İki erməni deputat Bakıya gəldi - Konfransa görə + FOTO (Yenilənib)

img

21-09-2017 [21:49]


Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan artıq Bakıdadır.
 
APA-nın xəbərinə görə, bu barədə Ermənistan parlamentinin rəsmi "Facebook” səhifəsində məlumat qeyd edilib.
 
Xatırladaq ki, erməni deputatlar sentyabrın 22-də Bakıda keçiriləcək "Avronest” Parlament Assambleyasının iclasında iştirak edəcəklər. Erməni nümayəndə heyətinin Azərbaycana səfəri sentyabrın 23-də başa çatacaq. Nümayəndə heyətinin tərkibində Armen Aşotyanın köməkçisi Aram Barseqyan da yer alıb. 

***


Milli Məclisdə sabah keçiriləcək "Avronest" Parlament Assambleyasının (PA) konfransında Ermənistan parlamentinin deputatları Armen Aşotyan və Mane Tandilyan da iştirak edəcək.
 
Bu barədə APA-ya Milli Məclisin deputatı, Azərbaycanın "Avronest" PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradov bildirib.
 
F. Muradov erməni deputatların Bakıya nə vaxt gələcəyi barədə isə məlumatsız olduğunu deyib.
 
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu da APA-ya bildirib ki, onda erməni deputatların Bakıya gəlib-gəlmədiyi barədə dəqiq məlumat yoxdur: "Məndə olan məlumat odur ki, erməni deputatların sabahkı tədbirdə iştirakı gözlənilir”.
 
Qeyd edək ki, sentyabrın 22-də Bakıda "Avronest" PA çərçivəsində "3 və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Şərq Tərəfdaşlığı Ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin rolu” mövzusunda konfrans keçiriləcək. Tədbir Azərbaycan Milli Məclisi, "Avronest" PA-nın Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsi, BMT-nin Bakı Ofisi və Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun birgə təşkilatçılığı ilə baş tutacaq.  
 
Tədbirdə Avropa Parlamentinin və "Avronest" PA-nın üzv ölkələrinin deputatları, BMT-nin nümayəndələri, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun  Parlamentlərarası İttifaqın təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR