Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri və qardaşı həbs edildi – Dövlət sirrini yayma ittihamı ilə

img

10-10-2017 [15:24]


Astananın Yesil rayon məhkəməsi Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş başçısının qardaşı Rustambek Dutbayevin iki ay müddətinə azadlıqdan məhrum edilməsi barədə sanksiya verib.

"Report” Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, o, dövlət sirrini yaymaqda ittiham olunur. R.Dutbayevin həbs müddəti noyabrın 27-də bitir.

Yesil rayon məhkəməsi Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş başçısı Nartay Nurtayeviç Dutbayev barəsində də həbs qətimkan qərarı qəbul edib. Onun həbs müddəti isə noyabrın 29-da başa çatır.

N.Dutbayevin ittiham olunduğu məsələlər açıqlanmayıb.

Bir müddət əvvəl isə dövlət sirrini yaydığı üçün onun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edildiyi barədə xəbər yayılmışdı. Məhkəmənin qərarına əsasən, komitənin keçmiş sədri ömürlük dövlət vəzifəsində işləməkdən də məhrum edilib. Bundan başqa, N.Dutbayev general-leytenant rütbəsi və dövlət mükafatlarından da məhrum olunub.

Qeyd edək ki, N.Dutbayev 1956-cı il yanvarın 7-də Qazaxıstanın Jambıl vilayətində doğulub. 2001-ci ilin dekabrından 2006-cı il fevralın 22-dək Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri işləyib. 2006-cı ildə komitənin "Arıstan” adlı xüsusi təyinatlı dəstəsi keçmiş baş nazir Altınbek Sərsenbaylının qətlində iştirak etdiyi üçün istefa verib. 2006-2008-ci illərdə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Akademiyasında rəis işləyib. 2008-ci ilin fevralında isə ölkə prezidenti Nursultan Nazarbayevin müşaviri vəzifəsində çalışıb. 2016-cı il dekabrın 26-da dövlət sirlərini yaymaq və vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinərək saxlanılıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR