QHT Şurasında Film Festivalının Münsiflər Heyətinin iclası keçirilib - Müzakirə + FOTO

img

14-11-2017 [21:30]


Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) ilə birgə Şuranın maliyyə dəstəyi ilə QHT-lərin ölkəmizin milli maraqlarının beynəlxalq aləmdə təbliği, mədəniyyətimizin və ictimai həyatın müxtəlif sahələrinin inkişafı üçün gördüyü işləri geniş ictimaiyyətə təqdim etmək məqsədi ilə Film Festivalı keçirir. 

Bu məqsədlə Şura tərəfindən peşəkar kino mütəxəssislərinin daxil olduğu Münsiflər Heyəti yaradılıb. 

Şuradan Mia.az-a verilən məlumata görə, bu gün Şurada Münsiflər Heyətinin iclası keçirilib. 

Şura sədri, deputat Azay Quliyev rəhbərlik etdiyi qurumun yarandığı dövrdən indiyədək milli maraqlarımızın qorunması və cəmiyyəti narahat edən ictimai problemlərin həlli istiqamətində həyata keçirdiyi işlər haqqında ətraflı məlumat verib.

SSRİ Dövlət Mükafatı laureatı, xalq artisti, professor, Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova Şuranın təşəbbüsünün təqdirəlayiq olduğunu və Festivalın keçirilməsinin kinonun və bütövlükdə mədəniyyətin inkişafına xidmət etdiyini bildirib. Şəfiqə Məmmədova cəmiyyət həyatının bütün sahələri ilə bağlı mövzularda maarifləndirmə işi aparmaq üçün kinonun çox səmərəli vasitə olduğunu vurğulayıb.

Münsiflər Heyətinin sədri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru, əməkdar incəsənət xadimi, professor, ARKİ-nin birinci katibi Cəmil Quliyev Festival çərçivəsində indiyədək görülmüş işlər haqqında məlumat verib. Qeyd edib ki, Festival cəmiyyətdə estetik zövqün, mədəniyyətin inkişafına və Şuranın maliyyə yardımı ilə icra olunan layihələr çərçivəsində görülmüş işlərin geniş ictimaiyyətə çatdırılmasına xidmət edir. O, 25 oktyabr tarixində Film Festivalı ilə bağlı elan verdiyini bildirib. Cəmil Quliyev Festivalda iştirak etmək üçün QHT-lərin müvafiq qaydada Şuraya müraciət etdiyini və Festivala 2008-2016-cı illərdə hazırlanmış 100-dən artıq film təqdim olunduğunu deyib. C. Quliyev Münsiflər Heyəti üzvlərinin fərdi qaydada hər bir filmi ayrılıqda və xüsusi forma əsasında 10 ballıq sistem üzrə qiymətləndirdiyini bildirib.

Münsiflər Heyətinin digər üzvləri SSRİ Dövlət Mükafatı laureatı, əməkdar incəsənət xadimi Rafael Qəmbərov, kinoşünas Ülvi Mehdi, fəxri mədəniyyət işçisi, kinoşünas Rəşad Qasımov, kinorejissor İlqar Safat çıxış edərək QHT-lərin hazırladıqları filmləri yüksək qiymətləndirdiklərini bildiriblər. Onlar təşkilatların ictimai həyatın müxtəlif sahələri üzrə maraqlı filmlər çəkdiklərini qeyd ediblər. Münsiflər Heyətinin üzvləri Festivalın keçirilməsi ilə bağlı rəy və təkliflərini bildiriblər. 

Münsiflər Heyəti iclasda yekun tədbirin təşkili, mükafatların eskizlərinin hazırlanması və digər məsələlər haqqında yekdilliklə qərar qəbul edib.

Qeyd edək ki, Film Festivalının yekun tədbiri, təqdimetmə mərasimi 24 noyabr, saat 11:00-da Feyrmont hotelində keçiriləcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR