Şriftin ölçüsü / 825 dəfə oxunub

“Tarix İnstitutu da kitaba rəy verib!” - Qalmaqallı dərsliyin digər müəllifləri də danışdılar

10 Oktyabr 2017 [15:33]

Azərbaycanda tədrisi rus dilində aparılan orta məktəblər üçün X sinif "Всеобщая история” ("Ümumi tarix”) dərsliyi ilə bağlı yaranmış qalmaqal bir neçə gündür cəmiyyətin geniş müzakirəsinə səbəb olub.

Qalmaqala səbəb Qədim Roma imperiyasının xəritə toponimlərinin dərslikdə düzgün təsvir olunmamasıdır. Bu xəritədə yanlış olaraq uydurma "Böyük Ermənistan"ın ərazisinin təsvir olunması böyük əksəriyyəti hddətləndirib.

Təhsil Nazirliyi bildirib ki, həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki qüsur baş verib

Aşkarlanmış səhv dərsliyi çap edən "Şərq-Qərb” nəşriyyatı tərəfindən aradan qaldırılandan sonra onu yenidən nəşr edərək, məktəb kitabxanalarına təhvil veriblər.

Qeyd edək ki, qalmaqallı dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub.

Kitabın müəllifləri isə Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.

Qalmaqallı dərsliyin müəlliflərdin biri – Kamran Əsədov məsələylə bağlı artıq öz mövqeyini mətbuatda ifadə edib.

Mia.az xəbər verir ki, Modern.az saytı dərsliyin digər müəlliflərinin də mövqeyini öyrənməyə çalışıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşı, kitabın müəlliflərindən olan Faiq Babayev sayta açıqlamasında deyib ki, internet səhifələrində xəritə ilə bağlı yanlışlığa yol verilib.

"Dərsliyin Azərbaycan və Gürcüstan variantında səhv yoxdur. Ancaq "Armeniya” sözü rus variantında tərcüməçinin gözündən qaçıb. O söz xəritənin içində yanlış olaraq gedib. 

Digər bir məqam da var. İnternetdə yayımlanan xəritə tam deyil. Xəritənin bir hissəsidir. Görünür, bu, qərəzli şəkildə böyüdülüb. Kitabın həmin səhifəsinə baxsanızz, görərsiniz ki, aşağıda bənövşəyi rəngdə xətt verilib. Yazılıb ki, bu, Roma imperiyasının eramızın 116-cı ilinə aid olan ərazisidir. Həmin "Armeniya” yazılan hissədə müstəqil dövlət yoxdur. Roma İmperiyasının tərkibində bir əyalət kimi verilib. Dərslikdə qüsur olub. Təhsil Nazirliyi də onu danmır. Əgər dansaydı, 7000 tirajla kitabı yenidən çap etməzdi”.

Dövlət İmtahan Mərkəzinin və Təhsil Nazirliyinin eksperti, kitabın redaktoru, korrektoru və kitabın müəlliflərindən olan Niyaməddin Quliyev isə məsələyə daha kəskin reaksiya verib:

"Bu xəritə Roma İmperiyasının xəritəsidir. Həmin xəritə Azərbaycan dərsliklərində tədris olunub və X sinif dərsliklərində də verilib. Sadəcə olaraq, orada bütün əyalətlərin adı yazılmayıb. Rus versiyasında isə əyalətlərin bir neçəsinin adı yazılıb. 

Orada bədnam ölkənin adı yox, əyalətin adı göstərilib ki, o da Van gölü ətrafında verilib. Dərsliklə bağlı qalmaqal tarix fənnindən xəbərsiz, ixtisası kitabxanaçı olanların yaydığı söhbətlərdir. İkincisi isə rus versiyasında belə nöqsanın getməsinə əmin deyiləm.

Dərslik Azərbaycan dilində yazılıb. Əgər öz dilimizdə Bakı yazırıqsa, rus dillində Baku yazılır. "Ərməniyyə” sözünün rus dilində necə getdiyini billmirəm. Hər halda, rus dilində "ə” hərfi yoxdur.

Haqqımızda nələrsə yazanlardan daha artıq vətənimizi sevirik. Burada nə dərslik, nə də hansısa xəritə söhbəti var. Bəllidir ki, bu kitabı yazan müəlliflərin heç biri mükafat almayıb. "İlin müəllimi” adını alanlar, dövlətdən nələrsə əldə edənlər ayağı büdrəyən kimi onun-bunun adına qara yaxmağa başlayır, nazirliyi günahlandırırlar…

Dərsliklər 2 ay ərzində ekspertlərin senzurasından keçir. Sonra Dövlət İmtahan Mərkəzində yoxlanır. Bu ekspertlər elə-belə adamlar deyil. Elmin ən yüksək yerində akademiya dayanır. AMEA-da Tarix İnstitutu var. Dərsliyə rəy almaq üçün onu 2 aylığa Tarix İnstitutuna təqdim ediblər. Bu qurumların heç birində vətənpərvər adamlar belə səhvi görmədi, amma kimlərsə nöqsan aşkarladı?!

Ciddi qurumların söz demədiyi dərsliyə kimsə söz deyir. Kitabın müəllifləri ilə üzbəüz oturub söhbət etsəniz, onların vətəni necə sevdiklərini görərsiniz. Görünür, əslini, kökünü gizlədib başqa işlər görmək istəyənlər var. Mənim rayonum işğal altındadır. Oturub ərazilərimizi erməninin ayağına yazıram?! Bunlar absurddur. Şagirdlərimə vətənpərliyi təbliğ edirəm. Bu cür məsələləri ortaya atıb insanları ləkələməsinlər. Biz o qədər imkanlı adamlar deyilik ki, kimlərləsə səs-səsə verək. Biz o imkanlı adamlara da bələdik, onların villalarının da sayını bilirik. Açıq deyirəm. Burada "dava yorğan davasıdır””.


SON XƏBƏRLƏR