Şriftin ölçüsü / 136 dəfə oxunub

Polis katerini vurub qaçmağa cəhd göstərən brakonyerlər yaxalandı - FOTOLAR

14 Noyabr 2017 [19:41]

Daxili işlər orqanlarının əməkdaşları Bakı buxtasında qanunsuz balıq ovu ilə məşğul olan və ekoloji cinayətlər törədən şəxslərə qarşı mübarizə məqsədilə tədbir keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, noyabrın 11-də Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinə (SNPİ) Bakı buxtasında "Yamaha-48” mühərriki ilə təchiz edilmiş qayıqda iki nəfərin qanunsuz balıq ovlaması barədə məlumat daxil olub:

"SNPİ-nin əməkdaşları "Qartal” polis patrul kateri ilə həmin qayığa yaxınlaşaraq xüsusi xəbərdaredici səs siqnalları ilə onlardan sahilə çıxmalarını tələb ediblər. Həmin şəxslər polisin qanuni tələbinə əməl etməyərək idarə etdikləri balıqçı qayığı ilə polis katerini vurub zədələyərək hadisə yerindən qaçmağa cəhd göstəriblər.

Araşdırma zamanı qeyri-qanuni balıq ovu ilə məşğul olan şəxslərin Astara rayon sakini Sərxan Quliyev və Neftçala rayon sakini Natiq Əbilov olduqları müəyyənləşib.

SNPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılaraq məsuliyyətə cəlb edilib. İdarədə saxlanılan şəxslərdən S.Quliyevin üzərinə baxış zamanı ondan bir büküm heroin aşkarlanaraq götürülüb.

Araşdırmalar zamanı saxlanılan şəxslərin balıqovlama biletlərinin olmadığı, həmçinin onlara məxsus qayığın və mühərrikin müvafiq dövlət qurumlarında qeydiyyata alınmadığı məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır".



SON XƏBƏRLƏR