"O STANSİYA bu qədər yüklənməyə dözməyəcək, tezliklə ÇÖKƏCƏK"

img

12-11-2017 [17:34]


Üzeyir CƏFƏROV


*****

Son günlər ən çox diqqətimi cəlb edən məsələlərdən biri də yaşadığım Binəqədi rayonu ərazisində "Azadlıq prospekti" metrostansiyasının üzərində aparılan tikinti ilə bağlı bir sıra mətbuat orqanlarında gedən yazılardır. 

Bakı metropolitenin rəsmisi hörmətli Nəsimi Paşayev narahatçılığa əsas olmadığını bildirib. Amma, mən hörmətli həmkarımızdan fərqli olaraq təkrar etmək istəyirəm ki, o STANSİYA bu qədər yüklənməyə dözməyərək, tez bir zamanda ÇÖKƏCƏK. 

Kim nə deyir desin, öz varlığım qədər əminəm ki, mümkün deyil ki, o boyda yükün altında SÜTÜNSUZ STANSİYA uzun müddət bu qədər ağırlığa dözsün və davam gətirsin. O tikintiyə icazə verən şəxslərin sadəcə məntiqini anlamaqda çətinlik çəkirəm ki, axı bu stansiya Bakı Metropolitenində ilk stansiyadır ki, sütunsuz, özü də metro tikintisində çox da böyük, uzun illər təcrübəsi olmayan mütəxəssislər tərəfindən tikilib və səhv etmirəmsə, ötən müddətlərdə orada çökmə və yağış sularının təsiri nəticəsində sızma hadisəsi də baş vermişdi. 


Vallah, sizi inandırıram ki, o böyüklükdə tikintiyə icazə verən əksər cavabdeh şəxslərin çoxu heç o bərli-bəzəkli kabinetlərindən bayıra çıxmadan, müəyyən maddi və ya digər maraqlar müqabilində o ərazidə o tikintinin aparılmasına icazə sənədinə imzalarını atıblar. Məni ən çox narahat edən, orada hər an baş verə biləcək faciədə mənim, sizin və hər birimizin özümüzün, ailə üzvlərimizin, doğmalarımızın, əzizlərimizin həyatlarını faciəli şəkildə itirə biləcəyi narahatçılığıdır. 

Mən onu da yaxşı başa düşürəm ki, bu qeydlərimdən sonra yenə hörmətli Nəsimi Paşayevi, ya bir başqa qurumdan kimisə məcbur edib deyəcək(lər) ki, narahatçılığa əsas yoxdur. Xeyr və min dəfə xeyr! Narahatçılığa çox böyük əsas var, hörmətli rəsmi şəxslər və metrodan istifadə edən hər bir vətəndaşımız. Sözümün üstündə dururam və o ərazidə çox böyük təhlükənin olmasını var gücüm ilə hər kəsin diqqətinə çatdırmaq istəyirəm. 

Bir qədər mistikadan uzaq olmaqla yanaşı mən təkrarən o ərazinin Azərbaycan vətəndaşları üçün o qədər də uğurlu ərazi olmadığı qənaətində olmasını qeyd edirəm. Yaxın məsafədəki yanan binada yenə bir çıx məsuliyyətsiz şəxslərə görə onlarla vətəndaşımızın həyatını itirməsi, bir müddət sonra o ərazidə müəmmalı partlayışın olması və digər hadisələr də bunu deməyə mənə əsas verir. O ərazidə yaşayan hər kəsdən üzr istəyərək qeyd edirəm ki, yazdığım narahatçılıq da elə-belə boşuna narahatçılıq deyil. Sadəcə o vəziyyəti yaradan bizim bəzi məmurlar dərindən düşünməlidirlər ki, onlar öz düşünülməmiş hərəkətləri, addımları ilə, bir çox hallarda maddi maraqlar müqabilində, çox böyük riskə gedirlər. 

Metropoliten sıradan bir strateji obyekt deyil. Konkret olaraq ölkə başçısının da açılışında şəxsən iştirak etdiyi "Azadlıq prospekti" metrostansiyasının ərazisi son bir neçə ayda demək olar ki, tamam zəbt edilərək, parkdan daha çox, işbazların qazanc yerinə çevrilib. 

Mənə elə gəlir ki, oradakı kritik durumla bağlı ölkə rəhbərliyinə təcili məlumat verilməlidir və o tikililər dərhal SÖKÜLMƏLİDİR. 

Bir daha qeyd etmək istərdim ki, hər gün bizi bir az da DƏHŞƏTLİ FACİƏYƏ yaxınlaşdırır. İnanın ki, sütünsuz stansiya MÜTLƏQ ÇÖKƏCƏK. Bunun əksini mənə sübüt edən şəxs xahiş edirəm, ümumi sözlərlə deyil, RİYAZİ HESABLAMALARLA, elmi əsaslandırma ilə bunu ortalığa qoysun. 

Tanrı xalqımızı qorusun! 



Digər xəbərlər
SON XƏBƏRLƏR