Tikinti şirkətlərində yoxlama aparıldı - Materiallar Baş Prokurorluğa göndərildi

img

13-11-2017 [15:07]


Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı səyyar monitorinqlər davam etdirilir.

Mərkəzin İnformasiya təminatı şöbəsinin İctimaiyyətlə əlaqələr sektorundan Mia.az-a verilən məlumata görə, dövlət orqanları tərəfindən tikinti şirkətləri ilə bağlı daxil olan məlumatlar təhlil edilir və əsas yarandığı halda mərkəzin Səyyar monitorinq qrupu tikinti obyektlərində səyyar monitorinqlər həyata keçirir.

Bildirilib ki, bu günə kimi Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən ümumilikdə 15 səyyar monitorinq həyata keçirilib. Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 15-i sifarişçi, 9-u podratçı, 17-si subpodratçı olmaqla 43 hüquqi və fiziki şəxsi əhatə edən qeyri-rəsmi əmək münasibətlərininin tənzimlənməsi ilə bağlı səyyar monitorinq keçirilib. Yoxlamaların həyata keçirildiyi dövr ərzində yoxlanılmış 557 işçidən 382-nin müqavilə ilə (106 işçi xidməti müqavilə), 175-nin isə müqaviləsiz işlədiyi aşkar olunub.

Monitorinq nəticəsində aşkar olunmuş faktlar müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğa göndərilib.

Qeyd olunub ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (on nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi xəbərdarlıq edir ki, səyyar monitorinqlərin mütəmadi davam etdirildiyini nəzərə alaraq əmək müqavilələri elektron formada rəsmiləşdirilməli, əmək bildiriş sistemində müqavilə qüvvəyə minmədən işçi tikinti sahəsinə cəlb olunmamalıdır.

Bildirilib ki, monitorinqlərin keçirilməsində məqsəd tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi və əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsidir.

Monitorinqlər davam etdirilir və nəticələri mütəmadi olaraq açıqlanacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR