"Zakir Fərəcov əsəbləşib dedi ki,.." - “AAAF Park”ın rəhbərindən icra başçısına şok ittihamlar

img

25-09-2017 [10:50]


"AAAF Park” rəhbəri Tofiq Heydərov həbs olunması və şirkətdə yoxlamaların aparılması barədə yayılan xəbərlərin arxasında kimlərin dayanması ilə bağlı sosial şəbəkədə açıqlama yayıb.

Qafqazinfo.az-ın məlumatına görə, T.Heydərov bildirib ki, həmin adamlar "AAAf Park”da gözü olan şəxslərdir:

"İlk şübhələndiyim şəxs Abşeron rayonun keçmiş icra başçısı Zakir Fərəcovdur. O, sənədlərimizdə və AAAF yazısın üzərində "Mülk Allaha məxsusdur” sözünün yazılmasının səbəbkarıdır. Onun haqqında elə faktlar və məlumatlar var ki, özüm hər dəfə baxanda şoka düşürəm. 2001-ci ildə, o vaxtkı icra başçısı bizə ağır atletika zalı, obyektlər və həyət evləri tikmək üçün xeyli torpaq sahəsi ayırdı. Tez bir zamanda gözəl işlər görə bildik, yaxşı pul qazandıq. Aylıq gəlirim 50 min manatı keçmək üzrə olan vaxt Zakir Fərəcov icra başçısı təyin olundu. İlk olaraq bizim evlərin tikintisini dayandırdı, iki ay sonra evləri sökməyə başladı. Polis rəisi məni tutmaqla hədələyib, xeyli müddət şöbədə saxladı. Prezidentə müraciət yazıb bir nüsxəsini başçıya verdim. Qorxduğum üçün belə etdim, prezidentə göndərməyi özümə sıığışdırmadım.

Nəisə, uzun olmasın, 300 min manat ziyana düşdüm, ən çətini isə sakinlərə çıxarış verə bilmədim. Bir həftəyə 100 manata başa gələn çıxarış 2 ilə 3500 manata güclə düzəlirdi. Çıxarış verə bilmədiyim üçün fikirləşib bir yol tapdım. Çıxarışa oxşar müqavilələr hazırlayıb üzərinə "Mülk Allaha məxsusdur” yazdım. Kim çıxarış istəyirdisə, deyirdim bu dünyada heç bir şey bizə aid deyil. Hamı da razılaşıb təşəkkür edirdi”.

İş adamı T.Heydərov deyib ki, Zakir Fərəcov həmin ərazini Beynəlxalq Bankın əlindən almaq istəyib: "AAAF-I tikməyə başlayanda fikirləşdim ki, bunu əlimdən almaq istəyəcəklər. Ona görə parkın hər yerinə Quran ayəsini vurdurdum. Sərəncam almaq üçün gedəndə Zakir Fərəcov əsəbləşib dedi ki, "mən oranı bankdan alacaqdım və 200 milyon pul qazanacaqdım”. Sərəncamı alıb işə başladım. Zakir müəllimin "Heydər parkı” ilə üzbəüz yeri var idi, oranı almağı mənə təklif etdi. Dedim satmağa ehtiyac yoxdu, orada mən sizin üçün tikinti apararam, ən azı 30 milyon qazanc götürüb şəhərin inkişafına xərcləyərsiz. 5 milyona satdığı bu torpaqdan mənim bu qədər qazanc çıxaracağıma inanmırdı”.

T.Heydərov bildirib ki, hazırda Sumqayıtın icra başçısı olan Z.Fərəcov "Sevil Massivi” və "AAAf Park”ın "torbasını tikib”: "Bankdan götürdüyüm kreditlərlə öz şirkətim adına kompleksi tikməyə başladım. Çox çətinliklərlə qarşılaşdım, 30-dan çox məcburi köçkünə 3 otaqlı təmirli evlər verdim. Bir də baxdım ki, bu adam bunun üçün bu qədər iş gördüyüm halda "Sevil Massivi” ilə birgə mənim də torbamı tikib.

Zakir Fərəcov üçün 70 min kvadratmetrdən artıq tikinti inşa etdim, gözəl də satış oldu. Əvəzində icra hakimiyyəti tərəfindən "AAAF Park”a müdaxilələr dayanmadı ki, dayanmadı”.

Qeyd edək ki, bir neçə gün öncə "AAAF Park” Yaşayış Kompleksinin rəhbəri Tofiq Heydərovun saxlanılması və prokurorluq əməkdaşlarının yoxlama aparması barədə məlumatlar yayılsa da, sonradan rəsmi qurumlar və adıçəkilən şirkət tərəfindən təkzib edilib.

"Qafqazinfo”

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq