Partlayışın kim tərəfindən törədildiyi müəyyən edilməyib.

Zimbabve ordusu həmçinin hərbi texnikasını paytaxt Harare ətrafına toplayıb. Ordunun paytaxta yeridilməsindən indiyə qədər hələlik 37 ildir ölkəni idarə edən Prezident Robert Muqabenin taleyi haqqında heç bir məlumat verilməyib.

Ölkədə olan ABŞ və Britaniya səfirliklərini öz fəaliyyətlərini müvəqqəti olaraq dayandırıblar.

Artıq komandanlıq məlumat yayaraq Harareyə hərbi texnikanın yeridilməsinin dövlət çevrilişi cəhdi olmadığını vurğulayıb. Komandanlıq sadəcə cinayətkarlarla mübarizə üçün ordunun paytaxta girdiyini və hər şey qaydasına düşdükdən sonra əsgərlərin buradan çıxarılacağını bildirib.

Qeyd edək ki, ölkədə qarışıqlığa səbəb Zimbabvenin hakim partiyası ZANU-PF-nin Silahlı Qüvvələrin rəhbəri Konstantin Çivenqanı xəyanətdə ittiham etməsi olub. Bundan sonra Çivenqanın müttəfiqi sayılan vitse-prezident Emmerson Mnanqaqvu dövlət çevrilişində ittiham edilərək Prezident Robert Muqabe tərəfindən istefaya göndərilib. Çivenqa bu istefaya sərt reaksiya verərək, ölkədə yaranan siyasi böhrana son qoyacağını söyləyib.

Muqabe 1980-ci ildən Zimbabveni idarə edir. O, ABŞ-a qarşı sərt ittihamları ilə seçilir. Sosializm ideyalarına bağlı olan Muqabe ölkədə bazar iqtisadiyyatının tətbiqini tam qadağan edib. O, həmçinin, ağdərili fermerlərin təqibi, qara rasizmdə ittiham edilir.

***

Zimbabve ordusu Prezident Robert Muqabeni girov götürüb.

"Röyter”in məlumatına görə, Muqabe artıq istefaya getməyə hazırlaşır. Üstəlik, onun ordu ilə həyat yoldaşının ölkəni tərk etməsi barədə razılaşdığı iddia edilib.

Muqabe ilə bərabər ordu ölkənin Maliyyə naziri, Zimbabvenin əsas liderlərindən biri sayılan İqnatus Çombonu da ələ keçirib/Axar.az.


SON XƏBƏRLƏR