"Prezidentlərin qapalı görüşündə Qarabağ problemi gündəmə gəlməyib" - Politoloq rəyi

img

14-11-2017 [14:39]


Dünən Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirilib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi barədə danışıqların aparılacağı deyilirdi. Ancaq Putin və Ərdoğanın mətbuat konfransında Qarabağın adı çəkilmədi.

Prezidentlərin görüşü və Dağlıq Qarabağ probleminin gözlənildiyinin əksi olaraq müzakirə edilməməsi barədə politloq Şahin Cəfərli "Ölkə.Az"a danışıb:

"Böyük ehtimalla bu məsələ qapalı görüşdə də gündəmə gəlməyib. Gündəmə gəlsəydi, guya nə dəyişəcəkdi ki?

Əvvəla, münaqişənin həlli prosesi Minsk qrupu həmsədrliyi formatında aparılır, hansısa ikitərəfli müstəvidə yox. Rusiya ABŞ və Fransaya xəbər vermədən, onların razılığını almadan başqa bir dövlətlə gizli masa qurub, Dağlıq Qarabağ probleminin həllinin müzakirəsinə girişməz. Xüsusən də həmin dövlət münaqişə tərəflərindən birinin - Rusiya ilə müttəfiq olan Ermənistanın çox soyuq baxdığı Türkiyədirsə.

İkincisi, Rusiya Minsk qrupu "troyka"sının qeyri-rəsmi lideridir. Rusiya yeganə vasitəçidir ki, hər iki münaqişə tərəfi üzərində real təsir imkanına malikdir və ən əsası da, həm Ermənistan, həm də Azərbaycan rəhbərlikləri ona güvənir. Belə bir dominant rola malik dövlət bu rolunu niyə başqası ilə bölüşsün, üstəlik söhbət bu gün Rusiyaya ciddi ehtiyacı yaranmış, şərt diktə edəcək durumda olmayan Türkiyədən gedirsə".

Qeyd edək ki, Putinlə Ərdoğanın görüşündə Dağlıq Qarabağ probleminin həlli məsələsinin müzakirə ediləcəyi, konkret olaraq 5 rayonun Azərbaycana qaytarılacağı iddia edilirdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR