İraq ordusu və Haşdi Şabi Kərkükün ətrafını çəmbərə aldı, kürdlər təlaşda: "Bu savaş hazırlığı deyilsə, bəs nədir?"

img

12-10-2017 [18:55]


Iraqın baş naziri Heydər el-İbadi Kürd Muxtariyyətinə hücum olunacağı haqda xəbərlərə reaksiya verib.

Mia.az xəbər verir ki, o, İraq Dövlət Televiziyasına açıqlamasında kürdlərlə savaş başlatmayacaqlarını deyib.

Baş nazir bildirib ki, Iraqın birliyini qorumaq vəzifələridir: "Konstitusiyanın tətbiq olunması, vətəndaşların təhlükəsizliyi, milli sərvətimizin qorunması bizim daxili vəzifəmiz və birbaşa işimizdir".

Şimali İraq Kürd Muxtariyyətindən verilən açıqlamada isə deyilir ki, İraq mərkəzi hökuməti Kərkükə daxil olmaq üçün böyük hərbi əməliyyata hazırlaşır.

Peşmərgənin qərb cəbhəsinin  komandiri Kamal Kərküki bildirib ki, təkcə Haşdi Şabi qruplaşması son üç gündə Kərkükün şimal qərbinə ağır silahlarla təmin olunmuş xeyli əsgər gətirməyə başlayıb: "Haşdi Şabinin yerləşdiyi ərazi ilə bizim aramızdakı məsafə artıq 500 metrə çatıb. Haşdi Şabi isə durmadan bölgəyə əlavə qüvvələr yeridir. Dünəndən isə əraziyə top, tank və çoxlu sayda digər texnika gətirilib. Əgər Kərkükün ətrafında İŞİD-ə qarşı əməliyyat bitibsə, o zaman bu qədər silahlı qüvvənin bizimlə təmas xəttinə niyə gətirilməsi sual doğurur. Bu, müharibə hazırlığı deyilsə, nədir bəs?".

Digər bir məlumata görə, İraq ordusu da Kərküklə sərhədə 3 minlik hərbi qüvvə yeridib. Həmin qüvvələrin Kərküklə 15 km-lik məsafədə mövqe seçib, əmr gözlədikləri deyilir.

***

"DHA"ya açıqlama verən Iraq Türkmən Cəbhəsinin Kərkük üzrə rəhbəri Mehmet Seman Ağaoğlu isə bildirib ki, hazırda şəhərdə vəziyyət gərgindir: "Çünki PKK terror təşkilatı 700 nəfərlik xüsusi təlim keçmiş silahlı qüvvə ilə peşmərgəyə dəstək üçün Kərkükə girib". 

Haşdi Şabiyə daxil olan türkmən qüvvələrinin komandiri isə "Əgər Kərkükdəki türkmənlərə hücum olarsa, peşmərgə bunun cavabını dərhal alar" deyə, bəyanat yayıb. 

****

Bir neçə ciddi qaynaqlı xəbər agentliklərin məlumatına görə, hazırda Kərkükün daxilindəki giriş və çıxış nöqtələrinə peşmərgəyə məxsus və tanklarla təchiz olunmuş qüvvələr nəzarət edir. 

İraq ordusu və Haşdi Şabinin türkmənlərdən ibarət qüvvələri isə Kərkükü çəmbərə alaraq, nəzarət buraxılış məntəqələrini uzaqdan hədəfdə saxlayır.

"AA" agentiyinin xəbərinə görə isə, İraq ordusu və Haşdi Şabinin bölgəyə qüvvə yeritməsindən sonra İraq Kürd Muxtariyyətində ciddi bir təlaş yaranıb. Məlumata görə, peşmərgələr Mosul və Kərkükdən Ərbilə gələn iki əsas yolu bağlayıb, təmas xəttində müdafiə qurmağa başlasalar da, xalq yaxın günlərdə böyük savaşın başlanacağından tədirgin olub: "Hazırda şəhərdə böyük bir gərginlik var. Əhali çaşqınlıq və həyacan içindədir. Küçələrə çıxmağa qorxurlar. Xüsusən də dünən şəhərdə baş verən bir neçə partlayışdan sonra əhali şəhərdən köç etmək üçün yollar axtarmağa çalışır..." 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR