"Qanunun tələblərinə əməl etməyibsə,..." - Polis generalından bacısı oğlu barədə açıqlama

img

06-11-2017 [12:03]


Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPİ) rəis müavini, general-mayor Həsən Şirinov bacısı oğlu Cahangir Əliyevin məhkəmənin qərarını icra etmədiyinə görə barəsində 20 günlük həbs qərarı verilməsi məsələsinə münasibət bildirib.

Mia.az xəbər verir ki, Həsən Şirinov "Ölkə.Az”a eksklüziv açıqlamasında deyib ki, qanun qarşısında hər kəs eyni məsuliyyət daşıyır:

"Qanunu pozan şəxsin mənim bacım oğlu və ya övladım olması onların məsuliyyətdən yayınmasına heç bir əsas vermir. Azərbaycan hüquqi dövlətdir, burada hamı qanunların tələblərinə əməl etməlidir. Bu cür hallarda mənim adımın hallandırılması doğru deyil. 
Bilirsiniz, hər bir adam haqqında danışmamışdan, yazmamışdan öncə, gərək onun barəsində dəqiq məlumatlar öyrənilsin. O zaman həmin adamların buna layiq olub-olmaması bəlli olacaq. Hər kəs öz əməlinə görə cavabdehdir. Nə olsun ki, kimsə mənim bacım oğludur? Məgər bu onun məsuliyyətdən yayınmasına əsas verir? İndi qardaş qardaşa, ata övladına cavabdeh deyil. Mənim haqqımda kim nə yazırsa, yazsın. Quru divar palçıq götürməz. Əgər bacım oğlu qanunun tələblərinə əməl etməyibsə, o zaman gedib qanun qarşısında cavab verməlidir. Mən hər zaman qanunun tərəfindəyəm, kim doğrudursa, onun yanındayam, haqq-ədalətin tərəfindəyəm. Əgər məndə qanunu pozsam, onun cəzasını çəkməyə hazıram. Mən qanunun tələblərinə əməl edən adamam. Azərbaycanda qanunların əsas gözəlliyi odur ki, indi kim günahkardırsa, kim qanunu pozubsa, o məsuliyyət daşıyır. Daha Sovet İttifaqı dövründə olduğu kimi, sırf atanın əməlinə görə oğul və ya digər qohumlar məsuliyyətə cəlb olunmur. Nə qədər adam tanıyıram ki, oğulu həbsxanada olsa da, ata vəzifəsində qalır. Çünki hər kəs öz əməli qarşısında məsuliyyət daşıyır”.

Polis generalı övladlarının da qanunun tələblərinə əməl etdiyini söyləyib:
"Əgər mənim oğlum qanunun tələblərini pozsa, mən onun məsuliyyətdən yayınmasına əngəl olmaram. Əgər oğlum doğrudan da qanunu pozsa, gedib cəzasını çəkər. Əgər cənab Prezidentimiz deyirsə ki, hamı qanunun tələblərinə əməl etməlidir və heç bir vəzifə onları məsuliyyətdən yayındıra bilməz, deməl bu belə də olmalıdır. Hər kəs bu dövlətə xidmət etməli və cənab Prezidentin ətrafında sıx birləşməlidir”.

"Nurgün Motors”un prezidentinin oğlu Nurxan Əliyevlə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları arasında baş verən insidentə də toxunan Həsən Şirinov bu hadisədən xəbərsiz olduğunu söyləyib: "Hələlik bu barədə məlumatsızam”.


Digər xəbərlər
SON XƏBƏRLƏR