Prezidentlərin görüşü nəyi dəyişəcək? - Azərbaycana müharibədən başqa yol qalmır

img

17-10-2017 [12:04]


Dünən Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan uzun müddət sonra yenidən bir araya gəldilər. 

Görüşdən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri pozitiv ruhlu bəyanat yaysa da, Sarkisyanın açıqlaması heç nəyin dəyişmədiyini göstərdi. Bəyanatda danışıqların intensivləşməsi, cəbhə xəttində gərginliyin azaldılmasıyla bağlı razılığın əldə olunduğu bildirilir.

Ermənistan prezidentinin açıqlamasında isə danışıqların heç bir nəticə verməyəcəyi əvvəlcədən açıq şəkildə vurğulanır: "İlham Əliyev də mənim kimi problemin mürəkkəbliyini anlayır, lakin bu elə bir məsələdir ki, sadə həlli heç zaman olmayacaq. İstəyirəm ki, bir şeydən hamı əmin olsun: bizim üçün Qarabağın təhlükəsizliyini bu və ya başqa mənada poza biləcək həll üsulu ola bilməz. Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun”.

Belə çıxır ki, danışıqları prosesinin sürətlənməsinin erməni tərəfinin işğalçı siyasətinə heç bir təsiri olmayacaq. Belə olduqda Cenevrə görüşündə cəbhə xəttində gərginliyin azaldılmasıyla bağlı əldə olan razılığın da işlək olmayacağı indidən bəllidir. Elə dünən gecə ermənilərin atəşkəs rejimini 150 dəfə pozması da buna misal ola bilər.

Proseslər bundan sonra hansı məcraya yönələcək: Azərbaycan tərəfi danışıqlara gedəcəkmi, torpaqlarımızın işğaldan azad edilməsi üçün hansı addımların atılacağı gözləniləndi? Doğrudamı Cenevrə görüşündən sonra cəbhədə silahlar susacaq?

Mia.az xəbər verir ki, deputat Fazil Mustafa BakuPost.az-a açıqlamasında bildirib ki, Sarkisyandan məhz belə bir bəyanatla çıxış etməsi gözlənilirdi: "Bu görüşlər əslində Ermənistan tərəfi üçün münaqişənin dinc yolla həlli istiqamətində bir illüziya yaratmağa xidmət edir. Təbii ki, Azərbaycan prezidenti hər zaman öz haqlı prinsipial mövqeyini vurğulayır. Ərazi işğaldan azad olunmadıqca bu problemin həlli perspektivini görmədiyini bəyan edir. Ermənistan da işğalçılıq siyasətindən əl çəkdiyini hələ ki, bir kurs olaraq elan etməyib. Etməyibsə, deməli, yenilik və razılaşma ola bilməz. Razılaşma ancaq görüşlərin, müzakirələrin davam eləməsi, həmsdərdlərin bu proseslərdə iştirakının aktivləşdirilməsi ilə bağlı ola bilər. Bütövlükdə hansısa nəticənin olması görünmür”.
Картинки по запросу fazil mustafa

F. Mustafa düşünür ki, Ermənistan prezidenti bu problemin həllində maraqlı deyil:"Sarkisyan necə bəyanatla çıxış eləməldir? O, bu problemin həllinə həm maraqlı deyil, Ermənistan elitasında da işğaldan əlçəkmə siyasəti üstünlük qazanmayıb, hansısa müzakirə belə olmayıb. Müzakirə olunsa, bizim üçün impulslar olar ki, bir dəyişiklik baş verə bilər. Belə bir şey Ermənistanda yoxdursa, Sarkisyan dövləti təmsil edən adam kimi gəlib görüşdə öz istədiyi, yaxud öz cəmiyyətinin iradəsinə zidd bəyanatla çıxış edə bilməz. Ermənistan hələ ki, öz işğalçılıq siyasətinə haqq qazandırır. Ondan əl çəkmək niyyətində deyil. Belə bir vəziyyətdə onun bəyanatı belə də olmalıydı”.

Millət vəkili Ermənistanın cəbhədə vəziyyəti gərginləşdirə biləcəyini hesab edir: "Onlar cəbhədə vəziyyəti gərginləşdirə bilər. Bu, təkcə Sarkisyandan asılı deyil. Ermənistan - ona dəstək verən ölkələrin alətidir. Ona görə də istənilən vaxt bunu edə bilərlər”.

Politoloq Zərdüşt Əlizadə isə belə ziddiyyətli bəyanatların bir neçə səbəbi olduğunu vurğulayıb: "Əvvəla ATƏT-in Minsk qrupunun həmsədrləri çox yüksək maaş alır. Onlar Azərbaycan vətəndaşının ağılına gətirə bilməyəcəyi qədər gəlir əldə edirlər. İşləri isə aşağıdakılardan ibarətdir: ildə 2 dəfə xarici işlər nazirləri ilə görüşürlər, münaqişə zonasına baş çəkirlər, hərdən bəyanat yayırlar. Bunun qarşılığında isə sərvət qazanırlar. İkinci səbəb isə odur ki, hər iki tərəf Qarabağ münaqişəsinin açarının Rusiyanın əlində olduğunu bilir. Rusiya istəmədiyi müddətcə bu problem həll olunmayacaq. Rusiya hər iki ölkəyə öz silahlarını satır. Bu da Qarabağ münaqişəsindən milyonlar qazanan ikinci tərəf. Ermənistan bəyanat verir ki, biz torpaqları qaytarmayacağıq. Azərbaycan da bildirir ki, biz istənilən an torpaqlarımızı azad edə bilərik. Lakin bilirik ki, Azərbaycan genişmiqyaslı müharibəyə başlasa, Rusiya müdaxilə edəcək və istəyimizə nail olmağa imkan verməyəcək”.
Bu bəyanatların yenidən aprel müharibəsi kimi genişmiqyaslı döyüşlərə səbəb olma ehtimalına gəlincə, Z. Əlizadə düşünür ki, bu, baş verməyəcək: 
"Mən elə bir şey olacağı qənaətində deyiləm. Çünki aprel döyüşləri Rusiyanın Qarabağ münaqişəsi üzərində nəzarətini bir az da gücləndirib”.


Digər xəbərlər
SON XƏBƏRLƏR