BQP Siyasi Qurulu toplandı: "Seçkili orqanın təyinatlı qurumdan asılı vəziyyətə salınması hüquqa ziddir”

img

14-11-2017 [20:15]


Bu gün Böyük Quruluş Partiyası (BQP) Siyasi Qurulunun növbəti iclası keçirilib.

BQP başqanı, Millət vəkili Fazil Mustafanın sədrliyi ilə keçirilən iclasda bir sıra məsələlər müzakirə olunub.

Partiyadan Mia.az-a daxil olan məlumata görə, iclasda İşçi Qrupu tərəfindən hazırlanan partiyanın Ali Məclisinin növbəti iclasının gündəlik və qərar, eləcə də qəbul ediləcək digər sənədlərinin layihələri təsdiq edilib.

İctimai-siyasi vəziyyət mövzusunda çıxış edən partiya başqanı, millət vəkili Fazil Mustafa Mərkəzi icra aparatında edilən qismən struktur dəyişikliyi haqqında iclas iştirakçılarını məlumatlandırıb və yeni təsis edilən Gənclər təşkilatları ilə əlaqələr şöbəsinə təyin olunan şəxs haqqında məlumat verərək onu Siyasi Qurul üzvlərinə təqdim edib.

Bakı şəhəri və ətraf rayonların bəzilərində keçirilən hesabat -seçki yığıncaqları haqqında Təşkilat şöbəsi ilə Ali Nəzarət Qurulunun birgə hazırladığı məlumat dinlənilib və həmin təşkilatların nizamnamə və müvafiq əsasnamələrə uyğun fəaliyyət göstərdikləri nəzərə alınıb. Bununla yanaşı, Bakı şəhərinin Nizami rayon təşkilatının istər, özək təşkilatlarında, istərsə də, rayon təşkilatında seçkili orqanların iclaslarının vaxtlı-vaxtında keçirilməməsi və bununla da partiya Nizamnaməsinin 6.4.1. və 6.5.3. maddələrinin pozulması qeyd edilib. Nöqsanların bir ay müddətində aradan qaldırılmaması halında həmin təşkilatın buraxılması və yenidən təşkil edilməsi ilə bağlı qərar qəbul olunub.

İclasda MSK tərəfindən deputatın mandatının əlindən alına biləcəyinə dair səslənən fikirlər tənqid edilib. Qeyd edilib ki, belə bir dəyişikliyinin tətbiq edilməsi parlamentin statusunun aşağı salınmasına, qanunverici orqanın nüfuzunun ciddi şəkildə zədələnməsinə gətirib çıxara bilər. 

Bildirilib ki, seçkili orqanın təmsilçisinin mandatdan məhrum edilməsi, ya seçicinin onu geri çağırması, və ya hər hansı cinayət əməli törətməsi ilə bağlı ola bilər: "Tərkibi bilavasitə Milli Məclis tərəfindən təsdiq olunan bir qurumun hansısa bir şəkildə Parlamentin səlahiyyətlərinə müdaxilə etməsini normal məntiqlə izahı mümkündürmü?

Ümumiyyətlə, seçkili orqanın təyinatlı qurumdan asılı vəziyyətə salınması heç bir demokratik və hüquqi prinsiplərlə əsaslandırıla bilməz. Bu həm, ölkə Konstitusiyanın deputatlara verdiyi toxunulmazlıq hüququna, həm də, hüququn məntiqinə ziddir. Bələdiyyə üzvlərinin etik davranış kodekslərində sadəcə xəbərdarlıq və töhmət olduğu, heç şiddətli töhmət cəzasının yer almadığı halda Azərbaycan Respublikası Milli Məclisinin üzvünün hansısa davranışına görə asanlıqla mandatından məhrum edilməsi anlaşılan deyil. Dünyada heç bir dövlətin qanunvericiliyində deputatın etik davranışına görə mandatından məhrum edilməsi nəzərdə tutulmayan bir təcrübənin tətbiq edilməsinin istənməsi ölkənin imicinə müsbət heç nə qazandıra bilməz”.

Siyasi Qurulda İran və İraqda baş verən və çoxsaylı tələfatlara səbəb olan zəlzələ nəticəsində həyatlarını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə sağlamlıqlarına qovuşmaları arzu edilib.

Siyasi Qurul Azərbaycan şahmatçılarının 3 -cü dəfə Avropa çempionu olmalarını tarixi nailiyyət kimi qiymətləndirib və qələbə münasibətilə şahmatçıları və federasiya rəhbərliyini təbrik edib: "Bu nailiyyət azərbaycanlı zəkasının, intellektinin zəfəridir”. 

Siyasi Qurulun növbəti iclası cari məsələlərin müzakirəsi ilə öz işini başa çatdırıb.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR