Avropa Məhkəməsi 22 Bakı sakininin şikayətinə baxdı – Köçkünlərə qarşı qərar verildi

img

13-10-2017 [10:39]


Avropa İnsan Haqları Məhkəməsi 22 Azərbaycan vətəndaşının şikayətini haqlı hesab edib. 

Bu haqda məhkəmənin saytı xəbər verir.

Məhkəmə 22 şikayəti birləşdirərək eyni icraatda baxıb və bir qərar qəbul edib. 

Arif İslamzadə və digərləri Azərbaycana qarşı qərarı məhkəmə qərarlarının icra edilməməsi ilə bağlıdır. Qərarda göstərilir ki, şikayətçilər ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarının pozuntusunun tanınması üçün Avropa Məhkəməsinə üz tutub. Şikayətçilər Arif İslamzadə, Almas Abdullayeva, Məzahir Bağırov, Namiq Hacıyev, İsa Rüstəmov, Rəna Qasımova, Söhbət Qayıbov, Akif Xəlilov, Əziz Ağasıbəyov, Elman Şahmuradov, Cümşüd İsmiyev, Nəcəfəli Babayev, Təbriz Həsənov, Şahlar Quliyev, Tahir Məcidov, Daşdəmir Əliyev, Leyla Məmmədova, Xaləddin Məmmədov, Kamil Nəcəfov, Məhəmməd Abbasov, Səlbi Baxşəliyeva və Ziyadxan Əhmədov olub.

Onların müxtəlif vaxtlarda mülkiyyət hüquqları pozulub.

Ərizəçilərin mənizilləri köçkünlər tərəfindən tutulub. Yerli məhkəmələr həmin mülkiyyət mübahisələri barədə qərarlar verib, ancaq həmin qərarlar icra edilməyib. 22 vətəndaş elə buna görə, 2010-14 cü il aralığında Avropa Məhkəməsinə üz tutub.

Şikayətçilər məhkəmədən tələb edib ki, onların Avropa Konvensiyasının 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ) və 1 Saylı Protokolunun 1-ci maddəsinin (Mülkiyyət hüququ) pozuntusunu tanısın və onlara dəymiş zərəri kompensasiya etsin. Avropa Məhkəməsi şikayətləri haqlı sayıb. Qərar verib ki, Azərbaycan dövləti 22 vətəndaşa münasibətdə ədalətli məhkəmə araşdırması və mülkiyyət hüququnun pozuntusuna yol verib.

Qərar 3 aydan sonra qüvvəyə minəcək.

Hökumət şikayətçilərə ümumilikdə 87 min 950 avro təzminat ödəməlidir. Qərara görə, hökumət bundan başqa hüquqi məsrəflər üçün də ümumilikdə 3 min avro ödəməlidir. (Turan)

Digər xəbərlər
SON XƏBƏRLƏR