Türkiyənin ilk zirehli texnikaları gecə Suriya sərhədini keçdi - Bəhanə İdlibdir, hədəf isə...

img

13-10-2017 [09:19]


Türkiyənin Suriyanın İdlib vilayətində əməliyyatlarını yerinə yetirəcək ilk zirehli hərbi maşınlar karvanı oktyabrın 13-ə keçən gecə iki ölkə arasındakı sərhəd məntəqəsini keçib.

Mia.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi xəbər verib.

Ərazidə olan Azad Suriya Ordusunun komandirlərindən Abu Xayro deyib ki, Türkiyənin 30-dək zirehli texnikası Bab əl-Həva keçid məntəqəsindən Suriya ərazisinə daxil olub. 

Maşınların Şeyx Bərəkət deyilən yüksəkliyə doğru getdiyi xəbər verilir. Suriyanın şimal-qərbindəki bu yüksəklik kürd YPG silahlılarının nəzarətində olan Afrin ərazisinin yaxınlığındadır.

Qeyd edək ki, rəsmi Ankara ötən şənbə günü bəyan etmişdi ki, "deeskalasiya zonalarının” yaradılmasına dair keçən ay Rusiya və İranla əldə etdiyi razılaşmaya əsasən, İdlib və onun ətrafında döyüş əməliyyatları aparacaq.

Türkiyə, Rusiya və İran arasında əldə edilmiş razılaşmaya əsasən Suriya ərazisində bir neçə təhlükəsizlik zonaları yaradılıb. İdlibin daxil olduğu zonaya Türkiyə nəzarət etməlidir.

Maraqlıdır ki, Türkiyənin hərbi maşınlarını deeskalasiya zonalarının yaradılmasını qəbul etməyən "Təhrir əş-Şam" təşkilatının döyüşçüləri müşayiət edirlər.

"Reuters" yazır ki, bu fakt nəzərə alınarsa, hər iki tərəf arasında toqquşmaların olmayacağını güman etmək olar. Türkiyə ordusunun İdlibdə aparacağı əməliyyatlara onun "Fərat qalxanı" əməliyyatında iştirak etmiş qiyamçı qruplaşmalar da qoşulacaqlar. Bu qruplardan bəziləri bu bölgədə əvvəllər bir-birləri ilə vuruşublar.

Türkiyənin bir il əvvəl keçirdiyi "Fərat qalxanı" əməliyyatından məqsəd İŞİD-çilərin  Türkiyə sərhədindən çıxarılması və eyni zamanda kürd YPG qüvvələrinin yeni ərazilər tutmasının qarşısının alınması idi.

Birləşmiş Ştatlar tərəfindən dəstəklənən YPG qüvvələri Suriyanın şimal-qərbindəki əksər ərazilərə nəzarət edir. Kürdlər bu ərazini Afrin bölgəsi ilə birləşdirməyə can atırlar.

Türkiyə YPG-ni ona düşmən olan PKK kürd separatçı təşkilatının Suriya qolu hesab edir. Gecə Suriya girən ordusunun isə Şeyx Bərəkətdə mövqe tutulması isə Afrinin üç tərəfdən mühasirəyə alınması deməkdir...

Mia.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR