Bərzanini yönəldən ABŞ senatoru: "Türklər Mosula diplomatları girov alınanda girə bilmədi, indi necə girəcək?" - Sensasion müsahibə

img

08-10-2017 [19:07]


İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzaninin qeyri-rəsmi məsləhətçisi olan ABŞ-ın keçmiş diplomatı və senatoru Peter Galbrayt Türkiyənin "Habertürk" qəzetinə gündəmlə bağlı çox maraqlı, hətta sensasiya sayılacaq müsahibə verib.

Mia.az həmin müsahibəni tərcümə edərək, oxuculara təqdim edir:

*****

Harada bir bölgə müstəqilliyini elan etsə, Vaşinqton səfir qiyafəsində ilk onu həmin ölkəyə göndərib. Xorvatiya müstəqilliyini ean edən kimi və ya Əfqanıstan kimi qaynar bir ölkəyə onun səfir təyinatının təsadüf olmadığı deyilir. Ancaq bu gün Yaxın Şərqdəki gərgin prosesləri analiz edən ekspertlər onu sözügedən ölkələrdəki səfir fəaliyyəti ilə deyil, Bərzaninin baş məsləhətçisi kimi İraq kürdlərinə çox yaxın diplomat olaraq gündəmdə saxlayır. Hətta bəziləri onu Mərkəzi Kəşfiyyat İdarəsiinin (MKİ) gizli və önəmli əməkdaşı kimi təqdim etməkdən də çəkinmir...  

Bəli, bu, Amerikalı keçmiş diplomat və senator Peter Galbraytdır. 

O, Ərbilin (Şimali İraq Kürd Muxtariyyətinin mərkəzi şəhəri) müstəqilliyini hazırda ən alovlu şəkildə dəstəkləyən amerikalı senatordur. Dəfələrlə ən mötəbər qurumlar tərəfindən təsdiqənmiş məlumata görə, o, həm də Iraqın işgalından bu günədək Bərzaniyə məsləhət verir. Və Bərzani onun cızdığı xətlə hərəkət edir.

Eyni zamanda, məhz Peter Galbrayt Qərbin bir çox iri şirkətlərini Bərzaninin nəzarətində olan bölgələrdəki zəngin neft yataqlarına çəlb etməyi bacarıb. Bəzi iddialara görə, Ərbil müstəqillik qazanarsa, ABŞ-ın oradakı ilk səfiri qismində də məhz Peteri görəcəyik... 

Türk mediası iddia edir ki, Prezident Ərdoğanın "Bölgədə yeni "Ərəbistanlı Lavrence"lər peyda olub" deyə, üstüörtülü mesaj verdiyi şəxslərin arasında Bərzaninin təsir altına salmış Peter Galbraytın da adı öndə gedir.

Beləliklə, Peter Galbraytla ünvanladığımız suallarla yaxın tarixin bəzi qaranlıq və eyni zamanda, maraqla izlənilən məqamlarına aydınlıq gətirməyə çalışdıq:  

- Etirazlara rəğmən, Bərzani referendum qərarından dönmədi. Nədən?

- Əgər bir dəfə qərar alıb, açıqlayırsınızsa, o (referendum) artıq xalqın ixtiyarında olur. Bir liderin tarixi açıqlanmış referendumu ləğv edə biləcəyi necə düşünülür, bunu anlamıram. "Kürd xalqının gələcəyi ilə bağlı səsvermə haqqı yoxdur" demək, demokratiyaya uyğun deyil.

- Referendum günü Ərbildəydiniz. Əminəm ki, kürd yetkililərlə görüşdünüz. Sonraki addımları nə olacaq?

- Hədəf bəllidir: müstəqillik. Bunun nə zaman olacağı isə Iraq mərkəzi hökumətinə bağlıdır. Təbii ki, bir geçid müddəti olacaq.

- Nə qədər sürər bu müddət?

- Bərzani "iki il" dedi. Bəzı ölkələrin müstəqillik prosesinə şahidlik etdim. Xorvatiyaya, Şərqi Timora göndərilən ilk ABŞ səfiri oldum. İki il məntiqli müddətdir. Məncə, kürdlərin qarşısında yalnız bir əngəl var, o da İraq mərkəzi hökumətdir. Türkiyə və İranın ortaq basqısı isə müstəqillik elanını önə çəkə bilər. 

Məsələn, Bərzani Bağdadın məzhəbçi olduğunu söylədi. Iraq necə izah verdi? Hava limanlarını qapatdı. İran və Türkiyə ilə işbirliyinə gedərək, quru sərhədlərini də bağlamaq təhdidini edir. Bu cür təzyiq və yanaşmalar kürdlərə Iraqın tərkib hissəsi olduqlarını göstərmək, hiss etdirmək üçün yaxşı bir yol deyil.

- Vaşinqton referendum və onun nəticəsini tanımadığını açıqladı...

- Təəccüblü bir hakimiyyətdən qəribə bir açıqlama oldu. Çünkü kimsə referendumun qanuniliyini sorğulamır. Burada bəlli ki, "seçkini tanımırıq" demək istədilər. Amma referendum demokratik bir prosesdir. Burada deyim ki, o açıqlamada Kürdistanla münasibətlərə nə qədər əhəmiyyət verildiyi də öz əksini tapıb. 

- Yaxşı, nədən belə bir açıqlamaya gərək duydular? Bundan sonra "ABŞ faktiki olaraq referendumu dəstəklədi, ancaq tarix məsələsinə etiraz edirdi" deyə bilərikmi? 

- Tramp və komandası zatən heç bir zaman ‘Referendumu keçirməyin" demədi. Sadəcə, "zamanlama doğru deyil" dedilər. Düşünürəm, komandadakı nüfuzlu biriləri Trampı məhz belə bir açıqlamanın verilməsinə inandırdı.

- Daha açıq soruşuram: ABŞ müstəqil Kürdistan istəyirmi?

- Məncə, ABŞ yaxın gələcəkdə müstəqil bir Kürdistan olacağını bilir. Hər kəs bunun qaçılmaz olduğunu görür. Xalqın 93 faizi "hə" dediyi üçün heç bir Kürdistan lideri geri addım ata bilməz.

- Bəziləri "Bərzani Bağdadla müzakirələrdə əlini güçləndirmək üçün referendumu keçirdi” deyir...

- Bunu söyləyənlər Kürdistanı, ya da Bərzanini çox yaxşı tanımırlar. Bərzani 71 yaşındadır və bütün həyatını müstəqillik planı üzərində qurmuş bir siyasətçidir. Üstəlik, heç bir nüfuzlu kürd siyasətçi də referenduma qarşı çıxmayıb.

- Bərzani Ankaradan bu qədər sərt bir təpki gözləyirdimi? 

- Xoşagəlməz təpki gələcəyini gözləyirdilər. Amma bu təpki gözlənilən nəticənin əksini doğurur. Bərzaninin ən yaxşı münasibətləri Türkiyə ilə idi. Ora getsəniz, Türkiyənin necə təsiri altında oduğunu görərsiniz. Bundan başqa, Bərzani və komandası İranın təsirindəki şiə Iraqın önündə bir baryerdir.

Suriya və Iraqdakı şiə təsirinin artmasını istəməyən bir liderin İran və rəsmi Bağdadla işbirliyi qurması, davam etdirməsi mənə məntiqli gəlmir.


Galbrayt və Fransanın sabiq xarici işlər naziri Bernard Koçner ötən il Rojava olarkən

"Türkiyə boru xəttini qapatsa, Ərbil böyük təzminat davası aça bilər"

- Prezident Ərdoğan Tehrana səfərindəı sonra "müstəqilliyə qarşı daha ciddi addım atılacaq" deyərək, ortaq razılaşması əldə olunduğunu bəyan etdi. Bundan sonra hansı addımlar gözləyirsiniz?

- Təbii ki, quru sərhədlərini bağlaya bilərlər. Əlbəttə, bu, Kürdistana zərər verir, ancaq bu qapatma Bağdadla Türkiyənin də ticarətinə zərər verəcək. Neft boru xəttinin qapadılmasından da danışılır. Amma ikili anlaşmada ‘Boru xətti siyasi səbəblərdən bağlana bilməz" deyilir. Xətt bağlanarsa,  Ərbil beynəlxalq məhkəmələrə gedər və ciddi məbləğdə təzminat qazanar. Belə də həm də əsas itirən Rusiya olar. Çünkü onlara neftin çox hissəsi əvvəldən satılıb. Bərzani hökuməti çoxdan pulunu əvvəlcədən də alıb.

- Türkiyə Şimali İraq Kürd Muxtariyyətinin müstəqilliyini varlığına təhdid görür. Bu baxımdan iqtisadı qazancın ikinci planda olduğunu demək mümkündürmü?

Təbii ki, mümkündür, amma Türkiyə hazırda mənim bildiyim halından daha gücsüz durumdadır. Bəli, Türkiyə NATO-dakı ən önəmli güclərdən biri olmaqla yanaşı, bölgə üçün bir sabitlik mərkəzidir.

Kürdistan da yeni bir şey deyil ki... 26 ildir oradadır. Öz ordusu, sərhədləri, ticarəti var. De-fakto bir müstəqillikdən indi gerçək bir müstəqilliyə keçişdən bəhs edirik. Bu, Türkiyə üçün ciddi bir təhdidmi? Nədən təhdid olsun ki?

Ərbil heç bir zaman Türkiyə üçün təhdid olmadı. Əksinə, PKK-ya qarşı müttəfiq oldu. Əgər Türkiyənin məqsədi Bərzani hökumətini PKK-nın qucağına itələməkdirsə, Ərbili belə daha artıq sıxışdıra bilər. Çünki Ərbilin ən son istədiyi Öcalanın bölgələrində gücə çevrilməsidir.

- Türkiyənin ehtiyat etdiyi də budur: Ərbillə Suriyadakı kürd bölgələri müstəqil olduqdan sonra birləşib Türkiyəyə qarşı ərazi iddiası irəli sürə bilərlər. Buna necə baxırsınız?

- Türkiyə bu birləşməni istəmir, ancaq faktdır ki, Rojava və Ərbil liderləri bir-birini kənara itələyir. Bu baxımdan Türkiyənin bu narahatığının heç bir anlamı yoxdur. Çünki iki tərəf bir-birinə düşməndir. Üstəlik və ən əsası isə, bu iki bölgənin hərbi, iqtisadi və digər imkanları Türkiyənin yanında çox-çox zəifdir. Məncə, buna görə narahatlıq gülüncdür.

"Bərzani PKK ilə buzları əritməz"

- Bəs, Bərzani qarşıdakı illərdə PKK ilə buzları əridərmi?

- Zənn etmirəm. PKK və Ərbilin dəyərləri bir-birindən çox fərqlidir.

- Suriyada yaxın zamanda müstəqil bir kürd bölgəsi yarana bilərmi? 

- Xeyr.  Son 3 il ərzində Rojavaya 10 dəfə getdim. Məncə oradakıların məqsədi  müstəqil Kürdistan qurmaq deyil. Suriyadakı kürdlər federal bir Suriyanın parçası olaraq qalmaq istəyir.

- Amma Türkiyə belə bir bölgəni təhdid olaraq görür.

Bunu anlayıram. YPG PKK-dan fərqlidir, amma çoxlu əlaqələri var. Ərdoğan zamanında PKK-yla barış istədi. Amma bu barış prosesinin kürdlər tərəfindən bir kənara atılması tragediya oldu. Ərdoğan kürdlərə haqq vermə məsələsində heç bir liderin etmədiyini etdi. 

- Müstəqillik məsələsinin mərkəzində Kərkük də var. Türkiyə və ya Iraq bura hərbi müdaxilə edərmi? 

- İraqın bunu edəcək ordusu yoxdur. Nə və ya necə ordusu olduğunu 2014-cü ildə İŞİD Mosula girəndə gördük.

"TÜRKİYƏ MOSULA HƏRBİ MÜDAXİLƏ ETMƏZ”

- Bəs Türkiyə? Ankara anlaşmalardan doğan haqlarını tez-tez xatırladır...

- Türkiyə o anlaşmaları İŞİD Mosula girəndə, diplomatlarını girov götürəndə belə, hərəkətə gətirmədi. İndi necə girəcək? Digər yandan, Türkiyə ölkə xaricinə çox da əsgər göndərib, müdaxilə edən bir ölkə deyil.

- Ortada Kipr faktı var. Yaxın tarixə baxsaq, Suriyada "Fərat qalxanı" əməliyyatı da var.

- Hmmm, yaxşı... (gülür). "Fərat qalxanı" məhdud əməliyyat idi. Lakin Rojava, ya da Kərkükə ediləcək hər hansı bir hücum böyük savaşı özü ilə gətirər.

- Ərdoğan "Modern Ərəbistanlı Lavrencelər var” dedi. Türk mediasında bu "Lavrence"lərdən birinin siz olduğunu iddia etdi. Nə deyirsiniz bu iddiaya?

- Mənim adım Peterdir (gülür). Əslində, bu, nəzəri diplomatiya baxımından gözəl bir ifadədir, amma heç bir tarixi və real əsası yoxdur.

"RUSİYANIN IRAQLI KÜRDLƏRLƏ TARİXİ BAĞI VAR"

- Rusiya referendum prosesində "Iraqın torpaq bütövlüyünü dəstəkləyirik" sözündən başqa heç nə demədi. Sizcə, Moskvanın mövqeyi necədir? 

- Rusiyanın Iraqlı kürdlərlə tarixi bağı var. Unutmayın, Bərzaninin atası Molla Mustafa İranda qurulan kürd dövlətinin dağıdılmasından sonra Moskvaya gedib, uzun illər orada yaşayıb. Digər yandan, Rusiya Krımda, Osetiyada da ayrışmaya dəstək verən ölkədir.


Peter Galbrayt 1990-larda Iraqlı kürdləri ziyarət edərkən...

"TRAMP MƏNİ ƏRBİLƏ SƏFİR GÖNDƏRMƏZ, ÇÜNKÜ MƏNCƏ O BİR MORON (Azərbaycan dilinə tərcümədə "Moron" sözü  "GERİZƏKALI", "GİCBƏSƏR" mənasını verir)"

- Kürdlər müstəqil olarsa, ABŞ-ın Ərbildəki ilk səfiri kimi sizin adınız hallanır...

-  Bu, mümkün deyil. Çünkü səfir təyinatlarını ABŞ prezidenti aparır. Və mənim Trampla bağlı fikirlərim Dövlət Katibinin düşüncəsi ilə üst-üstə düşür, yəni eynidir.

- Yəni prezidentin moron (gerizəkalı-red) olduğunu düşünürsüz?

(Gülür)Şərhi artıq sizə buraxıram.

"ÖCALANLA GÖRÜŞƏ BİR NEÇƏ SAAT QALMIŞ, O, ROMADAN AYRILDI"

- 1999-cu ildə Abdulla Öcalanla Romada görüşdüyünüz deyilir. Bu, doğrudurmu?

- Xeyr. Görüşəcəkdim, ancaq görüşdən bir neçə saat əvvəl o, Romanı tərk etdi.

- Yaxşı, görüşünüzün məqsədi nə idi?

- O vaxt ABŞ hökumətində rəsmən təmsil olunurdum. Eyni zamanda, unversitetdə də müəllim idim. Öcalanla görüş üçün rəsmi tapşırıq olmamışdı. Öz məqsədim üçün görüşmək istədim. PKK o vaxt böyük məğlubiyyətə uğramışdı. Savaşın dayanması ABŞ-ın maraqlarına tam uyğun idi. Amma savaş yenidən alovlandı.

- Başa düşürəm, ancaq Öcalanla niyə söhbət etmək istədiniz? Onu təslim olmağa inandırmaq üçünmü?

- Onu dinləmək istədim. Ki, anlaşma üçün bir zəmin varmı? Təbii ki, alınardısa, qalib tərəf Türkiyə olacaqdı. Mən sadəcə o görüşlə anlaşma zəmininin olub-olmadığını görmək istəyirdim. Ancaq dediyim səbəbdən görüş alınmadı.

- Razılaşarsınız ki, ABŞ-ın bir diplomatı Öcalanla görüşməyə gedərsə, bunun rəsmi tərəfi daha çox görünər. Yəni indi söylədiklərinizə inanmaq bir az çətindir.

- İstəyən inanar, istəməyən yox. Amma gerçək belə olub. Təbii ki, o vaxt görüş istəyimdən rəhbərlik məlumatlı idi. Onlar görüşdən sonra nələri müzakirə etdiyimizi eşitmək istəyirdiər. Lakin dediyim kimi, görüş alınmadı...

Yeri gəlmişkən, mənim kəşfiyyatçı olduğumu düşünən türk ictimaiyyətinə bunu da xatırlatmaq istəyirəm: Xorvatiyada səfir olduğum dövrdə türk silahlarının Bosniyaya girməsini təmin  edən mən olmuşam. Mən, o zaman ABŞ prezidentini buna inandırıb, razı saldım...

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR