GUAM: "ölü doğulmuş" təşkilat, söz sahibi olmaq üçün vasitə, yoxsa Rusiya qarşı ittifaq? - Rəylər

img

10-10-2017 [21:57]


Oktyabrın 10-da Demokratiya və İqtisadi İnkişaf naminə GUAM təşkilatının təsis olunmasının 20-ci ildönümü qeyd edilib.

İldönümü ilə bağlı üzv ölkələrin xarici işlər nazirləri Tbilisidə keçirdikləri son görüşdə təşkilatın durumuna dair optimistik bəyanatlar versələr də, bu iki onillikdə qurumun uğuru barədə fikirlər müxtəlifdir.

"BBC Azərbaycanca"ya danışan ekspertlər qurumun hazırkı vəziyyəti və fəaliyyətilə bağlı dəyərləndirmələrini bölüşüb. Bəziləri onu "ölü doğulmuş" təşkilat adlandırıb. Digərləri isə azad iqtisadi zonanın yaradılmasına dair təklifləri xatırladaraq onun gələcəyinə daha ümidverici yanaşıblar.

1997-ci ildə yaradılmış GUAM təşkilatın adı üzv ölkələrin baş hərflərini əks etdirir: Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova.

Regional təşkilat demokratiya, iqtisadi inkişaf və ərazi bütövlüyünün təminatı kimi regional münaqişələrin həllini prioritet adlandırır.

2002-2005-ci illərdə təşkilata Özbəkistan da daxil olub. Həmin zaman təşkilat GUUAM kimi tanınıb.

Məqsəd "Rusiyanın bölgədə nüfuzunu məhdudlaşdırmaq idi"

"Təşkilatın təsisçiləri Moskva ilə müəyyən siyasi çətinliklər yaşayan sabiq SSRİ ölkələri idi ki, ümumi mənafelər uğrunda təbii ittifaqa daxil olublar", - Gürcüstanın İlya Universitetinin professoru, politoloq David Darçiaşvili deyir.

Onun sözlərinə görə, 20 il əvvəl GUAM yaradılanda əsas məqsəd Rusiyanın bölgədə nüfuzunu məhdudlaşdırmaq idi.

David Darçiaşvilinin sözlərinə görə, Moskva GUAM ölkələrindəki münaqişələrə aidiyyəti olmadığını desə də, fakt budur ki, bu quruma üzv ölkələrın hamısı separatçılıq və ərazi problemlərilə üzləşiblər.


GUAM-ın baş katibi Altay Əfəndiyevin sözlərinə görə üzv ölkələr ərazilərinin "işğal olunması faktı ilə bağlı vahid mövqedən çıxış etməlidirlər".

"Şübhəsiz ki, GUAM ölkələrinin hər il BMT Baş Assambleyasına çıxardığı "GUAM məkanında həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri" qətnamə layihəsi əhəmiyyətli və müntəzəm birgə təşəbbüsüdür", - Altay Əfəndiyev bildirib.

Münaqişələrin həlli baxımından GUAM-ın mövqeyi önəmli olsa da, onun imkanları kifayət qədər məhduddur,

GUAM Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Rasim Musabəyov belə hesab edir.

Onun sözlərinə görə təşkilata dair "realistik olmaq lazımdır", çünki o, vahid siyasi platformada ümumi mövqedən çıxış etmək imkanı verir:

"Heç kim gözləmir ki, bütün üzv ölkələr birləşsə də, deyək ki, Ukrayna və Azərbaycanda münaqişələr öz həllini tapacaq".

GUAM MDB-yə qarşı

"BBC Azərbaycanca"ya danışan millət vəkili deyir ki, GUAM MDB-yə balans olub, onun güclənməsinə, SSRİ-nin yeni şəkildə yaranmasına yol verməməli idi və təşkilat bu vəzifənin öhdəsindən gələndən sonra bir növ öz strateji xəttini itirmiş oldu: "Baxın, Rusiya artıq MDB ideyasından uzaqlaşıb Avrasiya İqtisadi İttifaqını inkişaf etdirir."

Tbilisidə GUAM-ın 20 illik yubileyinə həsr olunmuş görüşdən sonra Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze deyib ki, üzv ölkələr arasında azad iqtisadi zonanın yaradılması istiqamətində bu ilin sonunadək irəliləyişin olacağı gözlənilir.

"Ötən 20 il ərzində GUAM ölkələri siyasi və iqtisadi əməkdaşlıq sahəsində müəyyən problemlər, çətinliklərlə üzləşiblər. Buna baxmayaraq, üzv ölkələr GUAM-ı etibarlı təşkilat kimi formalaşdırmağı bacardılar. İnanıram ki, GUAM daha güclü təşkilata çevrilə biləcək", deyən nazir təşkilatın gələcəyinə dair pozitiv olduğunu bildirib.

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili isə beynəlxalq arenada söz sahibi olmaq üçün GUAM formatında "qətiyyətli" addımların atılmasını məsləhət görüb.

Azad iqtisadi zona GUAM-ı canlandıracaqmı?

Mart ayında Kiyevdə Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova arasında müvafiq protokolların imzalanmasının ardınca Ukraynanın baş naziri Vladimir Groysman təşkilat tarixində "yeni səhifə"nin açıldığını deyib: "Biz GUAM çərçivəsində azad ticarət zonasının tətbiqini sürətləndiririk, nəqliyyat logistika üçün hansı imkanların olduğunu təhlil edirik".

Hərçənd ki, təşkilatın gələcəyinə dair optimizmi bölüşməyən rusiyalı təhlilçilər iqtisadi təşəbbüsün kağız üzərində qalacağını düşünürlər.

"GUAM Rusiyanın nüfuzunu azaltmaq üçün ölü doğulmuş təşkilatdır. Onu iqtisadi təşəbbüslər vasitəsilə canlandırmaq mümkün olmayacaq", - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Hərbi-Siyasi araşdırmalar mərkəzindən ekspert Mixail Aleksandrov deyir: "Bu dövlətlərin əsas iqtisadi partnyoru Rusiyadır. Belə bir şəraitdə öz aralarında azad iqtisadi zona barədə danışmaq siyasətdən başqa bir şey deyil. Bu ölkələrin bazarları birləşsə belə kiçik həcmli qalacaq".

David Darçiaşvili isə hesab edir ki, GUAM-ın gələcəyi üzv ölkələrin daxili problemlərinin həlli ilə bağlıdır.

"Hazırda üzv ölkələrdə daxil çəkişmələr bu qurumun birliyini zəiflədir. Bu səpkidə korrupsiya qalmaqalına qərq olmuş Moldovanı misal çəkmək olar. Gürcüstanda qərbpərəst düşərgə Saakaşvilinin hakimiyyətdən getməsindən sonra xeyli zəifləyib. Hazırda ardıcıl qərbpərəst siyasətilə yalnız Ukrayna seçilir. Azərbaycan isə, Qərblə Rusiya arasında birmənalı seçim etməyib", ekspert əlavə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR