"Xalq heç vaxt hökumətdən razı qalmayacaq" - Partiya sədri

img

22-09-2017 [14:20]


"Guardian” qəzetində ölkəmizlə bağlı yer alan 3 milyardlıq ittiham, habelə "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevlə bağlı yaşanan olaylar və s. istər media, istərsə də cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilib.

Moderator.az -a açıqlamasında məlum məsələləri şərh edən Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev baş verənlərə görə məmur təbəqəsini ittiham edib:

"Öncə onu qeyd edim ki, bu vaxta qədər kimin haqqında hansı fikir səsləndirmişiksə, zaman gəlib çatanda həmin fikirlər öz təsdiqini tapıb. Bu gün hakimiyyətdəkilərin bir çoxu ölkə başçısına xəyanət yolunu tutub. Ölkəmizdə bir dişinin müalicəsinə 10 milyon, ürəyini dəyişdirməyə 20 milyon verən məmurlar var. Biz onları müdafiə edə bilmərik. Bu gün ölkədə elə bir vəziyyət yardıblar ki, bütün çatışmazlıqları bir nəfərin üzərində fokuslaşdırmaq istəyirlər. Son günlər aktuallaşan 3 milyardlıq qalmaqala diqqət yetirin. Bu işləri ayrı-ayrı nazirlər, məmurlar həyata keçirib. Lakin onların adı çəkilmir, əvəzində birinci şəxsin üzərinə hücum edilir. Mənsə birinci şəxsi müdafiə etdiyim üçün böyük təpgilərə məruz qalıram.

Bu gün İlham Əliyevə qarşı xəyanət yolu tutan insanların çoxu vəzifədədir. Onlar ölkəni qınaq obyektinə çeviriblər. Hansı ki, beynəlxalq tədbirlərdə bu qınaqları birinci şəxsin diqqətinə çatdırırlar. Bu şəxslər insan haqları, demokratiya ilə bağlı götürdükləri öhdəliklərin üstündən xətt çəkiblər.
Prezidentin özü Qazaxıstandan qayıdandan sonra Turan İnformasiya Agetliyinin rəhbərini həbsdən buraxdırdı. Bildirdi ki, mən bu haqda burda məlumat almışam. Sual meydana çıxır, niyə ölkə başçısı bu haqda Azərbaycanda məlumat alıb? Niyə köməkçiləri ona düzgün məlumat çatdırmır? Deməli, ortada başqa məsələlər var. Özünüz də şahid oldunuz ki, "Turan”la bağlı məsələyə görə Azərbaycana nə qədər basqı oldu. Avropa Şurasından bizim çıxmağımız məsələsi qoyulub. ABŞ sanksiya məsələsini gündəmə gətirib. Böyük Britaniyanın baş naziri bu məsələni nəzarərə götürüb və s. Bunları edənlər pula susamış məmur təbəqəsidir.

Nə qədər ki, bu "qocalar evi” var, onların qohum-əqrabası var, Azərbaycan bu gündə olacaq və xalq heç vaxt hökumətdən razı qalmayacaq.

Azərbaycana qarşı azacıq bir təzyiq başlayan kimi, məmur təbəqəsi ölkə başçısını günahlandırır. Mən birinci şəxsə əsla günah görmürəm. O, çoxsaylı problemlərin həlli ilə məşğuldur. Onun baş verənlərdən xəbəri yoxdur. 3 milyard məsələsində baş nazirin müavininin adı hallanır. Niyə Yaqub Eyyubovun, onun oğlunun adı çəkildiyi halda, baş verənləri ölkə başçısının adına çıxırlar? Prezident özü də dedi ki, bundan xəbərim yoxdur. Amma xəbəri olanlar ortadadır. Biz birinci şəxsi düşünməli, onu qorumalıyıq. Əgər birinci şəxsi yox, ikinci, üçüncü, dördüncü adamları qorusaq, o zaman dövlətçiliyimiz təhlükə altına düşəcək. Düşmələrimiz çoxdur və bu düşmənlərin qarşısını almaq üçün Hafiz Hacıyev öz mübarizəsini davam etdirir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR